20 İyul 17:09
11 537
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Rusiya və Qərb arasında geosiyasi toqquşma platformasına çevrilib, bu durum bizim üçün yaxşı heç nə vəd eləmir.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Ruben Marqaryan deyib.

Azərbaycan və Ermənistan liderləri arasında Londonda baş tutmayan görüş barədə danışan ekspert hesab edir ki, bunun mümkün səbəblərindən biri Zəngəzur dəhlizi ilə bağlıdır.

Görüş təklifinin Böyük Britaniya Baş naziri Kir Starmer tərəfindən gəldiyini söyləyən Marqaryanın fikrincə, Baş nazir Nikol Paşinyan üçtərəfli təmasda bununla bağlı Prezident İlham Əliyev qarşısında üzərinə yeni öhdəlik götürmək istəmədiyi üçün görüşdən imtina edib:

"Çox güman ki, Ermənistan tərəfinin üçüncü vasitəçinin, indiki halda Britaniyanın iştirakı ilə gündəmə gətirmək istəmədiyi bəzi məsələlər var. Görünür, Azərbaycan tərəfi üçüncü tərəfin yanında nəsə eşitmək istəyib. Bunlar ayrıca müzakirə edilməli, üçüncü tərəfin iştirakı ilə gündəmi müəyyən edilməli olan məsələlər ola bilər. Məncə, problem budur. Azərbaycan tərəfi istəyə bilərdi ki, gündəmdəki məsələlər üçüncü tərəfin (Britaniyanın) iştirakı ilə aydınlaşdırılsın. Görünür, erməni tərəfi də düşünüb ki, aydınlaşdıracaq heç nə yoxdur, artıq hər şey razılaşdırılıb, indi bu razılaşmaları yerinə yetirmək qalır.

Xüsusilə Paşinyan və komandası delimitasiya və demarkasiyanın başlanğıcda olduğu kimi, Almatı bəyannaməsi əsasında davam edəcəyini bildirmişdi. Amma bu baş vermədi. Növbəti problem odur ki, Əliyev konstitusiya və dəhliz məsələsini qaldırır. Ermənistan bu məsələlərdən yayınmaq istəyir, belə bir gündəmin olmadığını iddia edir. Ola bilsin, Ermənistan dəhliz məsələsini üçüncü tərəfin iştirakı ilə müzakirə edərək öhdəlik götürmək istəməyib.

Belə bir məsələ də var. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyir ki, dəhliz sülh sazişinin həyata keçirilməsində əsas addım olacaq. ABŞ dövlət katibinin nümayəndəsi Metyu Miller də demək olar ki, eyni şeyi söylədi, yəni tərəflər çətin güzəştlərə getməlidir.

İndiyə qədər heç kim bilmir ki, Azərbaycandan hansı güzəşt tələb olunur. Hamı anlayır ki, bu çətin güzəşt Ermənistandan gələcək. Ermənistanın güzəştlə bağlı Azərbaycana heç bir tələbi yoxdur".

Marqaryan Azərbaycanın üç tələbinin olduğunu qeyd edib: Ermənistan konstitusiyanı dəyişməli, Bakının şərtləri ilə delimitasiya və demarkasiya aparılmalı, dəhliz açılmalıdır:

"Bütün bunları bir araya gətirəndə belə anlaşılır ki, erməni tərəfi Britaniyanın iştirakı ilə üzərinə yeni öhdəliklər götürmək istəmir. Amma Paşinyan bəzi məsələləri Əliyevlə ayrıca müzakirə etməyə hazırdır".

Erməni politoloq qeyd olunan məsələlərlə bağlı Bakı və İrəvan arasında şifahi anlaşmaların olduğunu da istisna etmir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər