Böyük Britaniya da Rusiyadan siyasi-hərbi asılılığını azaltmağa çalışan Ermənistan hökuməti ilə əməkdaşlığa maraq göstərir.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert İrəvan-London əlaqələrindəki son gəlişmələrə diqqət çəkib:
“Ermənistanın Böyük Britaniyadakı səfirliyinə hərbi attaşe təyin etməsi o deməkdir ki, İrəvan bu ölkənin də hərbi texnikalarına maraq göstərir. Ümumiyyətlə, Ermənistan hökuməti İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycanın tərəfdaşları ilə təmasları genişləndirib. Ermənistan rəsmilərinin tez-tez Londona səfərlərini bu siyasətin tərkib hissəsi kimi qeyd etmək olar.
Azərbaycan müstəqilliyini qazandıqdan bəri Britaniya ilə tərəfdaşlıq münasibətləri qurub, London digər Qərb paytaxtları kimi Azərbaycanı narahat edən siyasət aparmayıb. Bakıda bunu müsbət qiymətləndirirlər. Ancaq Londonun əbədi müttəfiqləri yoxdur, əbədi maraqları var. London da bu maraqları çərçivəsində Rusiyadan siyasi-hərbi asılılığını azaltmağa çalışan Ermənistanın hazırkı hökumətiylə əməkdaşlığa maraq göstərir. Baş nazir Nikol Paşinyan bu maraqdan faydalanmağa çalışır.
Ermənistan haradan mümkündürsə, oradan silah və hərbi texnika almağa səy göstərir. Əlbəttə, London Ermənistanla hərbi əməkdaşlıq edərkən Azərbaycanın maraqlarını nəzərə alacaq. Buna baxmayaraq, İrəvan Fransa, İran və Hindistanla yanaşı, Britanyadan da nəsə almağa çalışacaq, bu, alınmadıqda Britaniya hərbçilərini Ermənistan ərazisində birgə hərbi təlimlərə cəlb etməyə cəhd göstərəcək”.