Politoloq Zərdüşt Əlizadə Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- ABŞ-nin Zəngəzura canlı qüvvə və hərbi texnikalar göndərdiyi bildirilir. Paralel olaraq, amerikalı hərbi mütəxəssislərin Ermənistan Müdafiə Nazirliyində fəaliyyətə başlamaları haqda məlumat var. Ermənistanda hərbi cəhətdən yerləşmə Amerikanın hansı maraqlarından irəli gəlir?
- Amerika bir qlobal dövlət kimi bütün dünyaya təsir etmək istəyir. O cümlədən Rusiyanın addım-addım tərk etdiyi post-sovet məkanında da yerləşməyə çalışır. Bilirsiniz ki, Amerikanın İrəvandakı səfirliyi nəhəng bir kompleksdir, 2500-ə yaxın işçisi var, onların təxminən 100-ü diplomatdır, 2400-ü hərbçidir. Əlbəttə, onlar həm İrana qarşı kəşfiyyat işi ilə məşğuldurlar, həm də Ermənistan daxilində gedən ictimai-siyasi proseslərə nəzarət edirlər. O cümlədən əminəm ki, Paşinyanın da arxasında durublar və onu dəstəkləyirlər.
İndi siyasi proseslərə elə bir mərhələyə gəlib çatıb ki, Amerika açıq şəkildə Ermənistanda aparıcı dövlət olduğunu sübut etmək və təsdiqləmək istəyir. Buna görə də, erməni ordusu ilə sıx əməkdaşlığa gedir, ora müşavir qismində öz hərbçilərini göndərir. Əlbəttə, ermənilərə döyüş tapşırığı vermirlər, onlar müşavirdirlər, təlimatçı və müəllimdirlər. Erməni ordusunu öz standartlarına uyğun təlimatlandırmaq və öyrətmək istəyirlər. Silah və müəyyən avadanlıqlar verirlər. Bu da normaldır, gözlənilməz bir şey yoxdur.
Türkiyə də bizə təlimatçılar göndərir, hərbçilərimizə təlimlər keçir. Rusiya da ona yaxın olan dövlətlərə təlimatçılar göndərir, onların zabitlərini hazırlayır. Yəni bu, standart vəziyyətdir.
- ABŞ-nin hərbi baxımdan Ermənistanda güclənməsi Azərbaycan üçün də təhdidedici durum yaratmırmı?
- Yox! Ona görə yaratmır ki, Ermənistan bizim tayımız deyil, hərbi, siyasi və iqtisadi baxımdan biz ondan qat-qat ağırıq. Bizim Ermənistanla heç bir ortaq cəhətimiz yoxdur. 2020-ci il müharibəsindən sonra məsələ həll olub. Yavaş-yavaş sərhədləri delimitasiya-demarkasiya edəcəyik, yollar məsələsini də həll edəcəyik, sonra diplomatik münasibətlər bərpa ediləcək. Onlarını onlarda, bizimki də bizdə qalacaq, tədricən iki normal qonşu kimi yaşamağa başlayacağıq.
Ermənistan istəyir Çin, istəyir Hindistan, istərsə də Amerika və ya başqası ilə dostluq eləsin, özü bilər. Bunun bizə heç bir aidiyyəti yoxdur.
- ABŞ KTMT üzvü və Rusiya müttəfiqi olan bir ölkənin ərazisində necə özünə belə rahat yer edə bilir?
- Ermənistanın üzvü olduğu hərbi-siyasi-iqtisadi birliklər (Avrasiya İqtisadi Birliyi, KTMT və sair) Amerika üçün o qədər təhlükəli və mühüm deyil. Digər yandan, açıq şəkildə görünür ki, Ermənistan dövləti və cəmiyyətinin inkişaf istiqaməti Qərbə tərəfdir. Prosesi sürətləndirmək üçün rəsmi üzvlüklərə məhəl qoymadan Ermənistanla əməkdaşlığı inkişaf etdirirlər. Buna görə də, Ermənistan KTMT-dəki fəaliyyətini dondurub, oradan çıxmaq zaman məsələsidir. Hansısa mərhələdə elan edəcəklər ki, çıxdıq. Amma Avrasiya İqtisadi Birliyinə üzv olmaq iqtisadi baxımdan Ermənistana xeyirdir, oradan böyük pullar qazanır. Qərb də buna dözümlü yanaşır, deyirlər ki, qoy pul qazansın. Bundan Qərbə ziyan dəymir, Ermənistan Qərbdən malları alıb Rusiyaya, Rusiyadan da alıb Qərbə ötürür. Vasitəçi kimi pul qazanır, özü bilər.
Hər halda, Ermənistanın bu birliklərə üzvlüyünün Amerika və ya Qərbə heç bir təsiri yoxdur.
- Rusiya Amerikanın həmlələrinə etiraz etsə də, prosesin qarşısını almaq üçün praktiki addımlar atmır. Niyə Moskva bunun önünə keçmir və ya keçə bilmir?
- Rusiyanın əlindən nə gələ bilər, nə edə bilər? Rusiyadakı erməni lobbisi çalışır, heç nə bacarmır. Rusiya kəşfiyyatı çalışır, heç nə edə bilmir. Rusiya mütəxəssislərinin də əllərindən heç nə gəlmir. Artıq Ermənistana silah vermirlər, Ermənistan da gedib silahları başqa yerlərdən alır. Qazı kəsə bilər, Azərbaycan da deyir ki, mən qaz verə bilərəm, puluna minnət. İndi Rusiya bilmir ki, qazını hara satsın. Əvvəllər Avropaya 155 milyard kubmetr qaz satırdılar, bundan da siyasi silah kimi istifadə edirdilər. Amma indi Avropa ilə münasibətlər kəsilib, qazını alan yoxdur, “Qazprom” böyük ziyanla işləyir.
Ermənistana da çox qaz satmır. Ermənistan artıq deyir ki, Fransa ilə atom elektrik stansiyası tikəcəm, bu da “Rosatom” üçün itkidir. Yəni Rusiyanın prosesə təsir etmək üçün güclü vasitələri qalmayıb.
Ermənistan tədricən Rusiyadan ayrılmağa çalışır, üzünü də Qərbə tutub. Getsin.
- İranın da yanaşması maraqlıdır. Həmişə regiondankənar oyunçuların Cənubi Qafqaza girmək cəhdlərinə qarşı çıxan Tehran indi nədən “düşmən” adlandırdığı qüvvələrin sərhədləri yaxınlığında yerləşməsinə səsini çıxarmır?
- İran da başa düşür ki, artıq Ermənistana təsir eləmək üçün vasitə və imkanları yoxdur. İran vaxtilə Qarabağ münaqişəsində Ermənistana dəstək verəndə İrəvan Tehranı nəzərə alırdı, indi münaqişə yoxdur, Qarabağ Ermənistanın əlindən çıxıb. Bu durumda İran Ermənistana nəylə təsir edə bilər? Heç nə ilə. Maddi baxımdan da asılı deyil. Əvvəllər Ermənistan blokadadaydı, İran onun üçün nəfəslik idi, indi yollar açıqdır, Gürcüstan üzərindən gedib-gəlir. Yəni Ermənistanın İrandan da o qədər asılılığı yoxdur, əksinə, Tehranın İrəvandan asılılığı var. Çünki İran təcrid olunmuş ölkədir, dünyaya da göstərmək istəyir ki, mən tək deyiləm, bir xristian dövləti ilə münasibətlərim yaxşıdır. İranın Ermənistana təsir imkanları çox məhduddur.