8 İyun 19:38
299
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin Misirə səfəri tarixi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Misir Ərəb Respublikasının prezidenti Əbdülfəttah əs-Sisinin Qahirədə mətbuata verdiyi bəyanatında vacib mesajlar səslənib. Ölkəmizin başçısı bəyanatında qeyd edib ki, bu səfər Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə olacaq. Ölkələrimiz arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyır. Bu siyasi dialoq bundan sonra da davam etdiriləcək. Bütün beynəlxalq məsələlərdə Azərbaycanla Misirin mövqeləri üst-üstə düşür. Bu xüsusda hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində fəal çalışır, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq edir.

Bunu Teleqraf.com-a YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, Azərbaycanla Misir hər zaman İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə səylər göstərir: “Məhz Misirin dəstəyi ilə Azərbaycan dörd il ərzində Qoşulmama Hərəkatına uğurlu sədrlik edib. Sözsüz ki, Azərbaycanın bu təşkilata sədrliyin nəticəsində Hərəkat daha böyük imkanlara malik olub. Onun gənclər və parlament şəbəkələri formalaşdırılıb. Eyni zamanda digər vacib məsələlərdə Bakı və Qahirə eyni mövqeni bölüşüb. Bütün bunlar isə iki ölkə arasında etimad mühitinin və münasibətlərin daha da güclənməsinə xidmət edən mühüm faktorlardır”.

Deputat bildirib ki, Azərbaycan-Misir əlaqələri mühüm tarixi dövrü əks etdirir: “Keçmiş sovet dönəmində Azərbaycanla Misir arasında mehriban dostluq əlaqələri olub. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Bu bir reallıqdır ki, Afrika qitəsinin şimal-şərqində, Yaxın Şərq bölgəsində yerləşən Misir Ərəb Respublikası 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanıyıb. 1993-cü ildə qarşılıqlı diplomatik əlaqələrin yaradılması haqqında protokola əsasən Misirin Bakıda, 1994-cü ilin yanvarında isə Azərbaycanın Qahirədə səfirlikləri açılıb. Eyni zamanda keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsində Misir ölkəmizin ərazi bütövlüyünü həmişə dəstəkləyib və üzv olduğu beynəlxalq təşkilatlarda ədalətli mövqeyini daim müdafiə edib”.

Millət vəkili həmçinin Misir Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında əlaqələrin inkişafına da dəstək verdiyini söyləyib: “İki ölkə arasında bütün sahələrdə olduğu kimi ticarət, sənaye və xidmət sahələrində böyük əməkdaşlıq mövcuddur. Ölkəmizdə Misir investisiyalı 10-dan çox şirkət fəaliyyət göstərir. Eyni zamanda iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var. Ölkəmizin başçısı Qahirədəki bəyanatında Fələstin-İsrail münasibətlərinin tənzimlənməsi dair də fikirlərini bölüşüb. Qeyd edib ki, “müstəqil Fələstin dövlətinin yaradılması bizim Qoşulmama Hərəkatına sədrliyimiz dövründə hər zaman diqqət mərkəzində idi. Bir çox tədbirlər keçirilmişdir və Azərbaycanın mövqeyi birmənalıdır - müstəqil Fələstin Dövləti qurulmalıdır, Şərqi Qüds onun paytaxtı olmalıdır. Azərbaycanın prinsipial mövqeyi ondan ibarətdir ki, Qəzzada yaşanan faciə tezliklə dayandırılmalıdır, müharibə dayandırılmalıdır və bütün məsələlər danışıqlar yolu ilə həll olunmalıdır”.

Təftiş Komissiyasının sədri Azərbaycanla Ermənistan sülh və sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı məsələnin də cənab Prezident tərəfindən Qahirədə ifadə edildiyini bildirib: “Hazırda dövlət sərhədlərini müəyyənləşdirmək, danışıqlar prosesində irəliləyiş üçün yaxşı imkanların olduğu qeyd edilib. Bu xüsusda Azərbaycanın Qazax rayonunun otuz ildən çox müddət ərzində işğal altında olmuş dörd kəndi danışıqlar yolu ilə Azərbaycana geri qaytarıldığı da diqqətə çatdırılıb. Eyni zamanda ölkəmizin keçən ilin sentyabr ayında öz dövlət suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdiyi bildirilib”.

Sevinc Hüseynova Azərbaycanla Misir arasında son dövrlər ticarət dövriyyəsinin bir neçə dəfə artdığını vurğulayıb. “Eyni zamanda iki ölkə arasında imzalanmış sənədlər, əldə edilmiş razılaşmalar ticarət dövriyyəsinin artıracaq. İlk növbədə, energetika, bərpaolunan enerji növlərinin istehsalı, neft sənayesi, əczaçılıq, alüminium sənayesi sahələrində və digər sahələrdə yaxşı nəticələr əldə etmək mümkün olacaq. Bu gün Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir. Ölkəmizin ərazisində bütün infrastruktur yaradılıb və nəqliyyat-logistika sahəsində əməkdaşlıq üçün çox gözəl imkanlar açılmaqdadır ki, bu da qarşıdakı dövrdə çox böyük uğurların əldə edilməsi ilə müşahidə olunacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər