Ermənistan və Gürcüstanda baş verənlərin arxasında eyni qüvvələr dayanır.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Areq Koçinyan deyib.
Onun sözlərinə görə, Gürcüstanda baş verən proseslər bu ölkəni Avro-Atlantik trayektoriyadan yayındırmaq cəhdləridir:
“Burada təkcə Rusiya yox, Çinin də iştirakını görürəm. Gürcüstan Çinin Orta dəhliz layihəsinin tərkib hissəsidir. Plana görə, Orta dəhliz Çindən Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstana, oradan da Qara dəniz vasitəsilə Avropaya uzanmalıdır. Bu baxımdan, Çinin Tiflisdəki proseslərdə iştirakı və Avro-Atlantik inteqrasiyanın qarşısının alınması kifayət qədər böyük problemə çevrilə bilər. Amma bu, Çin üçün vacib məsələdir”.
Koçinyan hesab edir ki, Gürcüstanın Qərbə inteqrasiyada geri addım atması Ermənistana ciddi təsir göstərə bilər:
“Gürcüstan Ermənistan üçün Avro-Atlantik inteqrasiya yoludur. Nəzəri olaraq, Ermənistan-Türkiyə münasibətləri tənzimlənərsə, Türkiyə də belə bir yola çevrilə bilər, amma hazırda yalnız Gürcüstandır. Gürcüstanda müəyyən dəyişiklik baş verərsə, bu, ən azı Ermənistan üçün fəlakətli gəlişmə olardı.
Hazırda Ermənistan və Gürcüstanda baş verənlər eyni şeydir. Bu, Gürcüstanda hakimiyyət vasitəsi ilə baş verirsə, Ermənistanda da müxalifətlə eyni şeyə cəhd edilir. Bu hərəkata xidmət edən qüvvələr Rusiyanın maraqlarına xidmət edir. Rusiya Ermənistan-Azərbaycan delimitasiya prosesində maraqlı deyil, buna qarşıdır. Çünki bu durumda eskalasiya ehtimalı azalır ki, bu da Rusiyaya qətiyyən lazım deyil. Deməli, eyni qüvvələrdir, eyni şey baş verir”.
Politolqun fikrincə, Ermənistan mümkün təhlükələrdən yayınmaq üçün digər addımlarla yanaşı, tezliklə Azərbaycanla sülh müqaviləsinin imzalanmasına nail olmalıdır.
Koçinyan vurğulayıb ki, Ermənistan üçün ən böyük təhlükə Azərbaycan və Türkiyə yox, Rusiyadır. Eyni zamanda, onun sözlərinə görə, təhlükəsizliyin gücləndirilməsi üçün Rusiyanın Ermənistandakı təsir alətləri tədricən azaldılmalı, bütün dövlət strukturlarında ciddi islahatlar aparılmalı, Serj Sərkisyan və Robert Köçəryanın rəhbərlik etdiyi keçmiş hakimiyyətlərin nümayəndələrinin qanunsuz sərvətlərinin müsadirəsi davam etdirilməli, addım-addım KTMT, Avrasiya İqtisadi Birliyi və MDB-dən çıxılmalıdır.
“Bu addımları atmasaq, Robert Köçəryan və Serj Sarkisyanın hakimiyyətləri dövründə olduğu kimi, Rusiyanın itaətkar əlaltıları olacağıq, bizdən tələb olunan hər şeyi edəcəyik. Rusiya üçün sistem belə işləyir: sən çarı razı salmağa çalış, çar da səni cəzalandırmasın”, – Koçinyan əlavə edib.