Ermənistan tərəfindən Azərbaycan əraziləri - istər Naxçıvan, istər Kəlbəcərin atəşə tutulması və bu prosesin gecə saatlarında başlaması konkret özündə müəyyən mesajlar daşıyır. Birincisi, ötən gün Rusiya Prezidenti Vladimir Putin Bakıda idi. Bu fonda törədilən təxribat İrəvanın arxasında duran havadar dövlətlərin Ermənistan ordusu ilə Bakıya verdiyi birinci mesaj idi.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Natiq Miri deyib.
Onun sözlərinə görə, Azərbaycan Rusiyaya yaxınlaşması digər güclər üçün o qədər də arzuolunan deyil:
“Çünki siyasətdə təsadüflər olmur. Zamanlama buna xüsusi vurğu idi. Digər məsələ, mütəmadi atəşkəsin pozulmasının əsas qayələrindən biri də, Ermənistanın Azərbaycana təklif etdiyi "atəşkəsin pozulmasını müəyyən etmək üçün birgə müşahidə mexanizmləri"nin yaradılması təklifi ilə bağlıdır. Bu da növbəti bir erməni hiyləsidir. Əlbəttə, bu, Ermənistanın havadar dövlətlərinin prosesdə iştirakı ilə baş verir. Çünki belə bir atəşkəsin pozulmasının müəyyənləşdirilməsi ilə bağlı qarşılıqlı mexanizmin yaradılması gələcəkdə bu prosesə beynəlxalq müşahidəçilərin də müdaxiləsinə yol açır.
Çünki atəşkəsin pozulmasını müəyyən etmək yalnız müşahidə ilə mümkündür. İlk növbədə insanların müşahidəsi, digər tərəfdən bir də videomüşahidə qurğuları ilə etmək mümkündür. Burada da əslində qarşı tərəfə heç cür etimad oluna bilməz. Videogörüntüləri istənilən səviyyədə fərqli müstəvidə təqdim etmək və Azərbaycanı ittiham obyektinə çevirmək olar. Çünki Ermənistan güvənilir və etimad olunacaq tərəf deyil. Azərbaycanı ittiham edəndən sonra bu məsələni beynəlxalq müstəviyə çıxaracaqları da bəllidir. Bundan sonra artıq beynəlxalq mexanizmin prosesə müdaxiləsinə yol açılır. Yəni burada əsas hiylələrdən biri budur. Ən nəhayət, bir də bu təxribatların başqa bir hədəfi var ki, Azərbaycan adekvat olaraq buna cavab versin və konkret hərbi əməliyyatlara başladığı təqdirdə Azərbaycanı atəşkəsin pozulması ilə və işğal faktı ilə ittiham etməklə ölkəmizə qarşı sanksiyaların yolu açılsın. Bu sanksiyalar düşüncəsi ona görədir ki, Qərbin, xüsusilə də ABŞ-ın regionda geosiyasi istədiklərini yerinə yetirə bilmir.
Çünki bu məsələdə yeganə əngəl məhz Azərbaycan amilidir. Azərbaycan təbii ki, bu məsələdə özünün maraqlarını ifadə edir və qorumağa çalışır. Azərbaycanın maraqlarının ifadə olunmadığı nəzərə alınmadığı istənilən bir proses Bakı tərəfindən, təbii ki, əngəllənəcək. Ona görə Azərbaycanı Ermənistan vasitəsilə bütövlükdə Cənubi Qafqaza sirayət etmə siyasəti və Rusiyanı sıxışdırmaq siyasətinə Azərbaycanın əngəl olması, təbii ki, Qərbi və Amerikanı qıcıqlandırır. Ona görə bu cür atəşkəs pozmaqla Azərbaycanı dolayısı ilə təxribata çəkmək istəyirlər ki, nəticə etibarilə Azərbaycana sanksiyanın yolunu aça bilsinlər. Eyni zamanda bu təzyiqlə də öz istədiklərinə nail ola bilsinlər”.