Brüsseldə ABŞ-Avropa İttifaqı və Ermənistan arasında baş tutan görüşlə bağlı fərqli yanaşmalar var. Ümumiyyətlə, bu görüşlə bağlı məsələlərin müzakirəsini Rusiyanın öhdəsinə buraxmaq lazımdır. Təbii ki, bu, Azərbaycana təsir edən görüş idi. Müəyyən qərarların Bakıya təsir edəcəyi istisna olunmur.
Bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.
O qeyd edib ki, Brüssel görüşü bütövlükdə antirusiya tədbiri idi:
“Ermənistanın Rusiyanın təsir dairəsindən çıxarılması məqsədi var. Rəsmi İrəvanın buna nə qədər nail olacağını proqnozlaşdırmaq çətindir. Azərbaycan da istənilən situasiyaya hazır olmalıdır. Ermənistanın Qərblə münasibətlərinin inkişafı və dayanması üçün təsir imkanları Azərbaycanda yoxdur. Bakı ancaq bölgədəki real vəziyyətə nəzarət edir”.
Partiya sədri hesab edir ki, proseslərin Rusiya-Ermənistan məsələsi kimi yönəlməsi maraqlıdır:
“İki dövlət hazırda mövqelərində müəyyən qədər dirəniş göstərir. Moskvanın Ermənistanı sərbəst buraxmaq niyyəti yoxdur. İrəvan da Rusiyaya qarşı kəskin mövqe sərgiləməkdən çəkinir. Azərbaycan isə Ermənistanın daha praqmatik siyasət izləməsi üçün təkliflərini təkrarlamalıdır”.
Fazil Mustafaya görə, Azərbaycan öz maraqlarına uyğun olan tələbləri intensivləşdirməlidir:
“Lazım olanda isə onun gerçəkləşməsi üçün qəti və birmənalı addımlar atılmalıdır. Bu kontekstdə Brüssel görüşü ABŞ-Qərb və Rusiya arasında olan ziddiyyətin mahiyyətinin nümayişi idi. Onların hansı addımı atacağını diqqətlə izləmək lazımdır”.