Politoloq Oqtay Qasımov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Ermənistanın Kəlbəcər və Tovuzdan sonra iyulun 28-də Laçın istiqamətindəki təxribatları nəyə hesablanıb? Yeni müharibə riski varmı?
- İrəvanın son təxribatları fonunda Azərbaycan Müdafiə Nazirliyinin bəyanatı yayıldı. Ermənistana xəbərdarlıq edildi ki, onun himayədarlarının verdiyi dəstəyə baxmayaraq bu cür təxribatlar cavabsız qalmayacaq. Ermənistanın bu cür təxribatları Azərbaycanda noyabr ayında keçiriləcək COP29 beynəlxalq tədbir öncəsi vəziyyəti görginləşdirməyə hesablanıb.
Ermənistan tərəfinin Azərbaycanı təxribata sövq etməklə ona qarşı kampaniya başlatmaq və Bakıda keçiriləcək COP29 tədbirlərini gözdən salmaq niyyətləri var. Burada xüsusilə Fransanın adını qeyd etmək lazımdır. Bir müddət öncə fransalı rəsmi şəxslər bununla bağlı açıqlamalar verərək, Azərbaycana qarşı kampaniya başlatdılar. Amma bütün reallıqları və vəziyyəti nəzərə alsaq, hesab edirəm ki, bu ilin sonuna qədər bu cür təxribatlara qarşı Azərbaycan tərəfi sərt addımlar atmaq niyyətində deyil.
- Sizcə, təxribatların davam edəcəyi təqdirdə Bakının ata biləcəyi əsas addımlar nədən ibarət olacaq?
- Təxribatlar davam etsə, Azərbaycan əraziləri Fransanın, Hindistanın və digər ölkələrin verdiyi silahlarla hədəf alınacaqsa, buna Bakının cavabı sərt və amansız olacaq. Ona görə də, indiki halda Ermənistana verilən mesajlar xəbərdarlıq xarakterlidir.
Amma bunların fonunda yaxın bir neçə ayda Azərbaycanla Ermənistan arasında iri miqyaslı toqquşmaların olacağı gözlənilən deyil. Bu ilin fevralından sonrakı dönəmlərdə Azərbaycan tərəfi prosesləri diqqətlə izləməklə bərabər kifayət qədər təmkinli davranır. Amma səbrin də həddi sonsuz deyil. Bunu erməni tərəfi anlamalıdır. Ermənistan 4 il öncə edilən xəbərdarlıqları yadına salıb hazırkı nəticəni analiz etməlidir.
- Təxribatlarda kənar amillərin rolunu nə dərəcədə böyükdür? Üçüncü tərəflər bu prosesdə hansı təsirə malikdir?
- Hazırkı durumda Ermənistandan sadəcə alət kimi istifadə edilir. Atılan addımlar da Ermənistanın siyasi iradəsi hesabına deyil. Hamısı ABŞ və Fransa tərəfindən verilən təlimatlar əsasında həyata keçirilir. Heç təsadüfi deyil ki, Kəlbəcər istiqamətində atəşkəs rejimi pozulduqda və Azərbaycan əraziləri Fransadan alınmış silahlarla atəş açıldıqda həmin bölgəyə yaxın yerlədə Amerika hərbiçiləri Ermənistan ordusu ilə hərbi təlim keçirirdi. Bunun özü də bir mesajdır. Niyyət odur ki, Azərbaycana nə yolla olur-olsun təzyiq edilsin.
- ABŞ-nin sülhlə bağlı tələskənliyində bu amillər nə dərəcədə təsirli görünür?
- Reallıq ondan ibarətdir ki, Amerika nəyin bahasına olsun-olsun Azərbaycanla Ermənistan arasında hansısa sülh sənədinin imzalanmasında maraqlıdır.
- Bakının əsas tələbləri fonunda bu sənədin qısa zamanda imzalanması nə dərəcədə gerçək görünür?
- Ağ Evin istəyi odur ki, əldə ediləcək razılaşmada Bakının tələbləri yer almasın. Onlar bu məsələnin üzərində durmaq istəmirlər. Amerikanın digər istəyi isə odur ki, imzalanacaq sülh sənədində Qarabağ erməniləri ilə bağlı hansısa müddəa yer alsın. Bu, ABŞ-nin uzun müddətdən bəri dəyişməyən mövqeyidir.
Ermənilərin ardıcıl təxribatlara sövq edilməsi də Azərbaycnın atacağı adekvat addımlar fonunda ona qarşı kampaniya üçün əsas yaratmaq istəyidir.