Rusiyanın tərəflər arasında vasitəçilik istəyi onun regional və geosiyasi maraqları baxımından anlaşılandır. Rusiya region dövlətidir. Özünün cənub sərhədlərində baş verən hadisələrə nəzarəti onun dövlət maraqları kontekstində izah olunandır. Münaqişə tərəfi olan dövlətlərlə Rusiyanın strateji müttəfiqlik ampluasında münasibətləri var. Üstəlik Qərb Rusiya üçün həyatı əhəmiyyət kəsb edən bu regionda xeyli fəallaşıb, geosiyasi konfiqurasiyani öz xeyrinə dəyişmək istəyir. Bu məqsədlə Ermənistanla münasibətlərdə özünü qabarıq şəkildə büruzə verən dinamizm Qərbin bu ölkədə iqtidara gətirdiyi məlum siyasi rejimin xidmətlərindən yararlanmaq istəyindən xəbər verir.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Elşən Manafov deyib.
Onun sözlərinə görə, bölgədən keçən nəqliyyat dəhlizləri yaxın perspektivdə müasir dünyanın iqtisadi ticari münasibətlərinin inkişafı və genişlənməsində böyük əhəmiyyət kəsb edəcək:
“Bu baxımdan onların geosiyasi çəkiyə malik olmaları da şübhə doğurmur. Dəhlizlərə nəzarət onların təhlükəsizliyi ilə bağlı məsələlər qlobal oyunçular üçün ciddi əhəmiyyət kəsb edir. Söhbət Şimal-Cənub və Orta nəqliyyat dəhlizlərindən gedir. ABŞ Ermənistan vasitəsilə Rusiya və Çini dəhlizlərdən kənarda qoymaq istəyir. Qarşı tərəflər isə, bu layihənin əleyhinədirlər.
Ermənistan iradəsindən asılı olmayaraq geosiyasi qumara cəlb olunub. Qərb Azərbaycanla iqtidarın düzgün və hərtərəfli düşünülmüş siyasətinə görə bu cür rəftar edə bilmir. Biz geosiyasi proseslərdən kənarda qalmaq istəyimizi həmişə bildirib, tranzit tərəf kimi hamı ilə qarşılıqlı maraq və mənfəət prinsipləri üzərində əməkdaşlığa hazır olduğumuzu dəfələrlə bəyan etmişik. Buna görə də Ermənistandan fərqli olaraq Rusiyanın danışıqlarda moderatorluğuna etiraz etmirik. İrəvan isə əksinə danışıqların məhz Qərb platformasında aparılmasına çalışır. Yalnız Almatı görüşü istisna oldu.
Etiraf etmək lazımdır ki, birincidə olduğu kimi, İkinci Qarabağ müharibəsində də tərəflər arasında atəşkəs barədə razılıq məhz Rusiyanın vasitəçiliyi ilə əldə edilmişdi".