8 Avqust 09:05
28 639
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- ABŞ-nin Zəngəzurda, Ermənistanın İranla sərhədinə yaxın ərazilərdə canlı qüvvə və texnikalar yerləşdirməsi barədə məlumat var. Üstəgəl, ABŞ-nin hərbi yük təyyarələri ilə Ermənistana külli miqdarda silah-sursat və texnika gətirdiyi bildirilir. Həmin məlumata görə, bu, apreldə Brüsseldə Avropa Birliyi, ABŞ və Ermənistan arasında imzalanmış məxfi anlaşma çərçivəsində həyata keçirilib. Əgər bu məlumat doğrudursa, sizcə, burada məqsəd nə ola bilər?

- Prinsipcə, Ermənistan hökuməti və şəxsən Baş nazir Nikol Paşinyan Rusiya ilə hərbi əməkdaşlıqdan uzaqlaşmaq istəyirsə və yaxın gələcəkdə KTMT-dən çıxmağa çalışırsa, alternativ yol tapmalıdır. Görünür, alternativ də ABŞ və Fransa ilə hərbi əməkdaşlığı genişləndirməkdir.

Bu çərçivədə Fransadan hərbi texnikalar alınıb, ABŞ ilə hərbi təlimlər keçirilib. Düzdür, hələ istəklərinə nail ola bilmirlər, Rusiyadan asılılıq qalır, amma istisna etmirəm ki, ABŞ rəsmiləri ermənilərlə təhlükəsizlik təminatları və birgə təlimlərin sayının artırılması ilə bağlı danışıqlar aparırlar. Amerikanın Cənubi Qafqazda möhkəmlənməsi üçün belə bir gedişat ola bilər.

Əslində, ABŞ və Ermənistan arasında baş verənlərdən ən çox narahat olan iki dövlət var: Rusiya və İran. Moskva həmişə mövqeyini bildirir, Ermənistanı bu siyasətinə görə tənqid edir. Amma həmişəki kimi, İrandan səs çıxmır. İranın dini lideri Xameneyi bir neçə gün əvvəl yeni prezidentin andiçmə mərasimində iştirak edən Paşinyanla görüşdü.

Dini lideri bu görüşdən sonra Zəngəzur dəhlizi ilə bağlı bizi hədələməkdənsə, Paşinyanı hədələməliydi ki, siz nə edirsiniz, bizim əsas düşmənimiz Amerikanı bölgəyə gətirirsiniz, bu, İran və Cənubi Qafqaz üçün təhlükəlidir. Əslində, buna mövqe bildirməli olan ilk ölkə İrandır. Amma görünür, söhbət Azərbaycandan gedəndə “Şeytan” adlandırdıqları qüvvələrlə birləşməyə hazırdırlar.

Belə xəbərlərin sayı artarsa, Rusiya yenə də öz narahatlığını bildirəcək. Baxmayaraq ki, indi Rusiyanın başı Ukraynada qarışıb, amma Amerikanın hərbi baxımdan Cənubi Qafqazda möhkəmlənməsini istəməz. Üstəgəl, Ermənistan hələ də KTMT-nin üzvüdür, Rusiyanın orada hərbi bazaları var, rus sərhədçiləri hələ də bu ölkənin Türkiyə və İranla sərhədlərini qoruyur, Rusiyadan iqtisadi asılılıq davam edir və sair.

Bütün bunlar varkən, Ermənistanın addımları Rusiyanı narahat edəcək. Ermənistanın ABŞ ilə hərbi cəhətdən yaxınlaşmaq cəhdləri özü üçün də risklər yaradır. Rusiya görsə ki, Nikol Paşinyan bu siyasətindən vaz keçmir, Ermənistanı qarışdırmaq üçün alətlərini işə sala bilər.

- Rusiya və ABŞ-nin hərbi cəhətdən təmsil olunduğu ölkələrdə həmişə savaş və toqquşmalar olub. Məsələn, Ukrayna, Gürcüstan, Suriya və sair. Bəs Ermənistanla bağlı durum necə olacaq?

- Bəli, böyük dövlətlərin müxtəlif bölgələrdə maraqları toqquşur. Məsələn, keçmişdə Cənubi Qafqazda Gürcüstanda olmuşdu. İndi Gürcüstanla bağlı durum fərqlidir, Qərb Tiflisi Rusiyaya yaxınlaşmaqda ittiham edir. Halbuki Gürcüstan 2008-ci il müharibəsindən sonra Rusiya ilə heç diplomatik əlaqələrini bərpa etməyib. Burada yenə də maraqlar toqquşur, indi də Ermənistan.

Azərbaycan bu iki ölkədən fərqli olaraq elə siyasət yürüdür ki, burada maraqlar toqquşmasın. Biz maraqları uzalaşdırmağa çalışırıq. Bizim Rusiya ilə yaxın, ABŞ ilə yaxşı əlaqələrimiz var, Avropa Birliyini tənqid etsək də, əsas ticarət tərəfdaşlarımız birlik üzvləridir. Təkcə Fransa ilə anti-Azərbaycan siyasətinə görə əməkdaşlıqdan vaz keçmişik. Amma qalan dövlətlərlə münasibətlərimiz normaldır.

Cənubi Qafqaz maraqların toqquşduğu məkana çevrilə bilər, buna yol vermək olmaz. Biz burada sabitliyə çalışırıq. Prezident İlham Əliyevin də Paşinyana təklifi odur ki, gəl, sülh müqaviləsini imzalayaq və Qafqaz Evi yaradaq. Bu, bölgədə sabitlik və inkişaf üçün daha yaxşı şərait yaradar. Amma yenə də, bizdən asılı olmayan səbəblərə görə maraqlar toqquşur. Təkcə Cənubi Qafqaz yox, Ukraynada da görürük ki, müharibə davam etdikcə oyunçuların da sayı artır.

Yaxın Şərqdəki hadisələr də göz qabağındadır. İndi də İran-İsrail qarşıdurması ehtimalı artıb. Düzdür, İran götür-qoy edir, çünki İsraillə bacara bilməyəcək, amma hansısa yolla qonağının evində öldürülməsinin qisasını almağa çalışır. Hələlik alınmır, intiqamdan danışılsa da, heç bir reaksiya yoxdur. Çünki İsrail hərbi cəhətdən İrandan daha güclüdür. Buna görə də, hələlik bu yöndə aktivlik yoxdur. Amma bölgədə başqa müharibələrin şahidiyik: Qəzzada müharibə davam edir, İsrail “Hizbullah”ın Livandakı obyektlərini vurur, “Hizbullah” da İsarili və sair.

Yaxın Şərq də Azərbaycandan çox da uzaq olmayan bölgədir. Bizə qonşu və tərəfdaş olan üç ölkə arasında gərginlik yaşanır. İran qonşumuz, Türkiyə strateji müttəfiqimiz, İsrail də tərəfdaşımızdır. İndi bu üç ölkə arasında durum yaxşı deyil, əlbəttə, biz seçim qarşısında qalmaq istəməzdik. Amma gərginlik artır – həm Yaxın Şərq, həm də Ukraynada. Asiyada vəziyyət stabil deyil, məsələn, heç kimin gözləmədiyi halda bir gündə Banqladeşdə ara qarışdı, yüzlərlə insan həlak oldu.

Banqladeşdə də böyük dövlətlərin maraqları toqquşur. Ümumiyyətlə, dünya və beynəlxalq münasibətlərdə vəziyyət gərgindir.

Soyuq müharibə illərində ikiqütblü dünya vardı, qütblər pis-yaxşı anlaşa bilirdilər. Amma soyuq müharibə arxada qalıb, ABŞ-nin də fövqəldövlət statusu da getdikcə kiçilir, sanki birqütblü dünya dönəmi başa çatmaq üzrədir. Çoxqütblü dünya da heç kimə təhlükəsizlik vəd eləmir, əksinə, vəziyyət getdikcə gərginləşir, çünki hər kəs öz ətrafında öz qaydalarını formalaşdırır. Bu da dünya üçün daha böyük təhdidlər yarada bilər.

- Rusiya sərhədçilərinin Kərki və Arazdəyən istiqamətindən çıxması da bir neçə gündür Ermənistanda müzakirə mövzusudur. Erməni mənbələrinin iddialarına görə, bu, sözügedən iki kəndin Azərbaycana təhvil verilməsi ilə əlaqəlidir. Siz bu haqda nə düşünürsünüz?

- Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ötən günlərdə Bakıda oldu, İrandan qayıdarkən burada dayandı. İlham Əliyev Şoyqu ilə görüşdə önəmli açıqlamalar verdi. Prezident bildirdi ki, Rusiya ilə tərəfdaşlıq güclənib, aramızda heç bir mübahisə yoxdur.

Keçmiş və yaxın tarixdə Rusiyanın siyasətindən narazılıqlarımız olub, indinin özündə də Rusiyanın Ukraynada apardığı müharibədən vətəndaşlarımız arasında narazılıq var. Amma buna baxmayaraq, reallıq da mövcuddur.

Reallıq da bundan ibarətdir ki, İkinci Qarabağ Maharibəsində Rusiya bizə mane olmadı. Üstəgəl, hərbi qüvvələrini Qarabağdan vaxtından əvvəl çıxardı, bunların da münasibətlərə müsbət təsiri oldu. Əgər indi Rusiya siz dediyiniz istiqamətlərdə də sərhədçilərini çıxarıbsa, bu da müsbət addım kimi qiymətləndirilə bilər. Çünki biz Ermənistandan bu ərazilərin Azərbaycana təhvil verilməsini tələb edirik. Bu ərazilərin Ermənistana aidiyyəti yoxdur.

Ermənilər çox ümid edirdilər ki, Rusiya hərbçiləri onları qoruyacaq, Azərbaycanı Qarabağı azad etməyə imkan verməyəcək. Amma biz ərazilərimizi azad etdik, Qarabağ üzərində suverenliyimiz təmin etdik, ərazi bütövlüyümüz bərpa olundu.

Bizim növbəti hədəflərimiz də var. Məsələn, Zəngəzur dəhlizi açılmalıdır, 4 anklav qaytarılmalıdır. Əgər Rusiya bu məsələlərin həllində bizə mane olmayacaqsa, bunun da münasibətlərə müsbət təsirləri olacaq.

- Ermənistan KTMT-nin son hərbi təlimlərindən də imtina etdi, paralel olaraq, Rusiyanın “Zvartnots” hava limanındakı sərhədçiləri çıxarıldı. Rusiya və KTMT ilə hərbi əməkdaşlıqdan imtina edən Ermənistanın ABŞ ilə birgə təlimlərinin artması da diqqət çəkir. İrəvandan Avropa Birliyi yönündə də fəal addımlar var. Ermənistanın avrointeqrasiya macərası necə bitəcək, Rusiyanın cavab addımlar hansı formada olacaq?

- Ermənistan hökuməti və Paşinyan çox çalışır ki, Rusiyanı ABŞ, Avropa Birliyi və Fransa ilə əvəzləsin. Avropa Birliyi bu işə yaramır, çünki hərbi yox, iqtisadi strukturdur. Ermənistan isə iqtisadi zəmində tamamilə Rusiyadan asılıdır.

Ermənistan istəsə də Rusiyadan uzaqlaşa bilməyəcək. Ermənilər azsaylı məhsullarının hamısını ancaq Rusiya bazarında sata bilirlər. Bu məhsulları Fransa və ABŞ almayacaq. Amma Paşinyan beyninə yeridib ki, KTMT-dən çıxmaq lazımdır. Bunu deyir, amma addım atmağa cəsarəti çatmır, qorxur.

Ermənistan KTMT-nin tədbirlərinə qatılmır, nə zaman çıxacağını da demir. Paşinyan başa düşür ki, Rusiya buna görə Ermənistanı cəzalandıra bilər. Çünki bu, Rusiyanın nüfuzuna zərbə olacaq, bunun baş verməməsi üçün də Paşinyana təzyiqi artırıblar. Əgər Paşinyan KTMT-dən çıxmaq qərarı versə, Rusiya iqtisadi zəmində Ermənistana problemlər yaradacaq, bunun üçün imkanları da çoxdur.

Paşinyan hərbi baxımdan Rusiyanı tənqid eləsə də, şübhəli şəkildə iki ölkə arasında ticarət, idxal-ixrac əməliyyatları artır. Bu da Ermənistanın sanksiyalardan yayınan Rusiyaya yardımı ilə bağlıdır. Rusiya sanksiyalar altında olan bəzi strateji məhsulları Ermənistan vasitəsilə alır.

Paşinyan üçün çətindir, o deyir ki, KTMT-ni tərk edə bilərik, amma Avrasiya İqtisadi Birliyində qalacağıq. Rusiya da bir gün ona cavab verəcək ki, belə ola bilməz, iqtisadi baxımdan məndən faydalanırsan, hərbi baxımdan Qərbə sığınırsan. Gürcüstan nümunəsi var. Keçmiş prezident Saakaşvili qarşısına NATO üzvlüyünü qoymuşdu, Rusiya gəlib Gürcüstanı dağıtdı, Abxaziya və Cənubi Osetiyanı rəsmən işğal etdi. İndi Gürcüstan NATO-nun üzvüdürmü? Heç nə vaxt olacağı da məlum deyil, əksinə, NATO-Gürcüstan əlaqələri gərginləşib.

“Mən NATO üzvü olacam” deməklə, NATO üzvü olmaq mümkün deyil. NATO üzvlüyünə ən yaxın dövlət Ukraynadır. Amma müharibə gedir, əraziləri işğal olunub, NATO da vəd verə bilmir ki, nə vaxt üzv olacaq. Ermənistan da istəsə belə, mümkün deyil. Başqa bir maneə də var, Ermənistan ordusundakı Rusiya hərbi kəşfiyyatı güclüdür. Bunu Paşinyan da etiraf edib, erməni zabitlərinin mütləq əksəriyyəti keçmiş SSRİ və Rusiya hərbi məktəblərinin məzunlarıdır, Moskvaya bağlı adamlardır. İndi bu zabitləri bir ay və ya bir ilə necə NATO standartlarına keçirmək olar?

Biz bu problemi böyük ölçüdə həll etmişik, son otuz ildə Türkiyə hərbi akademiyalarını bitirən zabitlər indi Azərbaycan Müdafiə Nazirliyində yüksək vəzifələrdədir. Rusiyanın hərbi tədrisindən qurtulmuşuq, Türkiyə və ya NATO standartlarına keçmişik. Amma biz qarşımıza məqsəd qoymamışıq ki, NATO-ya üzv olacağıq. Maraqlarımız da uyğun deyil, desək belə, götürməyəcəklər və vəziyyətimiz ağırlaşacaq.

Ermənistan KTMT-dən çıxsa və NATO-ya yaxınlaşsa, əlbəttə, Rusiya buna seyirçi qalmayacaq. Rusiya Paşinyanı çoxdan devirərdi, amma hələlik bunu bacarmır, gücü çatmır, müxalifət də zəifdir. Amma Paşinyan belə bir addım atsa, Rusiya iqtisadi zəmində Ermənistanı boğmağa çalışacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər