Prezident İlham Əliyevin Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak etmək üçün Qazaxıstana səfəri vacib əhəmiyyət kəsb edir. Mərkəzi Asiya ilə Azərbaycan əlaqələrinin yüksək inkişaf dinamikası bu xüsusda mühüm önəmə malikdir. Prezident İlham Əliyev də Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə çıxışında olduqca önəmli mesajlar səsləndirib. Eyni zamanda Azərbaycan Prezidentinin Mərkəzi Asiya Dövlət Başçılarının görüşündə fəxri qonaq qismində iştirakı ölkəmizin başçısına göstərilən yüksək hörmət və ehtiramın göstəricisi hesab edilir.
Bunu Teleqraf.com-a Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
Professor bildirib ki, Prezident İlham Əliyevin son iki il ərzində Mərkəzi Asiya ölkələrinə 16 rəsmi səfəri olub: “Həmin müddətdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın dövlət başçılarının Azərbaycana ümumilikdə 15 rəsmi səfəri reallaşıb. Sözsüz ki, xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir. Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi region kimi çıxış edir. Bu sözsüz ki, qardaşlıq münasibətlərinin təzahürüdür. Eyni zamanda Ermənistanın işğalından azad edilmiş Qarabağın bərpasına dəstək də qardaşlıq münasibətlərinin xarakterini göstərir. Ölkəmizin başçısı da vurğulayıb ki, Azərbaycan ərazisində Ermənistan tərəfindən təxminən 30 illik işğal dövründə 9 şəhər və yüzlərlə yaşayış məntəqəsi məhv edilib. Amma Azərbaycan ərazi bütövlüyünü və suverenlyini bərpa etdikdən dərhal sonra Ermənistanın işğalından azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa işləri aparılır ki, bunun fonunda keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı davam edir. Azad edilmiş ərazilərdə məhz qardaşlıq dəstəyinin göstəricisi olaraq ötən il Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan Mirzə Uluqbəy adına orta məktəbin, bu il isə Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olub. Həmçinin bu il Ağdam rayonunda Qırğızıstanın hədiyyəsi olan orta məktəb binasının təməli qoyulub. Ötən ay Qazaxıstanda keçirilmiş və Azərbaycanın da iştirak etdiyi “Birləşdik-2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təliminin hazırkı təhdidlərə qarşı mühüm bir mesaj idi”.
Eldar Quliyev vurğulayıb ki, Azərbaycanın hərbi təhsil müəssisələrində Mərkəzi Asiya ölkələrindən olan müdavimlərin təhsil almaları hərbi əməkdaşlıq sahəsində münasibətlərin inkişafının vacib göstəricisidir: “Eyni zamanda Azərbaycan bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlı olduğu qeyd edilib. Bu ilin may ayında imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” yaşıl enerji sahəsində əməkdaşlıq sahəsində atılan ilk mühüm addımdır. Bununla yanaşı qarşılıqlı fəaliyyətin mühüm istiqamətlərindən biri də nəqliyyat-tranzit sahəsində əməkdaşlığın daha da genişləndirilməsidir. Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta Dəhlizin praktiki cəhətdən önəmi xüsusi ilə vurğulanmalıdır. Paralel olaraq da Azərbaycanla Qazaxıstan, Qırğızıstan və Özbəkistan arasında fəal investisiya layihələri həyata keçirilir. Artıq Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondları yaradılıb. “Rəqəmsal İpək Yolu” layihəsi isə rəqəmsal təhlükəsizliyin vacib elementi kimi mühüm önəm kəsb edir. Azərbaycan və Mərkəzi Asiya ölkələri beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edib. BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA mütləq qeyd olunmalıdır. Ötən ilin noyabr ayında Bakıda keçirilmiş, SPECA-nın 25 illiyinə həsr olunmuş Zirvə görüşünün nəticələri də əməkdaşlın praktiki inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda COP29 iqlim konfransının Bakıda keçirilməsinin önəmi bir da vurğulanıb. Ölkəmizin başçısı bildirib ki, Azərbaycan beynəlxalq ictimaiyyətin yekdil dəstəyini qazanaraq bu ilin noyabr ayında COP29 iqlim konfransına ev sahibliyi edəcək. Bu ölkəmizin birgə təşəbbüsləri dəstəkləməyə hazır olduğunu göstərir”.