Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) sədri, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Elchi.az-a müsahibə verib.
Teleqraf.com həmin müsahibəni təqdim edir:
- Qüdrət bəy, HƏMAS lideri İsmayil Haniyə Tehranda terror aktı nəticəsində qətlə yetirilib. Buna münasibətinizi və hadisələrin sonrakı inkişafı barədə fikirlərinizi bilmək istərdik.
- Tarixən, müharibələr zamanı liderlərin öldürülməsi faktlarına geniş rast gəlinir və bəzən bu, müharibələrə son qoyulması imkanı kimi də nəzərdə tutulur. Haniyə İranın qonağı idi və bu, İranın nüfuzuna böyük zərbə olmaqla yenicə and içən islahatçı prezidentə müxtəlif dairələrin bir xəbərdarlığı da hesab oluna bilər. Başqa ehtimallar üzərində də düşünməyə dəyər. HƏMAS-ın hərbi qanadının Haniyə ilə münasibətlərində ciddi problemlərin olduğu da qeyd edilirdi. Yaxın Şərqdə müharibənin alovlanmasını, Türkiyənin və İranın da münaqişəyə cəlb olunmasını istəyən qüvvələr də bunu edə bilər. Terrorçular tutulandan sonra biz əsl həqiqəti biləcəyik.
- Türkiyə bu münaqişəyə qoşula bilərmi?
- İnanıram ki, Türkiyə rəhbərliyi buna getməz. Ərdoğanın “gələrik” açıqlaması əminəm ki, münaqişənin daha da genişlənməsinin, İsrailin Livana qarşı yeni müharibəyə başlamasının qarşısını almağa yönəlib. İsrail nüvə silahına sahib dövlətidir. Onun arxasında ABŞ kimi dünyanın super gücü dayanıb. Türkiyəni çoxdan Rusiya, Misir, Yunanıstan, indi isə İsrail ilə iri münaqişəyə cəlb etmək istəyirlər. Türkiyə müharibələrə cəlb olunmaqdan yayınmalı, iqtisadiyyatını və hərbi sənayesini inkişaf etdirməli, nüvə silahına sahib olmaq istiqamətində konkret addımlar atmalıdır. İsraillə Fələstin arasında münaqişənin tənzimlənməsində əsas rolu 250 milyonluq ərəb dövlətləri oynamalıdır. Osmanlı imperatorluğunun tarixi hələ uzun müddət ərəb dünyasında Türkiyəyə etimadsız münasibətin olacağını göstərir. Mahmud Abbasın Türkiyə parlamentində çıxış etməkdən yayınması bunun əyani sübutudur. Türkiyə çox da iddialı xarici siyasət yürütməməli, özünü və təbii müttəfiqlərini düşünməlidir. Əlbəttə, bu kənar müşahidəçi kimi mənim düşüncəmdir, doğrusunu isə Türkiyə rəhbərliyi bilir.
- Hamı 3-cü dünya müharibəsinin başlayacağından danışır, siz necə düşünürsünüz?
- 2-ci dünya müharibəsindən sonra nəsillər dəyişib və müharibənin dəhşətləri yaddan çıxıb. Müharibələr beynəlxalq münasibətlərin aydınlaşdırılmasında əsas vasitəyə çevrilməkdədir. Artıq nüvə silahı da əvvəlki kimi çəkindirici faktor olmaqdan çıxır. İnsanlar, dünya liderləri psixoloji baxımdan artıq buna da hazır görünürlər. Əslində 3-cü dünya müharibəsi başlayıb, sadəcə, bu, hələlik proksi dövlətlər və qruplaşmalar vasitəsilə aparılır.