Sentyabrın 1-ə təyin edilmiş növbədənkənar parlament seçkilərinə partiyamızda ciddi hazırlıq gedir. Artıq partiyada seçkidə iştirakla bağlı zəruri addımlar atılır, müvafiq qaydada müraciətlər edilir.
Bunu Teleqraf.com-a Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə deyib.
O qeyd edib ki, yaxın günlərdə partiyanın namizədləri tələb edilən imzaları toplayıb dairə seçki komissiyalarına təhvil verəcəklər: “Partiya dairələr üzrə namizədlərini elan edib”.
Asim Mollazadə özünün 22 saylı Nəsimi-Yasamal Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürəcəyini açıqlayıb: “Seçkidə hamı kimi biz də fəal iştirak edəcəyik. Bu proses normal, açıq, demokratik keçirilməlidir. Bizim istəyimiz məhz budur”.
Qeyd edək ki, 22 saylı Nəsimi-Yasamal Seçki Dairəsindən ReAL Partiyasının sədri İlqar Məmmədov, YAP-dan Xaliq Hüseynov namizədliyini irəli sürüb.