ABŞ hərbi kontingentinin Qərbi Zəngəzura yerləşməsi təsadüfi deyil. Hazırda bölgədə kifayət qədər ciddi, gərgin proseslər gedir. Amerika Ermənistanın yaratdığı imkanlardan istifadə edərək, addım-addım bu ölkədə niyyətini həyata keçirir. Artıq Amerika müxtəlif adlar altında canlı qüvvəni və hərbi yük təyyarlərini Ermənistana göndərib.
Bunu Teleqraf.com-a Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib.
O qeyd edib ki, Amerikanın bölgəyə hərbi cəhətdən yerləşməsi bundan sonra da davam edəcək:
“Avropa İttifaqı, Ermənistan və ABŞ arasında razılaşmalar qəbul edilərkən bəziləri bunun ancaq Rusiyaya qarşı olduğunu düşünürdü. Sözsüz ki, İrəvana olan himayəçilik təkcə Moskvanın bölgədən sıxışdırılıb çıxarılmasına xidmət etmirdi. Bu, eyni zamanda gələcəkdə Azərbaycan üçün ciddi problemlər yarada biləcək addımlar idi. İndi məhz bu məkirli planların nəticələri müşahidə edilir”.
Partiya sədri hesab edir ki, Amerikanın hazırda Zəngəzur, Meğri istiqamətində hərbi kontingentini yerləşdirməsinə reaksiyalar fərqlidir:
“Bu istiqamətdə Ermənistan sərhəddini qoruyan rus sərhədçiləri olduğu halda, onların beş addımlığında Amerika əsgəri dayanmalı olur. Bu, ziddiyyətli durumdur. İsrail-İran qarşıdurması fonunda ABŞ-in Meğridə İrana kəşfiyyat və ya gələcək müdaxilə üçün yerləşdiyi nəzərdə tutulmayıb”.
Fəzail Ağamalıya görə, bu, Meğridən də rus əsgərinin çıxarılmasına hesablanıb:
“2020-ci ilin 10 noyabrında imzalanmış (Azərbaycan, Rusiya, Ermənistan) üçtərəfli razılaşmanın 9-cu bəndi, yəni Zəngəzur dəhlizinin açılmasını ehtiva edən bəyanatın siyasi, hüquqi yükü təhlükə qarşısındadır. Amerika əsgəri ərazidədirsə, Rusiya zor gücünə Zəngəzur dəhlizini aça bilməyəcək. Bu iki dövlət arasında geniş xarakterli savaşa səbəb olar. Demək, Zəngəzur dəhlizinin açılmasında həlledici mövqe ABŞ-in əlinə keçir. İrana qarşı da Amerika buradan müəyyən niyyətlərini həyata keçirəcək. Artıq Zəngəzurda ABŞ-la Rusiya arasında ciddi problemlər yaranıb”.