6 İyun 14:42
758
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Baydenin son bir neçə ildə Azərbaycana göndərdiyi məktublarda ikitərəfli münasibətlər, əməkdaşlıq, xüsusilə də enerji sahəsində təhlükəsizlik məsələlərinə həmişə vurğu edilib.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

O bildirib ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Baydenin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə 4 iyunda göndərdiyi məktubunda əlaqələr, münasibətlərdə daha da irəliyə doğru addımlar atıldığını deyə bilərik:

“Məktubda Azərbaycanın dünya enerji təhlükəsizliyində xüsusi rolu vurğulanıb. Regional sülhə və sülh müqaviləsinin imzalanması ilə bağlı məsələlər önə çəkilib. Baydenin məktubundan belə bir fikir yaranır ki, Azərbaycan Güney Qafqaza məsuliyyət daşıyan dövlət kimi önə çəkilir. Bu, olduqca vacib bir məqamdır. Görünən odur ki, ABŞ də Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı yaratdığı reallıqları artıq qəbul edir. Artıq Azərbaycanın ərazi bütövlüyünü tam mənası ilə dəstəkləyir və bunu qəbul edir. Bunun da göstəricilərindən biri azad olunmuş Şuşaya Amerikanın Azərbaycandakı səfirinin gedişi oldu. Səfir Şuşaya da getdi və paylaşımlar etdi. Bu da ABŞ-nin siyasətində ciddi dönüş yox, müəyyən korrektələrin olması deməkdir. Yəni Azərbaycanın həm Orta Asiya ilə Avropanı bağlayacaq əsas qovşaq olması, Orta dəhlizin ölkəmizdən keçməsi, hazırda tam müasir standartlara cavab verən kommunikasiyaların mövcudluğu, coğrafi mövqeyi, güclü ordusu və müstəqil xətt yeridən dövlət kimi rolu ciddi şəkildə artır. Hesab edirəm ki, Baydenin məktubunda məhz bu nüansları nəzərə alır və ABŞ öz siyasətində bu amillərə diqqət edir”.

Oqtay Qasımov bildirib ki, ABŞ və ya digər supergüclər istəyər ki, Cənubi Qafqazdakı sülh prosesində müəyyən işlər görsün:

“Bu proses gələcəkdə bölgədə rolunun artmasına gətirib çıxaracaq məsələ olduğu üçün, ABŞ-də təbii olaraq Güney Qafqazda hazırda sabitliyin olmasında maraqlı olmalıdır. Çünki özünün qlobal siyasətində bu vacib elementdir. Güney Qafqazın sabitliyi gələcəkdə Orta Asiya ilə ABŞ-nin əməkdaşlığı üçün də vacib bir faktordur. Güney Qafqaz artıq dünyanın ən önəmli nəqliyyat qovşaqlarından birinə çevrilir ki, buranın da əsas seqmenti Azərbaycan faktorudur. ABŞ bu sülh prosesinin sürətlənməsində prinsipcə maraqlı olmalıdır. Qarşıdan Amerikada prezident seçkiləri gəlir. Bu yarışlara qatılan Bayden administrasiyasının seçkilərdə əlində təbliğat üçün Azərbaycan-Ermənistan arasında sülhün əldə olunması faktı ola bilər. Son dörd ildə Bayden administrasiyası xarici siyasətdə böyük uğurlar əldə etməyib. Bu sülh müqaviləsinin bağlanmasında ABŞ-nin iştirakı məhz seçkilərdə Baydenə ciddi uğur gətirə bilər".


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər