16 Avqust 19:23
5 070
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Xarici İşlər Nazirliyi rəsmi Bakının tələbi ilə bağlı açıqlama verib. Bildiriblər ki, ATƏT-in Minsk qrupunun buraxılması prosesinə sülh müqaviləsinin imzalanması çərçivəsində baxa bilərlər. Ermənistan çarəsizdir, hətta bu əhəmiyyətsiz məsələyə belə özlərinin maraqları baxımından son çarə kimi baxırlar.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Natiq Miri deyib.

Onun sözlərinə görə, Minsk qrupunun rəsmi olaraq hələ də qalması heç nə ifadə etmir:

“Çünki bu, bir fəaliyyətsiz qurumdur. Bunun fəaliyyət göstərməsinə Azərbaycan heç bir zaman nə razı olacaq, nə də imkan verəcək. Sadəcə olaraq, Azərbaycan artıq Qarabağ problemini həll etdiyi üçün bu məsələnin tamamilə həm rəsmi, həm qeyri-rəsmi, həmçinin mənəvi, psixoloji cəhətdən tamamilə silinməsini istəyir. O baxımdan Azərbaycan üçün önəm daşıyır. Yoxsa bu, o qədər də əhəmiyyətli bir məsələ deyil. Çünki Minsk qrupu həmsədr dövlətləri bu gün müharibə şəraitindədir. Bunların birgə fəaliyyəti də mümkün deyil. Ayrıca bir də sülh sənədi kontekstində baxıla biləcəyini iddia edən Ermənistan dolayısı ilə sülh müqaviləsinin İrəvanın maraqları kontekstində imzalandığı təqdirdə bu məsələyə baxılacağını deyir.

Ancaq düşünürəm ki, bu belə deyil. Sadəcə olaraq, bu, daha çox daxili auditoriyaya hesablanmış, həm də Ermənistanın havadar dövlətlərinin maraqlarına, xüsusilə Fransanın maraqlarına hesablanmış bir açıqlamadır. Eyni zamanda reallığı əks etdirmir. Bu yaxınlarda ABŞ-nin Qafqaz üzrə nümayəndəsi keçmiş Minsk qrupunun həmsədri Lui Bono Ermənistana səfər etmişdi və bu səfər çərçivəsində Minsk qrupu ilə bağlı son yalan boğazdan yuxarı açıqlama verən Ermənistanın Xarici İşlər Nazirliyinin saytına diqqət etsək, ABŞ-nin nümayəndəsi Lui Bono necə təqdim olunub görəcəyik. Hansı ki, bu səfərə qədər Lui Bono bütün zamanlarda Minsk qrupunun həmsədri kimi təqdim olunub.

Ancaq son günlərdə bu səfəri edən Lui Bono sadəcə ABŞ-nin Qafqaz üzrə xüsusi nümayəndəsi kimi təqdim olunub. Bu o deməkdir ki, artıq Ermənistan hökuməti də Minsk qrupunun olmadığı gerçəyini qəbul edir. Sadəcə müxalifəti və hökuməti devirmək istəyən revanşist qüvvələri qıcıqlandırmamaq üçün hökumət əleyhinə yeni arqument onların əlinə verməmək üçün bu cür boğazdan yuxarı açıqlamalar verir.

Çünki başqa Minsk qrupunun baxılmasına razıyıq kimi fikir səsləndirildiyi təqdirdə dərhal hökumət ittiham obyektinə çevriləcək ki, Nikol Paşinyan hökuməti artıq Qarabağ məsələsini birdəfəlik qapadır. Çünki Minsk qrupunun varlığı Qarabağ məsələsinin hələ də qaldığı anlamına gəlir.

Bu baxımdan bu cür ittihamlarla üzləşməmək üçün bu cür açıqlama vermək məcburiyyətində qalıb. Yoxsa ki, bunun nə bir ciddi bazarlıq predmeti yoxdur və ola da bilməz. Sadəcə olaraq bu daha çox daxili auditoriyaya hesablanmış bir açıqlamadır ki, bunun da heç bir əhəmiyyəti yoxdur. Zamanı gələndə hər kəs görəcək ki, Ermənistan hökuməti Azərbaycanla birgə bəyanatla Minsk qrupunu tarixin arxivinə qovuşduracaq”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər