11 İyul 09:05
1 269
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Oqtay Qasımov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- İranın yeni prezidenti Məsud Pezeşkiyanın Azərbaycan əsilli olması ikitərəfli münasibətlərin gələcəyi ilə bağlı müsbət ehtimallar formalaşdırıb. Artıq Prezident İlham Əliyevlə Pezeşkiyan arasında ilk telefon danışığı da baş tutub, verilən mesajlar müsbətdir. Bəs realda nə baş verəcək, seçkiqabağı kampaniyada Azərbaycanla bağlı müsbət danışan Pezeşkiyan hansı xətti tutacaq?

- Əlbəttə, Pezeşkiyanın qələbəsi region ölkələri ilə münasibətlər və İran daxilində müəyyən dəyişikliklərin olacağı ilə bağlı müəyyən ehtimallar yaradıb. Belə fikirlər səsləndirilir ki, İran öz siyasətində bəzi dəyişikliklərə gedəcək, yumşalma baş verəcək. Açığı, mən bu fikri bölüşmürəm.

Düzdür, Pezeşkiyanın qələbəsi İranın daxili dinamikasında müəyyən dəyişikliyin göstəricisi ola bilər, amma nəzərə almaq lazımdır ki, dini lider və SEPAH onun seçilməsinə qarşı olmadı. Verilən bəyanatlar da göstərdi ki, İranın xarici siyasətində fundamental dəyişikliklər olmayacaq.

Pezeşkiyanın açıqlamasında həm “Hizbullah”, həm digər proksi qüvvələr, həm də Yaxın Şərqlə bağlı hansısa dəyişikliyin olacağı fikrinə rast gəlmədim.

Pezeşkiyanın türkcə danışması və seçki kampaniyasında bu dildən istifadə etməsinə gəlincə, bunu müsbət hal kimi dəyərləndirirəm. Bu prosesin ən xarakterik əhəmiyyəti həm də ondan ibarət oldu ki, ilk dəfə İranda baş tutan prezident seçkilərində milli amil qabarıq şəkildə özünü göstərdi.

Pezeşkiyana verilən səslər də daha çox qeyri-fars bölgələrindən gəldi. Nəzərə almaq lazımdır ki, Pezeşkiyan həm də İran parlamentində Azərbaycan vilayətini təmsil edən deputatlardan biri idi, amma onun fundamental məsələlərdə fərqli davranış sərgiləyəcəyini düşünmürəm.

İran daxilində, həmçinin nüvə proqramı ilə bağlı Qərblə aparılan danışıqlarda Tehran tərəfindən müəyyən yumşaq mövqe sərgilənə bilər. Amma ABŞ də seçkinin nəticələrinə münasibətdə İrana qarşı mövqeyinin dəyişmədiyini açıqlayıb. Həmçinin Pezeşkiyan dönəmində fundamental dəyişikliklərin olmayacağı, İran prezidentlərinin dini liderin kölgəsində olan şəxslər olduğu qeyd edilib. Bu, doğru təsbitdir.

İranda prezident dövlətin xarici siyasəti və strategiyasını müəyyənləşdirən əsas şəxs deyil. İranda prezident daha çox icraçı funksiyaya malikdir, dini liderin göstərişlərini yerinə yetirir.

Əlbəttə, Pezeşkiyanın Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətini bərpa etməsi ilə bağlı mesajları müsbətdir. Ümid edək ki, Pezeşkiyan sələflərindən fərqli olaraq, Azərbaycanla münasibətlərdə müəyyən korrektlərə gedəcək. Amma İranın xarici siyasət doktrinasında Azərbaycanla bağlı müddəalar dəyişməyənə qədər hansısa köklü dəyişikliklərin olacağı ehtimalına optimist baxmıram.

Hər halda, Azərbaycan prezidentinin Pezeşkiyanla telefon danışığında İranın mərhum dövlət başçısı ilə əldə edilmiş anlaşmaların həyata keçirilməsinin önəminə diqqət çəkməsi ondan xəbər verir ki, İbrahim Rəisinin son dönəmlərində ikitərəfli münasibətlər müsbət dinamika ilə inkişaf etməkdəydi. Pezeşkiyan bu müsbət dinamikanı daha da inkişaf etdirsə, bu, hər iki tərəfin xeyrinə olacaq.

- İranın mərhum prezidenti İbrahim Rəisinin Ermənistanla bağlı mövqeyi xoşagəlməz idi, həmişə mübahisə doğururdu. Sizcə, Pezeşkiyan da Ermənistana sələfi kimi “İranın qırmızı xətti” kimi baxacaq?

- Köklü dəyişikliyin olacağını düşünmürəm. İran-Ermənistan münasibətləri təkcə İbrahim Rəisi dönəmində inkişaf etməyib. Hələ 1992-ci ildə İranın xarici siyasət doktrinası qəbul olunarkən, Azərbaycan Respublikasının varlığı “İranın təhlükəsizliyinə təhdid” kimi qeyd olunub. Məhz bunu nəzərdə tutub deyirəm ki, həmin məsələdə dəyişiklik olmayasa, fundamental dəyişiklik də görməyəcəyik. Əlbəttə, İran və Pezeşkiyan müsbət dəyişiklik istəyirsə, bəzi məsələlərlə bağlı konkret addımlar atmalıdırlar.

İbrahim Rəisinin dönəmində İran və Ermənistan arasında razılaşma oldu ki, Tehran Qafanda (Zəngəzur), İrəvan da Təbrizdə konsulluq açsın. İndi Azərbaycana qarşı şantaj xarakteri daşıyan bu razılaşma arxivə qoyulacaqsa, yəni Təbrizdə Ermənistan konsulluğunun açılması fikrindən daşınılacaqsa, o zaman deyə bilərik ki, Azərbaycana münasibətdə müsbət dəyişiklik olacaq. Bunlar olmayacaqsa, demək, səsləndirilən bəyanatlar bəyanat olaraq qalacaq.

- Pezeşkiyan Təbrizin millət vəkili olarkən, yəni prezident seçilməmişdən əvvəl Güney Azərbaycan türklərinin hüquq və azadlıqlarının qızğın müdafiəçisi idi, hətta İran parlamentində Azərbaycan-türk dilində məktəblərin açılması məsələsini gündəmə gətirirdi. İndi prezident kimi səlahiyyətləri var ki, bu yöndə əməli iş görsün. Bunu edəcəkmi?

- Həqiqətən Pezeşkiyan seçkiqabağı dönəmdə çox önəmli və İrandakı siyasi sistemə təsir edə biləcək açıqlamalar verdi. Onu da qeyd etmək lazımdır ki, Pezeşkiyan öz yaşantıları ilə nüfuz qazanmış şəxsdir, intellektual səviyyəsi yüksəkdir, həm nazir, həm də millət vəkili kimi fəaliyyətləri ilə diqqət çəkib.

Üstəgəl, Pezeşkiyan İranda korrupsiya və rüşvət qalmaqallarından kənarda olan adamdır, islahatçı qanaddan da ona müəyyən ümidlər var. Hesab edirlər ki, Pezeşkiyan əvvəlki islahaçı prezidentlər Hatəmi və Ruhanidən fərqli olaraq, daha ciddi addımlar ata bilər. Hər halda nə olacağını görəcəyik.

İran konstitusiyasının 15-ci maddəsi işə düşəcəksə, yəni orada yaşayan millətlər və etnik qruplar öz ana dillərində təhsil ala biləcəklərsə, bu, müsbət hadisə olacaq.

Pezeşkiyan türk olduğunu fəxrlə bildirir və qeyd edir ki, ailə üzvləri ilə də həmişə türkcə danışıb. Bu, müsbət haldır, bunun Güney Azərbaycan türklərinin hüquqları ilə bağlı məsələyə müsbət təsirləri də var. Amma Pezeşkiyana qədər də İranın iki əsas şəxsi Azərbaycan türküdür. Söhbət ali dini lideri Əli Xameneyi və Baş Qərargah rəisi Məhəmməd Baqiridən gedir.

Təəssüf ki, İranda vəzifədə olan şəxslər sasaniliyə dayanan fars şovinizmi və ya paniranizmin icraçı olurlar. Bu baxımdan, baş verənlərin Güney Azərbaycanda milli oyanış və digər məsələlərə hansısa təsirinin olacağını indidən demək çətindir.

Bizim üçün önəmlisi odur ki, İranda islahatlar aparılsın, insan haqları, digər millətlərin öz ana dillərində təhsil almaq və digər hüquqları təmin olunsun, onlara ən azı mədəni muxtariyyət verilsin. Bunlar olarsa, İranda demokratikləşmə prosesi başlaya bilər. Amma təəssüf ki, İran həmişə islahatlara qapalı olub. Bu günədən islahtlarla bağlı edilən cəhdlər uğurla nəticələnməyib.

İslahatçı prezidentlər Rəfsəncani, Ruhani və Hatəmi dönəmlərində də bu islahatları görməmişik. İranın daxili sistemi elə qurulub ki, hər şeyə mühafizəkar rejim nəzarət edir. Buna görə də, İranda islahatlarla bağlı nikbin deyiləm.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər