“Azərbaycanda rəsmi olaraq latın qrafikalı əlifba ilk dəfə 1923-cü ildən tətbiq olunmağa başlayıb. Lakin 1928-ci ildə Türkiyə də bu əlifbaya keçdiyinə görə Stalin Sovet İttifaqının bütün müsəlman respublikalarında, o cümlədən Azərbaycanda məcburi qaydada kiril əlifbasını tətbiq etdi və bu vəziyyət 1992-ci ilə qədər davam etdi. 1992-ci ildə yenidən latın qrafikalı Azərbaycan əlifbasına keçid respublikamızın dünya birliyinə inteqrasiyasının sürətlənməsi baxımından vacib addım oldu. Məhz bu baxımdan Ulu Öndər Heydər Əliyev tərəfindən 2001-ci il avqustun 9-da imzalanmış “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” Fərman xüsusi əhəmiyyət kəsb edən tarixi hadisədir.”
Teleqraf.com xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında VI çağırış Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.
K.Qafarov qeyd edib ki, respublikamızda Azərbaycan dilinin inkişafı və dövlət dili statusuna qədər yüksəlməsi də yalnız ötən əsrin 70-ci illərindən sonra mümkün olub: “Bütün süni məhdudiyyətlərə rəğmən Ulu Öndər Heydər Əliyev ana dili məsələsində öz mövqeyini hər zaman çox qətiyyətlə qorumağa müvəffəq olmuşdur. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Bu gün biz birmənalı olaraq deməliyik ki, Azərbaycan dilinin respublikamızda dövlət dili kimi qəbul edilməsi, qorunması və inkişafı istər sovet dönəmində, istərsə də müstəqillik dövründə birbaşa Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məlumdur ki, 1960-cı illərin sonuna qədər olan dövrdə respublikamızda Azərbaycan dili qətiyyən hakim mövqeylərə sahib deyildi. Həmin dövrdə ana dilimizin inkişaf etdirilməsi və zənginləşdirilməsi qeyri-mümkün idi və dövlət tərəfindən bu məqsədlə hər hansı bir tədbir də görülmürdü. Əksinə, bütün tədbirlər yalnız müttəfiq respublikalarda yerli xalqların doğma dillərinin sıxışdırılması məqsədini güdürdü. Yalnız 1969-cu ildən Azərbaycan Respublikasına rəhbərlik edən Heydər Əliyev dil məsələsində öz mövqeyini böyük cəsarətlə və qətiyyətlə bildirmişdir. Ulu Öndər SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdı ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Bu bəyanat birbaşa ana dilinin dövlət dili statusunu qorumaq məqsədi güdürdü.”
K.Qafarov Azərbaycan SSR-in Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusunun xüsusi maddə ilə təsdiq edilməsini Ümummilli Lider Heydər Əliyevin öz xalqı və gələcək müstəqil dövləti qarşısında ən böyük tarixi xidmətlərindən biri kimi qeyd edərək deyib: “Ümummilli Lider bu amal uğrunda öz mübarizəsini sovetlər dönəmində də böyük cəsarətlə aparırdı. 1977-ci ildə növbəti SSRİ Konstitusiyası qəbul edildikdən sonra müttəfiq respublikaların Konstitusiya layihələri də dərc olunaraq ümumxalq müzakirəsinə verildi. O cümlədən, Azərbaycan Respublikasının Konstitusiya layihəsi də hazırlanmışdı. Həmin dövrdə artıq respublikamıza rəhbərlik edən Heydər Əliyev var gücü ilə Konstitusiya layihəsinə Azərbaycan dilinin dövlət dili olması barədə maddə salınmasına çalışırdı. Nəticədə 27 aprel 1978-ci il tarixində Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə olundu. Bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi də Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasətinin uğurla həyata keçirilməsinin nəticələridir. Ölkə Prezidenti İlham Əliyev tərəfindən 2004-cü il yanvarın 12-də imzalanmış “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncama əsasən hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan möhtərəm dövlət başçımızın “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli-mənəvi varlığımızın sübutu olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Bütün bunlar ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlandığının əyani sübutudur”.