ReAl Partiyası sədrinin müavini Natiq Cəfərli Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Avropa Birliyinin Cənubi Qafqaz üzrə keçmiş xüsusi nümayəndəsi və birliyin Özbəkistandakı səfiri Toivo Klaar “Qarabağ ermənilərinin qayıdışı”ndan danışarkən, ölkəmizin əleyhinə təxribatçı fikirlərə yer verib. Klaar ermənilərin qayıdışını “xüsusi hal” kimi dəyərləndirsə də, Qərbi Azərbaycandan olan soydaşlarımızın öz doğma torpaqlarına qayıdışının bununla əlaqələndirilməsinin əleyhinə çıxıb. Avropalı diplomatın bu qərəzli şərhini necə qiymtələndirmək olar?
- Əslində, həmin şəxs artıq hansısa məsələlərə təsiretmə mexanizminə malik deyil, fəaliyyəti keçmişdə qalıb. Bundan sonra hansısa məsələlərə yanaşmada şərhçi kimi çıxış edə bilər. Amma dediyi sözlərin məntiqi yoxdur. Azərbaycanlıların Ermənistandan zorla deportasiya edilməsi ilə ermənilərin Azərbaycanı könüllü tərk etmələrini ayrıd edə bilməməsi, ən azı, məntiqinin zəif olmasından irəli gəlir.
Azərbaycan Ermənistandan fərqli olaraq, etnik erməni vətəndaşlarının qayıdışının önünü kəsmir, sadəcə, bütün ölkələrdə olduğu kimi, bəlli şərtlər var: Azərbaycan vətəndaşlığını qəbul etmək və qanunlarımızla yaşamaq. Azərbaycan ilk gündən bunu bəyan edir, bu şərtləri qəbul edənlərin geri dönə biləcəyini, onlar üçün heç bir problemin olmayacağını bildirir. Hətta bununla bağlı portal da yaradıldı. Ötən il ermənilər könüllü şəkildə Qarabağ və ətraf rayonları tərk edəndə Azərbaycan rəsmi şəkildə müraciət elədi ki, qalıb yaşaya bilərlər, onların təhlükəsizliyinə Azərbaycan dövləti zəmanət verir.
İndi qarşı tərəfə baxaq: Ermənistan indiyədək bir cümlə ilə belə deyibmi ki, 1987-1991-ci illərdə zorla öz yurdlarından qovulmuş azərbaycanlılar Ermənistana qayıda bilərlər. Hətta onlar da deyə bilərlər ki, Ermənistan vətəndaşlığını qəbul edib qayıtsınlar. Hətta bu cümləni belə işlətmirlər. Necə olur ki, Azərbaycan beynəlxalq hüquqla davranaraq bəyanatlar verir, amma bəzi avropalı diplomatlar və rəsmilər bunu da, Ermənistanın beynəlxalq hüquqa uyğun olmayan davranışlarını da görməzdən gəlirlər?! İndi bunun “özəl məsələ” kimi qiymətləndirilməsi məntiqsizlikdir.
İnsan taleyi, insan haqları zamana bağlı məsələ deyil. Almaniya İkinci Dünya Müharibəsindən hələ də soyqırımı, təqib, təzyiq, zərər və deportasiyaya məruz qalmış yəhudilərə kompensasiya ödəyir. Görün üzərindən neçə il keçib? Demək, bu, zamana bağlı məsələ deyil. İndi azərbaycanlıların 1988-ci ildə zorla qovulması ilə bağlı beynəlxalq hüquqda hansı ayrıcalıq ola bilər? Buna görə də, həmin şəxsin məsələ ilə əlaqədar yanaşması nəinki kökündən yanlış və qərəzlidir, həm də beynəlxalq hüquqa ziddir.
- Ümumiyyətlə, axır vaxtlarda bəzi qərbli diplomatlar və parlamentarilər yenidən “ermənilərin Qarabağa qayıdışı məsələsi”ni gündəmdə saxlamağa çalışırlar. Ermənistan mediası da bu zərərli tezis əsasında silsilə materiallar dərc etməyə başlayıb. Niyə Qərbdə bəzi siyasi dairələr yenidən bu anti-Azərbaycan tezisi və ya separatçı gündəmə qayıtdılar?
- Burada bir məsələni ayırmaq lazımdır, dövlətlər səviyyəsində Azərbaycana qarşı belə bir tələblə çıxış edən yoxdur, əlbəttə, Fransanın bəzi rəsmilərinin sərsəm açıqlamalarından başqa. Hansısa şəxslər, məsələn, amerikalı konrqesmen və senatorlar, yaxud Avropa Parlamentinin deputatlarına gəlincə, onlar özlərini təmsil edirlər, dövlətlərini yox. Onlar öz fikirlərini səsləndirə bilərlər. Amma Azərbaycanın ABŞ və Fransa istisna olmaqla, Avropa Birliyi üzvləri ilə dövlətlərarası münasibətlərində bu məsələ gündəmə gəlməyib.
Digər yandan, bəzi məsələlərdə Qərb diplomatlarının açıqlamaları Azərbaycana sərf edir. Məsələn, son zamanlarda ABŞ-dən Zəngəzur yolunun açılması ilə bağlı verilən açıqlamalar Azərbaycanın xeyrinədir. Bu, Ermənistan tərəfindən qıcıqla qarşılanır və medialarında həmin şəxslərin ünvanlarına təhqiramiz ifadələr səsləndirməkdən belə çəkinmirlər. Niyə ermənilər onlara belə aqressiv münasibət göstərirlər? Çünki bunlar rəsmi şəxslərin açıqlamalarıdır, dövlət və hökumətin mövqeyini ifadə edir. Azərbaycana qarşı açıqlamalar isə hansısa siaysətçi, parlamentari və ya şəxsin yanaşmasıdır, yəni dövlətlərin rəsmi mövqelərini ifadə eləmir. Bunlar fərqli məsələlərdir.
Ermənistanı narahat edən budur ki, onlar məsələləri dövlətlərarası münasibətlərə gətirə bilmirlər, amma Azərbaycan Zəngəzur dəhlizi məsələsini ABŞ rəsmiləri vasitəsilə beynəlxalq ictimaiyyətə təqdim etməyə nail olub.
- Bəs ABŞ niyə israrla Zəngəzur dəhlizi məsələsini gündəmə gətirir, nə baş verir ki, Vaşinqtonda bu mövzunun üstündə durmaq zərurəti yaranıb? Amerikadan son olaraq dövlət katibinin köməkçisi Ceyms Obrayen bir neçə gün əvvəl bu haqda danışıb.
- ABŞ Şərq-Qərb dəhlizinin Rusiyadan yan keçən qollarının olmasında maraqlıdır. İndi nə qədər müharibə və sanksiyalar olsa da, hələ də Çin və ətrafından dəmir yolları ilə Avropaya daşımaların 80-90 faizi Rusiya üzərindən həyata keçirilir. Burada texniki və siyasi problemlər yaşanır.
Siyasi problem odur ki, sanksiyalar qoyulub, Rusiyanı sıxmaq istəyirlər, amma yenə də bu ölkənin üzərindən alış-veriş edirlər. Bu da daxili ictimaiyyətdə ciddi narazılıq yaradır, izah edə bilmirlər.
Texniki məsələ odur ki, Rusiya üzərindən daşınan yüklərin sığortalanmasını Avropa və dünya şirkətləri sanksiyalara görə üzərlərinə götürmək istəmirlər. Buna görə də, ABŞ Rusiya və Belarusdan yan keçən dəhlizlərin açılmasında maraqlıdır. Burada da, demək olar ki, hazır və işə düşməsi mümkün olan yollardan biri Azərbaycanın mərkəzində olduğu Orta dəhliz layihəsidir. Bu xətlə Azərbaycan, Zəngəzur və Türkiyə üzərindən Avropaya rahat yük daşımaq mümkündür.
Bir məsələ var ki, Rusiya Zəngəzurdan keçəcək yolları öz nəzarətində saxlamaq istəyir, əsas düyün budur. Heç Azərbaycanla Ermənistan arasında bununla bağlı ciddi fikir ayrılığı yoxdur. ABŞ-nin mövqeyi budur ki, yollar hansı ölkənin ərazisindən keçirsə, o ölkənin suveren qanunları əsasında fəaliyyət göstərməlidir. Rusiya isə israr edir ki, Zəngəzurdan keçəcək dəmir və avtomobil yollarına o nəzarət eləsin.
ABŞ də çalışır ki, Ermənistanın bu məslədə Rusiya qarşısında üstünlüyü olsun. Yəni yol Rusiyanın əlində olmasın. Məsələdə düyün nöqtəsi Azərbaycanla Ermənistan arasındakı anlaşılmazlıqda deyil. Ermənistan dəfələrlə bəyan edib ki, kommunikasiyaların açılmasında problem görmür, Azərbaycan da haqlı olaraq bunu tələb edir.
Əsas məsələ yola nəzarət və ya dəhlizin Ermənistandan keçən hissəsinin təhlükəsizliyi ilə bağlıdır. Buna kim zəmanət verəcək və hansı qaydalarla fəaliyyət göstərəcək? ABŞ-nin israrı ondan ibarətdir ki, Azərbaycandan keçən yollara Azərbaycan, Ermənistandan keçən yollara da Ermənistan nəzarət eləsin. Bunlar həm də, Ermənistanla Rusiya arasındakı dərin problemləri bir az da dərinləşdirərək, İrəvanı Moskvadan daha çox qoparmaq cəhdləridir.