31 İyul 19:56
884
12 Punto 14 Punto 16 Punto 18 Punto

HƏMAS lideri İsmayıl Haniyənin İran Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimindən sonra Tehranda qətlə yetirilməsi ciddi və yaddaqalan məqam oldu. Tehranda prezident seçkilərində qalib gələn tərəf məhz İslahatçılar qanadının nümayəndəsidir. İslahatçıların qalibiyyəti isə sistemin Qərblə dialoqa müəyyən mənada yaşıl işıq yandırması kimi xarakterizə edilir.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Vüqar Zifəroğlu deyib.

Onun sözlərinə görə, Pezeşkianın məhz seçkiqabağı kampaniyada qeyd etdiyi əsas məqamlardan biri Qərblə dialoqa getmək və proseslərə müəyyən mənada daha yumşaq müstəvidə yön vermək idi:

"Bu səbəbdən də elə Qərb və İranın analitikləri də birmənalı şəkildə Pezeşkianın qalibiyyətini Qərblə dialoqa getmək niyyətində olduğu kimi qiymətləndirirdilər.

İndi belə bir qətl hadisəsinin olması artıq nə dərəcədə bu dialoqun baş tutması ilə bağlı fikir yürütməkdə çətinlik yaradır. Çünki istər-istəməz ən azı Qəzza zolağında baş verən proseslər fonunda və HƏMAS-la İranın son bir ildə münasibətləri fonunda belə bir nəticə çıxarmaq mümkündür ki, artıq Qərblə İran arasında dialoq daha çox kəskin xarakter alacaq. Burada belə məqam ortaya çıxır ki, Qərblə İranın dialoqunda maraqlı olmayan tərəflər kimlərdir. Təbii ki, burada İsrailin maraqları var. İranın öz daxilində daha radikal mühafizəkar qruplaşmalar var ki, onlar da bu dialoqun tərəfdarı deyillər. Nəticə etibarilə bu qətl əslində Qərblə İran dialoquna çox ciddi şəkildə təsir göstərən hadisə kimi qiymətləndirilə bilər. İkinci məqam Türkiyə ilə bağlıdır. Bir neçə gün bundan əvvəl Qəzzaya girməklə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın maraqlı bir açıqlaması olmuşdu. Bu açıqlamanın fonunda qətl hadisəsinin baş verməsinin özü də kifayət qədər düşündürücü məqamdır. Burada bir məsələni də qeyd edək ki, Türkiyənin son 20 ildə Yaxın Şərq siyasətində Qəzza qırmızı cizgidir".

Ekspert vurğulayıb ki, Türkiyə hər zaman HƏMAS-a bu və ya başqa dərəcədə siyasi, diplomatik dəstəyini ifadə edib:

"Əsas vacib məsələ, ümumiyyətlə, bundan sonrakı proseslərdə Yaxın Şərqdə baş verəcək proseslərdir. İsrailin hansı addımlar atması və İranın Yaxın Şərqə təsirinin nə dərəcədə qalıcı qalması ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, qətl İranın paytaxtı olan Tehran şəhərində törədilib. Əslində belə bir zərbə, eyni zamanda İranın beynəlxalq imicinə çox ciddi təsirdir. İran nə dərəcədə daxilində təhlükəsizliyi təmin edə bilir, hər hansı proseslərin qarşısını ala biləcək gücdədir. Yəni bu, kifayət qədər ciddi məqamdır".

Vüqar Zifəroğlu qeyd edib ki, bu qətl hadisəsindən sonra Livanla bağlı aktivlik var: "Günün elə xəbərləri onu deməyə əsas verir ki, İsrail maksimum dərəcədə bu istiqamətdə operativ və kəskin addımlar atmağa başlayıb. Son bir ayın gündəmində İsrail, Hizbullah münasibətləri idi. Müharibə başlayacaqsa, bunun səbəbləri nə olacaq? Amma dəfələrlə qeyd etmişik ki, Hizbullahla müharibə əslində Qəzzada olan savaşa oxşamaz. Çünki ilk növbədə Hizbullah kifayət qədər oturuşmuş bir təşkilatdır. Digər tərəfdən Livan ərazisi əsasən də Cənubi Livan Qəzzaya oxşamır. Yəni müxtəlif yerlərlə əlaqələri baxımından Qəzza kimi Livanı mühasirədə saxlamaq mümkün deyil”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər