Nəqliyyat imkanları (dəhlizləri) nə qədər çox və nə qədər müxtəlif olsa, biznesin inkişafı üçün bir o qədər şərait yaranır.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu TASS Agentliyinə müsahibəsində deyib.
Jurnalist azərbaycanlı diplomata belə bir sual ünvanlayıb:
“ABŞ Rusiya və Çindən yan keçməklə, Mərkəzi Asiya ölkələrindən Azərbaycan və Ermənistan əraziləri vasitəsilə dünya bazarlarına yeni quru yolu yaratmaq imkanını nəzərdən keçirir. Bakıda Vaşinqtonun Cənubi Qafqaz regionunu yenidən sarsıtmağa çalışması ilə bağlı narahatlıq varmı?”
Bülbüloğlunun suala cavabı belə olub:
“Mən bu məsələni siyasiləşdirməzdim. Nəqliyyatla bağlı hansısa təşəbbüs heç də o demək deyil ki, yeni dəhliz açılanda hər kəs artıq sınaqdan keçirilmiş və istifadə olunanlardan dərhal imtina edib yeni marşrutla hərəkət edəcək. Bu, belə işləmir. Bunun üçün çox vaxt, böyük investisiyalar və bir çox ölkələrin razılığı lazımdır.
Şəxsən mən hesab edirəm ki, nəqliyyat imkanları nə qədər çox və nə qədər müxtəlif olsa, biznesin inkişafı üçün bir o qədər şərait yaranır. İstənilən avtomobil və ya dəmir yolu yeni imkanlar açır.
Nəqliyyat dəhlizi nədir? Bu, mallar və insanların daşınması, eləcə də ticarət üçün bir fürsətdir. Yollar nə qədər çox olsa, bizneslə məşğul olmaq bir o qədər, ticarət və turizmi inkişaf etdirmək bir o qədər əlverişlidir. İstənilən yol bölgələrin inkişafı deməkdir”.