Məlum olduğu kimi, hakim Yeni Azərbaycan Partiyası (YAP) ötən gün 1 sentyabr tarixində keçiriləcək növbədənkənar parlament seçkilərində mübarizə aparacaq bütün namizədlərinin adlarını açıqlayıb.
Bu dəfəki siyahıda diqqətçəkən məqamlardan biri hakim partiyanın qadınlara və gənclərə dəstək verməsidir. Bununla belə partiya veteran YAP-çıları da unutmayıb. Onların əksəriyyəti əvvəlki və hazırkı çağırış parlamentinin deputatlarıdır.
YAP-ın siyahısında ən yaşlı namizədn deputat Eldar İbrahimovdur. Parlamentin bütün çağırışlarının deputatı olan E.İbrahimovun 79 yaşı var. O, yenidən 4 saylı Naxçıvan şəhər seçki dairəsindən namizəd olacaq.
Digər yaşlı namizəd deputat Mixail Zabelindir. Onun 78 yaşı var. O da Milli Məclisin bütün çağırışlarının deputatı olub.
Deputat Əhliman Əmiraslanovun 77 yaşı var. Milli Məclisin IV, V və VI çağırışlarının deputatı olub. Onun namizədliyi 67 saylı Sabirabad seçki dairəsindən irəli sürülüb.
74 yaşlı Tahir Rzayev ikinci dəfə YAP-ın siyahısından namizəddir. O, 86 saylı Ağcəbədi seçki dairəsindən deputatlıq yarışına qatılacaq.
Deputat Elman Məmmədovun 73 yaşı var. O, 118 saylı Ağdam-Xocalı seçki dairəsində mübarizə aparacaq. E. Məmmədov Milli Məclisin II,III, IV, V və VI çağırışlarının deputatı olub.
Milli Məclisin I və II çağırış deputatı olmuş Səyyad Aranın 72 yaşı var. O, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin keçmiş birinci müavini olub.
Cavanşir Paşazadənin 71 yaşı var. O 76 saylı Lənkəran-Masallı seçki dairəsində yenidən gücünü sınayacaq. Şeyxin qardaşı Milli Məclisin III, IV, V və VI çağırışlarının deputatı olub.
Yeni Azərbaycan Partiyası Sədrinin müavini və İdarə Heyətinin üzvü, fəlsəfə doktoru Əli Əhmədovun 71 yaşı var. O, 2000-2015-ci illərdə parlamentin deputatı olub.
Milli Məclisinin I, II, III, IV çağırış deputatı olan Mübariz Qurbanlının 70 yaşı var. O, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri olub.