27 Avqust 10:52
1 241
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zəngəzur dəhlizi ətrafında Rusiya ilə Ermənistan arasında gərginlik getdikcə genişlənir. Rəsmi Moskva 2020-ci ildə əldə edilmiş üçtərəfli razılaşmaya istinad edir. İrəvan isə Rusiyanın nəzarəti altında dəhlizin açılmasına razılıq vermək istəmir.

Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.

Onun fikrincə, heç bir razılaşma əbədi deyil:

“Burada gerçəkliyə uyğunlaşmayan, köhnəlmiş, gündəmdən düşmüş amillər var. Ona görə də, bir çox hallarda razılaşmalardan imtina edirlər. Deyirlər ki, bu, iki tərəfin görə biləcəyi işdir. Çünki 10 noyabr 2020-ci ildə vəziyyət tamam başqa idi. İndisə isə situasiya xeyli fərqlidir”.

Politoloq hesab edir ki, Azərbaycan bu məsələdə özünün dövlət maraqları kontekstindən çıxış edir:

“Rusiya ilə olan yaxınlaşma da bu məqsədlərə görədir. Ermənistan isə Rusiyanın təsirindən xilas olaraq Qərbə can atır. Ona görə də, Zəngəzur dəhlizinin Rusiyanın nəzarəti ilə açılmasını istəmir. Rəsmi İrəvan buna nail olsa növbəti mərhələdə rus sərhədçilərini İran və Türkiyə ilə sərhədindən də çıxarmağa çalışacaq”.

Zərdüşt Əlizadəyə görə, Ermənistanın növbəti addımı Rusiya hərbi bazasının ölkə ərazisindən çıxarmaqla bağlı olacaq:

“İndiki halda Zəngəzur dəhlizi ilə bağlı Rusiyadan başqa maraqlı olan tərəflər var ki, onlardan biri də ABŞ-dır. Ağ ev hansısa beynəlxalq şirkətin vasitəsi ilə Zəngəzurdan keçən 44-45 km-lik yolu idarə etməkdə maraqlıdır. İranın isə burada edə biləcəyi bir iş yoxdur. Tehranın dəhlizlə bağlı mövqeyi ancaq bəyanatların ibarət ola bilər”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər