18 İyul 13:45
963
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlk olaraq Yeni Azərbaycan Partiyasının (YAP) sədri Prezident İlham Əliyevə və Partiyanın İdarə Heyətinə yenidən mənə etimad göstərdiklərinə görə minnətdarlığımı bildirirəm. Parlament seçkiləri ilk dəfə olaraq Azərbaycanın bütün ərazilərində, suverenliyimiz tam təmin edilmiş formada baş tutacaq. Bundan öncə ilk dəfə olaraq prezident seçkiləri keçirildi. Sözsüz ki, bunun siyasi və hüquqi əhəmiyyəti olduqca böyükdür. Beynəlxalq ictimaiyyət də görür ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam təmin edib.

Bunu Teleqraf.com-a VI çağırış Milli Məclisin deputatı Ziyafət Əsgərov deyib.

O qeyd edib ki, Azərbaycanın Konstitusiya və seçki hüququ artıq bütün ölkə ərazisinə şamil edilir:

“Seçki həm də siyasi hüquqdur. Bütün vətəndaşlarımız bu hüquqdan istifadə edir.Hər bir Azərbaycan vətəndaşının seçmək və seçilmək hüququ var. Bunun üçün ölkə Konstitusiyası bütün hüquqi imkanları verir. Vətəndaşlarımız da bu hüquqdan istifadə edəcəklər”.

Deputat azərbaycanlıların Qarabağa, Zəngəzura əbədi qayıdışının dünyaya bir mesaj olduğunu bildirib:

“Bu torpaqlarda seçkilər və digər proseslər də ən yüksək səviyyədə keçiriləcək. Beləliklə, Azərbaycanın qanunları bu torpaqlarda əbədi olaraq təmin ediləcək. Buna heç kəsin şübhəsi olmasın”.

Millət vəkili seçkilərə YAP-ın təqdim etdiyi seçki platforması ilə qatılacağını söyləyib:

“YAP-ın platforması cənab Prezident İlham Əliyevin müəyyən etdiyi siyasi kursdur. Biz də hər zaman bu kursa sadiq olmuşuq. Bundan sonra da bu kursu dəstəkləyəcəyik. Bir neçə çağırış 76 saylı Lənkəran-Astara Seçki Dairəsindən deputat seçilmişdim. Bu günə qədər mənə dəstək olmuş Lənkəran-Astara seçki dairəsindən olan bütün seçicilərimə dərin minnətdarlığımı bildirirəm. Ötən illər ərzində seçicilərim mənə böyük dəstək oldu. Onlarla bir yerdə işlədik, problemlərini, şad günlərini bir ailə kimi yaşadıq”.

Ziyafət Əsgərov yeni Seçki Dairəsində birinci dəfə iştirak etdiyini açıqlayıb:

“Amma sözsüz ki, Naxçıvan mənə yad bir yer deyil. Çalışacağıq ki, Naxçıvanda da təbliğatımızı YAP-ın proqramı əsasında quraq. Şərur-Sədərək (1 saylı Şərur-Sədərək Seçki Dairəsinin ərazisi) Ermənistanla sərhəd zonasında yerləşir. Ona görə də, bizim orada məsuliyyətimiz daha yüksək olacaq. Orada insanlarla səmimi söhbət aparıb, onların fikirlərini, çətinliklərini, problemlərini öyrənəcəyik. Ermənilərin sərhəddə hansı təxribatlara əl atdığını araşırdıracağıq. Ümumiyyətlə, o ərazinin nəsə problemləri varsa, onları da lazımi orqanlara çatdıracağıq”.

Qeyd edək ki, YAP 1 saylı Şərur-Sədərək Seçki dairəsindən Ziyafət Əsgərovun namizədliyini irəli sürüb. Bundan öncə həmin dairənin deputatı Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq sədri Vasif Talıbov idi.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər