1 Avqust 09:52
7 253
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Azərbaycan və Ermənistanın sülhə daha yaxın olduğu bəyan edilib. Sizcə, Bakının mövcud şərtləri və həll edilməmiş digər məsələlər fonunda tərəflərin yekun razılaşmaya imza atması nə dərəcədə real görünür?

- Burada söhbət sülh prosesinin mahiyyətindən gedir. Sülh siyasi məna daşıyan bir termindir. Təbii ki, bunun bəzi mərhələləri var. Sülh prosesinə aparan yolda əsas istiqamət 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli sənəddir. İndi isə tərəflər gələcək sülh üçün prinsiplər barəsində danışıqlar aparır.

Bu prinsiplər sənədinin artıq 80-90 faiz səviyyəsində razılaşdırılması ilə bağlı bəyanatlar səslənir. Azərbaycan və Ermənistan tərəfindən bu istiqamətdə açıqlamalar verilir. Sülh dedikdə məhz bu amil başa düşülür. Ona görə də, bu razılaşdırılan əsas nəticə - prinsiplər sənədi kimi xarakterizə oluna bilər.

- Belə çıxır ki, tərəflərin yekun sülh müstəvisində qəti edəcəyi elə də böyük məsafə qalmayıb...

- Sözsüz ki, sülhə aparan yol uzundur. Bundan sonra da danışıqlar davam edəcək. Müxtəlif mövzulara aid müzakirələr bitdikdən sonra müxtəlif sənədlər əldə ediləcək. Bu sənədlər isə yekun sülh sazişi kimi bir razılaşma ilə nəticələnə bilər.

Eyni zamanda müxtəlif sahələrə aid bir neçə sazişdən ibarət razılaşma sənədi imzalanmış olar.

- Sərhədlərin dəqiqləşməsi və kommunikasiya xətlərinin açılması kimi vacib prinsiplərin bir razılaşmada əksini tapması mümkündürmü?

- Delimitasiya və demarkasiya ilə bağlı ayrıca bir sənədin əldə edilməsi mümkündür. Ya da bu, yekun sülh sazişinin tərkib hissəsində yer ala bilər. Həmçinin kommunikasiya xətlərinin açılmasına dair xüsusi bir sənədin razılaşdırılması ehtimalı var. Hətta bu məsələlərə aid olan hissənin yekun sülh sazişində, ya da ayrıca bir sənəd kimi imzalanması realdır. Azərbaycan tərəfi də məhz bu məsələləri bəyan edib.

- Amerikadan növbəti dəfə Zəngəzur dəhlizi ilə bağlı açıqlama verilib. Çin və Rusiyadan yan keçən kommunikasiya xəttinin açılması Ağ Ev tərəfindən gündəmə gətirilib. Bu istiqamətdə Azərbaycan və Ermənistandan keçəcək kommunikasiya xəttinin açılması önə çəkilib...

- Bu məsələyə aid bölgədən uzaqda olan ölkələrin və qüvvələrin maraqları müxtəlif var. Çin Orta Dəhliz layihəsinin icrasında maraqlı olduğunu bəyan edib. Bakı ilə Pekin arasında aparılan danışıqlarda yol infrastrukturuna külli miqdarda investisiya yatırılmasına hazır olduğu qeyd edilir. Artıq bu məsələyə görə Çin tərəfindən Gürcüstanda bir limanda investisiya planı əsasında işlər görülür. ABŞ də bu məsələdə nə dərəcədə maraqlı olduğunu bəyan edib. Rusiya da Zəngəzur dəhlizinə aid müxtəlif fikirlər səsləndirib.

- Sizcə, Bakının Zəngəzur dəhlizinin hansı şərtlər əsasında açılmasında maraqlıdır?

- Azərbaycanın isə Zəngəzur dəhlizi ilə bağlı mövqeyi bəllidir. Burada əsas amil Azərbaycanın özünün əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiya yaratmağa nail olmaq niyyətidir.

Vaxtilə bolşeviklərin qərəzli qərarları nəticəsində Azərbaycan iki hissəyə bölünüb. Nəticədə tarixi Azərbaycan torpaqları olan Zəngəzur Ermənistana verilib. Təbii ki, bu vəziyyət Azərbaycanın dövlətçiliyinə çox böyük ziyan gətirən bir haldır. Azərbaycanın da indiki halda istəyi odur ki, bu məsələ həllini tapsın.

- Digər şərtlərin təmin edilməməsi fonunda dəhlizlə bağlı Azərbaycanın ortaya qoyacağı mövqe nəyə əsaslanır?

- Tarixi ədalət bərpa edilməlidir. Vaxtilə Azərbaycan xalqının icazəsi və rəyi olmadan ermənilərə verilən torpaqlar geri qaytarılmalıdır. Eyni zamanda bunun əksinə olaraq ekstreterial şəkildə dəhliz yaranmalıdır. Bununla da Azərbaycan dövlətinin iki hissəsi arasında təhlükəsiz, sərbəst gediş-gəliş yaranmış olacaq.

Azərbaycan bu məsələdə digər ölkələrin öz maraqlarını irəli sürməsi fonunda özünün fundamental maraqlarından geri çəkilməyəcək.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “ictimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanıb.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər