Milli Məclis sədrinin Belarus Respublikasına rəsmi səfəri çərçivəsində Belarus Dövlət Universitetində elmi və tədris kollektivinin, tələbələrin iştirakı ilə mərasim təşkil olunub.
Teleqraf.com xəbər verir ki, tədbirdə Universitetin rektoru Andrey Korol Azərbaycan parlamentinin spikerinin tərcümeyi-halı haqqında məlumat verib və Sahibə Qafarovaya Belarus Dövlət Universitetinin Fəxri professoru adı verilməsi haqqında Elmi Şuranın qərarını elan edib.
Sonra rektor Belarus Dövlət Universitetinin Fəxri professoru diplomunu və mantiyasını spiker Sahibə Qafarovaya təqdim edib.
Mərasimdə spiker Sahibə Qafarova Belarus Respublikasının ilk dövlət universiteti, bu ölkənin ali təhsilinin flaqmanı olan belə bir nüfuzlu universitetdə olmaqdan məmnunluğunu və Belarus Dövlət Universitetinin Fəxri professoru adına layiq görüldüyünə görə minnətdarlığını bildirib.
Tədbirdə Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova çıxış edərək, Milli Məclisin sədri Sahibə Qafarovanı təbrik edib.