12 İyun 09:05
5 958
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Natiq Miri Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Türkiyə xarici işlər naziri Hakan Fidan həm ABŞ, həm də Rusiya rəsmiləri ilə görüşlərində Azərbaycan-Ermənistan süh prosesini gündəmə gətirdi. Üstəgəl, o, Rusiyada səfərdə olarkən azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışdı. Sizcə, Türkiyənin baş diplomatının son günlərdə bu yöndə artan fəallığı nə ilə əlaqəlidir?

- Guya bu prosesdə sülhə töhfə vermək istəyən qlobal güc mərkəzləri var, onlar keçmiş ATƏT-in Minsk qrupunun həmsədr ölkələridir. Həmin dövlətlər sülhə nə qədər “töhfə” verməyə hazır olduqlarını bəyan etsələr də, əslində, ən böyük maneələri də onlar yaradırlar. Söhbət Rusiya, ABŞ və Fransadan gedir, əlavə olaraq, bütün Avropa Birliyindən.

İndi bu əngəlləyici amilləri aradan qaldırmaq üçün təkcə Azərbaycanın fəaliyyəti yetərli olmur. Bu halda qardaş Türkiyənin dövriyyəyə girməsinə ehtiyac yaranır.

Türkiyə elə bir dövlətdir ki, ona ehtiyacı olmayan bir qlobal güc mərkəzi yoxdur. Həmin mərkəzlərin hansısa anlamda Türkiyəyə ehtiyacları var. Buna görə də, Türkiyə zaman-zaman bu güc mərkəzləri ilə müzakirələr apara və çözüm ortaya qoya bilir. Bu səbəbdən də, həm ABŞ, həm də Rusiya Türkiyənin Cənubi Qafqazdakı varlığını qəbul etmək məcburiyyətindədir.

Türkiyə Qərb və Rusiyadan fərqli olaraq, Cənubi Qafqazda stabilləşdirici güc kimi çıxış edir. Etiraf eləməsələr də, bu belədir.

Rusiya heç vaxt bölgədə stabilləşdirici rol oynamadı, bunu Qərb haqda da deyə bilərik. Türkiyə Rusiya-Ukrayna münaqişəsi ilə yanaşı, Cənubi Qafqazda da stabilləşdirici gücdür. Əgər bu güc mərkəzləri öz maraqlarını təmin etmək istəyirlərsə, Türkiyə bunun üçün bölgədə sülh və əməkdaşlığın bərqərar edilməsini təklif edir. Bu da Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması və münasibətlərin tənzimlənməsindən keçir.

Ankara müzakirələri intensivləşdirməklə başa salmağa çalışır ki, regionda vəziyyətin nəzarətdən çıxması nə Qərb, nə də Rusiyanın maraqlarına cavab verəcək. Həmçinin belə bir durum Qərb və Rusiyanın müttəfiq saydığı Ermənistanın ayaq altında qalması anlamına gələcək.

Bu gün regionda heç kim Ermənistanın təhlükəsizliyinə qaranat dura bilməz. İndi bunun üçün Rusiyanın imkanları xeyli azalıb. Çünki Ermənistan bunu Rusiyadan istəmir, onu təhlükəsizlik çətiri kimi görmür. Buna görə də, İrəvan alternativ axtarışındadır.

Artıq Ermənistan rəhbərliyi anlayır ki, bu alternativ Azərbaycan və Türkiyə ilə sülh və əməkdaşlıqdır. Bu səbəbdən də, Rusiya və ABŞ-yə mesaj verilir ki, aranı qarışdırmayın, geri çəkilin, bölgədə sülh və əməkdaşlığa, eləcə də prosesin ikitərəfli formada gedişinə mane olmayın. Əslində, onların bu prosesə ciddi müdaxilə imkanları da yoxdur. Azərbaycan bunu qəbul eləmir.

İndi proses ikitərəfli formada gedir və bundan doğan konkret nəticələr var. Türkiyə də bunu göstərərək bildirir ki, töhfə verə bilmirsinizsə, kənardan mənəvi, psixoloji və siyasi dəstək verin. Düşünürəm ki, bu kontekstdə ciddi problem olmayacaq.

Hesab edirəm ki, Azərbaycan və Türkiyə prezidentlərinin qardaş ölkədə təcili xarakter daşıyan görüşünün anlam və mahiyyətlərindən biri də, bu məsələləri bölüşmək və koordinasiya etməkdən ibarət idi. Çünki prosesi yekunlaşdırmağa çox yaxınıq, artıq sülh realdır. Bəzi əngəlləyici amillər var ki, bunların həlli üçün məsləhətləşməyə və koordinasiyalı hərəkətə ehtiyac var.

- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəsinə gələn azərbaycanlı həmkarı İlham Əliyevi hava limanında şəxsən qarşılaması da diqqət çəkdi. Sizcə, bunun xüsusi bir anlamı varmı və özündə hansı mesajları daşıyır?

- Əlbəttə, var. Birincisi, qardaş qardaşı evinin qapısında qarşılayar. Dünyaya verilən ilk mesaj bu idi. Protokola görə, nadir hallarda bir dövlətin prezidenti digər dövlətin prezidentini hava limanında qarşılayır. Ancaq Azərbaycan və Türkiyə prezidentləri arasındakı əlaqələr bütün protokolları aşmış vəziyyətdədir. Dünyaya göstərilən bu idi. Yəni arada suyun sızması üçün bir məsafənin olmadığını dünyaya nümayiş etdirdilər. Çünki araya girmək həvəsində olanlar çoxdur. Buna görə müəyyən təxribatlar da törədilir.

Bu yaxınlarda Türkiyədə ölkəmizi istəməyənlərin keçirdikləri anti-Azərbaycan aksiyası buna nümunədir. Belə cəhdlər Türkiyə-Azərbaycan əlaqələrini pozmaq cəhdləridir.

Prezident Ərdoğan da hər kəsə mesaj verdi ki, edilənlərin hamısı əbəsdir, arada su sızacaq məsafə yoxdur. Düşünürəm ki, bu, çox ciddi mesajdır.

- Dəyişən qlobal və regional nizam fonunda Türkiyə-Azərbaycan müttəfiqliyi daha hansı aspektlərdən dərinləşdirilə bilər?

- Bir qlobal dəyişiklik prosesi gedir, dünyanın ayrı-ayrı bölgələrində baş verən müharibələr də bunun tətikçiləri və əlamətləridir. Bu prosesi dayandırmaq mümkün olmayacaq. Baş verənləri kənarda durub izləməkdənsə, qoşularaq nizam və yön vermək lazımdır. Çünki irəli gedən proses dağıdıcı da ola, nəticədə Türkiyə və Azərbaycanın əleyhinə çevrilə də bilər.

İstənilən gəlişməyə hazırlıqlı olmaq lazımdır. Yəni selə qarışıb getmək yox, ona yön verən olmaq lazımdır. Dünya dəyişərkən, sən dünyaya yön verəcək güc mərkəzi olmalısan ki, ayaqda dura və hər kəsi səninlə hesablaşmağa məcbur edə biləsən. Bunun üçün güc və birlik lazımdır. Belə bir birlik üçün zəmin var – Türk Birliyi.

ABŞ, Qərb, Rusiya, BRİKS, Avropa Birliyi və NATO – bunların hamısı geosiyasi alətlərdir. Söhbət əsl birlikdən gedir. Bu birlik mənəvi, psixoloji, milli və ideoloji amillərlə mümkündür. Bunların hamısını birləşdirəcək əsas var. Türk soyu mədəni, dil, mənəvi, milli və din birliyidir. Bunlar birlik olmaq üçün yetərli əsaslardır. Türk Birliyini qlobal güc mərkəzi kimi daha da gücləndirmək lazımdır, təkcə Azərbaycan və Türkiyə yox, digər türk dövlətləri də inteqrasiya olmalıdır.

İqtisadi, mədəni, sosial, dil, siyasi və digər birliklərlə yanaşı, güclü ordu birliyinin də yaradılmasına ehtiyac var. Bu birləşmiş ordu hansısa türk dövlətinə qarşı fövqəladə hal baş verərsə, çevik hərəkət və qərarvermə imkanına malik olmalıdır. Türk dünyasını dəyişən qlobal nizam və gələcəkdə ayaqda saxlayacaq zəmin budur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər