“Hazırda Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdə heç bir dərin ziddiyyət yoxdur”.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfəri ərəfəsində “TASS” agentliyinə müsahibəsində deyib.
“Əlbəttə, mən məmnunam ki, bu gün Rusiya ilə Azərbaycan arasında münasibətlər çox yüksək qarşılıqlı müttəfiq fəaliyyət səviyyəsindədir. Biz çox fəal işləyirik və bu gün ölkələrimiz arasında dərin ziddiyyətlər yoxdur, - deyə o bildirib.
Səfir vurğulayıb ki, Moskva və Bakı bütün problemli məsələləri açıq və dostcasına müzakirə edirlər:
“Hər evdə, hər hansı bir ailədə və hər hansı bir münasibətdə olduğu kimi, bəzi fikir ayrılıqları mövcud olur - həyat həyatdır. Lakin ən əsası odur ki, bu gün elə əlaqələrimiz var ki, biz açıq şəkildə, dostcasına və çox mehribancasına ortaya çıxan problemləri müzakirə edə bilərik.
Hazırda iki ölkənin xarici işlər nazirlikləri arasında fəal siyasi məsləhətləşmələr aparılır. Rusiya tərəfinə Baş nazirinin müavini Aleksey Overçukun, Azərbaycan tərəfinə isə Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi hökumətlərarası komissiya çox səmərəli işləyir. Son görüş bu yaxınlarda Bakıda - avqustun 9-da baş tutub. Parlamentlərarası əlaqələrimiz də yüksək səviyyədədir. Baş nazirlər, bir çox nazirlər bir-biri ilə birbaşa əlaqə qurur”.