Ermənistanın hərbi təlimlər adı altında silahlı qüvvələri, hərbi texnikanı Azərbaycanla şərti sərhəd xəttində toplaması heç də təsadüfi deyil. Son günlər ardıcıl olaraq erməni tərəfi müxtəlif istiqamətlərdə təxribatlara əl atır. Uzun sürən sakitlik fonunda yenidən iki ölkənin şərti sərhəddində silah səsləri eşidilir. Amma bunun genişmiqyaslı eskalasiyaya keçməsi mümkünsüzdür.
Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.
O qeyd ki, burada Ermənistanın əldə edəcəyi heç nə yoxdur:
“Azərbaycan da Ermənistana qarşı ərazi iddiasında deyil. Bakı hələ də işğalda qalan 8 yaşayış məntəqəsinin azad edilməsini tələb edir. Bu yaşayış məntəqələrindən dördünün, yəni anklav olmayan kəndlərin təhvil verilməsi təmin edilməli idi. Ermənistan isə hələ də məsələni uzadır”.
Polkovnik bildirib ki, Ermənistanın Azərbaycan-Türkiyə və İran sərhədlərini Rusiya sərhədçiləri qoruyur:
“Bu ölkənin sərhədlərini özü qorumadığı halda təxribatın baş verməsi çox maraqlıdır. İrandan Ermənistana silah daşınması ilə bağlı xəbərlər yayılır. Fakt odur ki, İran Ermənistana Rusiya üçün pilotsuz uçuş aparatları, hərbi avadanlıqlar daşıyır. Rusiya da çox rahat şəkildə bundan faydalanır. Bəziləri isə deyir ki, Ermənistan Ukraynanın, Suriyanın yolunu gedir. Əsl həqiqətlər isə kənarda qalır”.
Hərbi ekspert hesab edir ki, Ermənistanın Azərbaycana qarşı hərbi müstəvidə addım atmaq gücü yoxdur:
“Naxçıvan istiqamətində belə Ermənistanın nəsə etməsi absurddur. 44 günlük müharibə vaxtı belə Ermənistan Naxçıvan tərəfə baxmadı. Çünki Naxçıvanın təhlükəsizliyi təkcə Azərbaycanın üzərində deyil. Qars müqaviləsinə əsasən bu, eyni zamanda Türkiyənin məsuliyyətinə aiddir”.
Üzeyir Cəfərova görə, indiki məqamda Azərbaycana hücum etmək Ermənistan üçün ölümcül zərbə almaq deməkdir:
“Azərbaycan Prezidenti də bəyan etdi ki, Ermənistana qarşı hərbi müstəvidə heç bir plan yoxdur. Amma Ermənistanın təxribatları cavabsız qalmayacaq. Bu il fevralın 7-də baş verən təxribata qarşı da Azərbaycanın cavabı sərt oldu. Hələ də həmin erməni terrorçuların, “yerkrapa”nın sərhədə gəlib, necə atəş açdığı aydınlaşmayıb”.