Yaponiya Xarici İşlər Nazirliyi ölkənin xarici kursunu və təhlükəsizlik siyasətini müəyyənləşdirərək bu ilki “ağ kitab”ı yayımlayıb. Keçmiş illərdəki “ağ kitablarda” əsas təhlükənin Çindən gəldiyi vurğulanırdı, hətta buna görə Pekin bir neçə dəfə Tokioya etirazını bildirmişdi.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Yaponiyanın bu ilki “ağ kitabında” təhlükələr sırasına Çinlə yanaşı Rusiya və Şimali Koreya əlavə edilib:
“Birincisi, yayımlanan kitabda Tokionun Rusiya-Çin ittifaqından narahatlıq ifadə edilib. İkincisi, kitabda göstərilib ki, Qərbin Rusiyaya qarşı sanksiyalarına baxmayaraq, Ukrayna ilə müharibə uzun müddət davam edə bilər. “Ağ kitab”ın bəndlərinə görə, Yaponiya hərbi qüdrətini artırmalı, ABŞ və NATO ilə ittifaqı gücləndirməlidir. Kitaba ön söz yazan Yaponiyanın müdafiə naziri Minoru Kuxara beynəlxalq aləmdə vəziyyətin gərginləşdiyini bu sözlərlə ifadə edib: “İkinci Dünya müharibəsindən sonra beynəlxalq aləm ciddi çağırışlarla üz-üzədir. Bu mənada biz yeni və təhlükəli eraya qədəm qoyuruq”.
Tokio hesab edir ki, Avropa və Asiyanın təhlükəsizlik konsepsiyasını birləşdirmək lazımdır. Yaponiyalı ekspertlərin fikrincə, Ukrayna müharibəsinin bənzəri Asiyada alovlana bilər. Misal olaraq Çinin Tayvanı ələ keçirmək planının müharibəyə çevrilə biləcəyi ehtimalı vurğulanıb.
Yaponiya Rusiyanın uzaq şərdə silahlı qüvvələrinin gücləndirməsindən və bu bölgədə dəniz qüvvələrinin sayının artmasından da narahatdır. Bildirilib ki, Ukrayna müharibəsi ilə əlaqədar Rusiya hərbi-sənaye kompleksinin gücünü ən azı 4 dəfə, o cümlədən silah və hərbi texnika istehsalını 4 dəfə artırıb.
Şimali Koreyanın raket arsenalını gücləndirməsi də Tokionun diqqətindən yayınmır. “The Japan Times” nəşrinin yazdığına görə, “ağ kitab”a Yaponiyanın hərbi potensilına və hərbi xərclərinə aid bənd əlavə edilib. Yaponiyanın baş naziri Fumio Kisida 2022-ci ildə vəd vermişdi ki, 2027-cü il üçün hərbi xərclər 2 faizə çatdırılacaq. Beşillik xərc 273 milyard dollar civarında nəzərdə tutulub. Yaponiyada yeni hərbi gəmilərin, raketlərinə istehsalına başlanılıb.
Bu arada, Çin-Kuba əlaqələri də Tokionun diqqətini çəkib. Çinin Kubadakı gizli casus bazaları Amerikanın cənub-şərq sahilini hədəf alaraq Pekinin qlobal kəşfiyyat oyununda yeni cəbhə açdığına işarədir. Çin Kuba üzərindən ətraf bölgələrin hərbi gücünü nəzarət altına saxlamağa qadirdir. Kuba ilə hərbi əməkdaşlı Moskvanın da diqqət mərkəzindədir. Rusiya hərbi gəmiləri bir müddət əvvəl Kubada lövbər salmışdılar".