8 İyun 19:36
290
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın xarici siyasətində türk dövlətləri ilə əlaqələrin daha möhkəmləndiriliməsi və Türk dünyasının gücləndirilməsi prioritet istiqamətlərdən biridir. Bu baxımdan iyun 6-da keçirilən TÜRK PA-nın növbəti iclası türk dövlətlərinin birliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev iştirakçıları qəbulu zamanı çıxışında Türk dünyasının birliyi və bu ailənin daha da güclənməsi baxımından olduqca vacib məqamlara toxunub, önəmli mesajlar verib.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

O qeyd edib ki, türk dövlətlərini bir-birinə əsrlər boyu mövcud olan ortaq mədəniyyət, soykök və tarixi əlaqələr bağlayır: “Dünyada 200 milyona yaxın türk mənşəli insan yaşayır. Dünya sivilizasiyasına böyük töhfələr vermiş, çoxlu dövlətlər, imperiyalar yaratmış türk xalqları bəşəriyyətə dahi alimlər, mütəfəkkirlər də bəxş edib. Dünyada gedən qloballaşma fonunda türk xalqlarının öz mədəniyyətini və etnik köklərini qoruması olduqca vacibdir. Bu baxımdan Türk dünyası ölkələrinin güclənməsi, nüfuzunun artması türk dövlətlərinin bir təşkilat altında birləşməsi və qarşılıqlı əlaqələrini daha da möhkəmləndirməsi dünyada gedən mürəkkəb proseslərin fonunda tarixi əhəmiyyətə malikdir. Türk dövlətləri birliyinin dünyada güc mərkəzinə çevrilməsi türk dövlətləri ailəsinin sahib olduğu potensial baxımından olduqca önəmlidir. Bunu cənab Prezident İlham Əliyev TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarının qəbulu zamanı çıxışında xüsusilə vurğulayıb. Ölkə Başçısı qeyd edib ki, “...Türk dünyası böyük bir ailədir, böyük potensiala malikdir, böyük coğrafiyanı əhatə edir. Nəqliyyat yolları, enerji resursları, insan kapitalı, artan əhali, demoqrafik vəziyyətin müsbət olması – bunlar, böyük bir güc potensialıdır. Bizim vəzifəmizdir ki, bu potensialı dünya miqyasında böyük bir gücə çevirək”.

Deputat hesab edir ki, bu gün Azərbaycanın xarici siyasətində Türk dövlətləri ilə əlaqələrin xüsusi çəkisi və yeri var: “Cənab Prezident İlham Əliyevin andiçmə mərasimində Türk dünyası ilə əlaqədar söylədiyi fikirləri hər birimiz yaxşı xatırlayırıq. Dövlətimizin Başçısı TÜRK PA-nın iştirakçılarını qəbul edəkən həmin sözlərini bir daha xatırladaraq “Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur” deyib. Bu sözləri ilə, cənab Prezident Azərbaycanın Türk dünyasının daha gücləndirilməsi istiqamətində səylərinin və təşəbbüslərinin nə qədər dərin məna kəsb etdiyini bir daha vurğulamış oldu”.

Millət vəkili bildirib ki, Azərbaycanın təşəbbüsü ilə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçirilməsi tarixi önəmə malikdir: “Proseslərin sürətlə dəyişdiyi beynəlxalq münasibətlər sistemində bu cür görüşlərin təşkil olunması türkdilli dövlətlər arasında əlaqələrin daha da möhkəmlənməsi və dərinləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Hər bir Zirvə görüşü Türk dövlətlərinin birliyinin möhkəmləndirilməsi istiqamətində atılmış növbəti addımdır”.

Tamam Cəfərova vurğulayıb ki, Türk xalqlarının birliyi naminə bütün türk dövlətləri böyük əmək sərf ediblər: “Bu əməyin məntiqi nəticəsidir ki, biz türkdilli dövlətlər arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoymasını müşahidə edirik. Lakin əldə edilən nailiyyətlərlə yanaşı strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində atılacaq bir çox addımlar var. Nəticə etibarı ilə əldə edilən nailiyyətlər gələcəkdə bu və ya digər hədəflərə çatmaqda baza rolunu oynayacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər