13 Avqust 15:10
2 159
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Zərdüşt Əlizadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Bir neçə gündür Ukrayna ordusunun Rusiyaya hücumu davam edir, 1000 kvadratkilometrdən çox ərazinin ələ keçirildiyi barədə Prezident Vladimir Zelenskiyə məruzə olunub. Rusiya ərazisinə müdaxilə müharibənin gedişinə necə təsir edəcək, Ukrayna götürdüyü əraziləri saxlaya biləcəkmi?

- Hər şey Rusiyanın əlavə qüvvələri səfəbər edib döyüş meydanına göndərmək qabiliyyətindən asılıdır. Canlı qüvvə baxımından Rusiya Ukraynadan qat-qat güclüdür, maliyyə imkanları və sənayesi böyükdür. İndi yarım milyondan çox ordusu Ukrayna ərazisində vuruşur. Rusiya ərazisinə - Kurska isə Ukraynanın bir diviziyası girib, hələlik onun qarşısına çıxan qüvvə yoxdur. Ya ehtiyat qüvvələri toplayıb, ya da Ukraynadakı qüvvələrinin müəyyən hissəsini çəkib Kurska göndərəcək.

Ukraynanın məqsədi Suca şəhərindəki qazötürmə məntəqəsini əlində saxlamaqdır. Həmin məntəqə Rusiya qazının Avropaya ötürüldüyü mərkəzdir. Həm də Rusiya əhalisinə göstərirlər ki, müharibə sizdən də uzaq deyil, sizin də ərazinizdə gedə, evlərinizi viran qoya bilər. Rus əhalisinin Putinin sözsüz dəstəkləməsinin bir tərəfi də müharibənin Rusiya ərazisinə keçməsi oldu.

Siyasi oyun davam edir, hələlik Ukrayna ordusu irəliləyir, ələ keçirdiyi əraziləri genişləndirir. Dediyim kimi, hər şey Rusiya hərbi komandanlığının görəcəyi tədbirlərdən asılıdır.

- Ukraynanın hücumu ilə danışıqların yaxınlaşdığını, Rusiyanın öz ərazisini müdafiə etmək üçün Donbasdakı qüvvələrinin bir qismini geri çəkəcəyini, işğal edilmiş ərazilərin mübadilə ediləcəyini iddia edənlərin də sayı artıb.

- Bəli, belə bir ehtimal da var ki, danışıqlar ərəfəsində Ukrayna daha əlverişli mövqeləri ələ keçirmək istəyir.

- Qərb uzun müddət Ukraynaya verdiyi silahlardan Rusiya ərazisində istifadəyə icazə vermədi, amma son hücumlarda bu silah və texnikalardan istifadə olundu. Nə dəyişdi ki, Qərb Ukraynanın bu silahlardan Rusiya ərazisində istifadəsinə göz yumur?

- Qərb istədiyi nəticəni əldə edib: Rusiya zəifləyib, təcrid olunub, beynəlxalq əlaqələri kəsilib, iqtisadi vəziyyəti ağırlaşıb, çətinliklər əldə etdiyi bazarları itirib. Qərb bunu istəyirdi, bunu da aldı. Qərb Rusiyanın tamamilə dağılmasında maraqlı deyil. Çünki ortada nüvə silahı təhlükəsi var. Nüvə silahlarına hansısa güclü bir mərkəz nəzarət etməlidir, məsuliyyətsiz qüvvələrin əllərinə düşməməlidir. Buna görə də, Qərb Rusiyanın mərkəzləşmiş və vahid dövlət kimi qalmasını istəyir. Eyni zamanda istəyir ki, bu dövlət kifayət qədər zəif və sözəbaxan olsun.

Həm Ukrayna, həm də Rusiyanı haldan salıblar, kifayət qədər maddi ziyan vurublar. İndi də gözləyirlər ki, itaət edib razılığa gəlsinlər.

- Rusiya müharibənin əvvəlində bəyan etmişdi ki, ərazi bütövlüyü və suverenliyinə təhdid yaranarsa, nüvə silahından istifadə olunacaq. Amma indi ritorik olaraq belə bu mövzudan danışmırlar.

- Bunu dünya-aləmdən xəbəri olmayanlar deyə və düşünə bilər, Rusiyada həmin adamlar arada bununla hədə-qorxu gəlirlər. Onlar bilmirlər ki, nüvə silahından istifadə olunsa, Rusiyaya hansı ziyan dəyəcək. Bir nüvə bombasını partlatmaqla Ukrayna məhv olmayacaq, amma Rusiya bütün dünyada təcrid ediləcək.

İndi Rusiyanın müəyyən ölkələrlə əlaqələri var, amma nüvə silahından istifadə eləsə, bu da olmayacaq. İlk növbədə, Çin Rusiyadan üz döndərəcək. Çünki bu, bəşəriyyətə qarşı ağır cinayət olardı.

- Ukraynanın Rusiyaya hücumu Kreml daxilində hansı siyasi gəlişmələrə yol aça bilər?

- Hələlik Rusiya hakimiyyəti daxilində çaxnaşma və dəyişiklik nəzərə çarpmır. Ukrayna ordusunun Kurskda irəliləməsi və 1000 kvadratkilometr ərazisini tutması elə bir hadisə deyil ki, Rusiya hakimiyyətini sarsıtsın. Məsələn, ötən il Yevgeni Priqojin hərbi qiyama cəhd eləmişdi, rəhbərlik etdiyi qüvvələr Moskvaya yürüşə başlamışdı, 5-6 təyyarəni də vurmuşdular, Rostovu tutmuşdular, digər şəhərlərə də girmişdilər. Amma sonra geri döndülər. Rusiya hakimiyyəti bundan sarsılmadı, dəyişmədi. Kurska hücum da Rusiya hakimiyyətini sarsıtmır, dəyişmir.

- Rusiya Xarici Kəşfiyyat Xidmətinin məlumatına görə, ABŞ sabiq xarici işlər naziri, erməni əsilli Arsen Avakovun (Avakyan) Zelenskinin yerinə keçməsini istəyir. Rusiya kəşfiyyatı hesab edir ki, Avakov Zelenski ilə müqayisədə Rusiya ilə danışıqlara daha loyal baxır. Bu iddia nə qədər doğrudur?

- Boş söhbətdir. Heç kim bunu sübut edə və bununla bağlı dəlil əldə edə bilməz. Heç bir əsası olmayan söhbətdir.

- Ümumiyyətlə, Rusiya-Ukrayna müharibəsi ilə bağlı proqnozunuz necədir?

- İstənilən müharibə sülh müqaviləsi ilə bitir. Ermənistanla Azərbaycan 30 ildən artıq bir-biriylə müharibə apardı, 30 minə yaxın insan həyatını itirdi, onminlərlə insan yaralandı, 1 milyondan çox insan didərgin düşdü. Amma bu gün müharibə dayanıb, sülh müqaviləsi ilə bağlı danışıqlar gedir.

Mən əminəm ki, hansısa mərhələdə Ukrayna ilə Rusiya arasında da hansısa şərtlərlə sülh müqaviləsi imzalanacaq. Əbədi müharibə yoxdur. Tarixdə 30-50 il davam edən savaşlar olub, eləcə də Birinci və İkinci Dünya müharibələri. Axırda sülhlə bitib.

Bəşər övladı nadinc məxluqdur, müharibəsiz yaşaya bilmir. Ağlı ora qədər çatmır ki, məsələləri müharibəsiz həll eləsin. Buna görə də, tez-tez müharibələr olur və sülh müqaviləsi ilə bitir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər