UEFA-nın AÇ-2024-ün 1/8 final mərhələsi çərçivəsində keçirilən Türkiyə-Avstriya matçında bozqurd işarəsi göstərən Merih Demirala qarşı intizam işi açması heç bir məntiqə uyğun deyil. Əslində bu, Avropanın məsələyə bəsit yanaşmasıdır. Bozqurd simgəsi göstərmək hansısa bir şəkildə terroru xarakterizə etmir. Bu, sırf mfik və simvolik bir yanaşmadır.
Bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.
“Bu məsələlərə yanaşmada Avropanın özündə ağıllanma prosesi getməlidir. Bir idmançının simvol göstərməsini təhlükə kimi qiymətləndirmək olmaz. Sadəcə olaraq bu bir işarədir. Müəyyən bir dünya görüşünə inanmış insanlar üçün şövq yaradan addımdır”, - deyə o əlavə edib.
Partiya sədri hesab edir ki, məsələləri siyasiləşdirmək axmaqlıdır:
“Buna qarşı bir addım atılarsa, sonrakı dövrdə başqa xalqların simgələrinə yanaşmalarda da qarışıqlıq yarana bilər. Sözsüz ki, bu yanlış davranışdır. Adam sevincini bu şəkildə ifadə edirsə buna qarşı çıxmaq mənasızdır”.
Milli Məclisin VI çağırış deputatı olmuş Aqil Abbas da hesab edir ki, bu Avropada türklərə və türk simvoluna qarşı olan dözümsüz yanaşmanın təzahürüdür:
“Növbəti oyunda gərək Türkiyənin bütün futbolçuları və azarkeşləri Bozqurd işarəsi göstərsin. Belə mənasız mövqeyə ancaq bu cür cavab vermək lazımdır. Türkün adı gələndə özlərini itirirlər. Amma türkün qarşısını ala bilməzlər, Bozqurd türkün totemidir. Min illiklərdən bəri bu belədir. Bunu necə qadağan etmək olar? Hazırda Romada canavar heykəli var. Gərək gedib onu da söksünlər ki, bu nifrət aşılayır”.
Aqil Abbasa görə, türk qorxusu, xofu aradan qalxmalıdır:
“Dilənçi günündə olan Bolqarıstanı Avropa İttifaqına qəbul etdilər. Amma Türkiyənin qarşısına əlli dənə mənasız şərt qoydular. Bütün bunlar Avropada olan əsassız yanaşmaların göstəricisidir”.
Qeyd edək ki, UEFA AÇ-2024-ün 1/8 final mərhələsi çərçivəsində keçirilən Türkiyə-Avstriya matçında “bozqurd” işarəsi göstərən Merih Demirala qarşı intizam işi açıb.