Amerikanın regionda, xüsusilə də Ermənistanda tədricən hərbi cəhətdən yerləşməsi Rusiyanın maraqlarına uyğun deyil. Rusiya bunu özünün geosiyasi maraqlarına təhlükə hesab edir. Çünki anlayır ki, bütün bu siyasət Kremli Cənubi Qafqazdan sıxışdırmaqdan ibarətdir. Təbii bunun əvəzində Qərb bütün Cənubi Qafqaza sirayət etməklə özünün nəzarət zonasına çevirmək istəyir. Ancaq İranın da özünün geosiyasi maraqları var. Bu kontekstdə İran heç də özünün maraqlarını yalnız Rusiyanın maraqları ilə uzlaşdırmağa çalışmır.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Natiq Miri deyib.
Onun sözlərinə görə, bu gün İrana tətbiq olunan iqtisadi sanksiyalar Tehranı çox çətin vəziyyətdə qoyub:
“İran iqtisadiyyatı çökmüş vəziyyətdədir. Bu da təbii olaraq İran əhalisi arasında dövlətə qarşı etimadsızlığı, həm də etirazı təsdiqləyir. Ona görə də bu kontekstdə İran bu təzyiqləri yumşaltmaq, əməkdaşlıq etməklə, əslində bu cür təzyiq mexanizmlərindən qurtulmaq və özünü gələcək təhlükələrdən sığortalamaq istəyir. Çünki bir tərəfdə İsrail təhlükəsi digər yandan İsraili müdafiə edən Qərb dünyası, ABŞ, Britaniya və onun müttəfiqləri durur. O baxımdan İran yeni hökumət timsalında bir növ islahatçı obrazı ilə Qərb dünyası ilə danışıqlara açıq olduğunu nümayiş etdirir. Bununla da münasibətlərin yenidən tənzimlənməsi çağırışı edir. Biz bunu yeni seçilmiş prezident Məsud Pezeşkianın çıxışlarında da gördük. Əslində, hökumətdə bu səviyyədə dəyişikliyin və Pezeşkianın seçilməsinə dolayısı ilə göz yuman və razılıq verən İran rejimi bu məsələləri əsas tutaraq Pezeşkianın namizədliyinin təsdiqlənməsinə imkan verdi. Yəni bu, İran dövlətinin yeni siyasətidir. Bununla da Qərblə münasibətləri tənzimləmək və sanksiyalardan qurtulmaq istəyir ki, gələcəkdə özünün iqtisadiyyatını yenidən dirçəldə bilsin.
Çünki iqtisadiyyatın dirçəlməsi İranın güclənməsi və təhlükəsizliyini təmin etməkdir. İstər daxildə, istər xaricdə, bu baxımdan İran Qərbə bütün məsələlərdə açıq olduğunu nümayiş etdirir. Baxmayaraq ki, müəyyən mənada Qərbi özünün düşməni hesab edirsə də, ancaq məhz ABŞ-ın bilavasitə təşəbbüsü ilə son günlərdə Ermənistana daşınan silahlar məhz İran rejiminin razılığı kontekstində baş verir. Açığı, bu məsələdə yeni hökumətin əlinin olduğunu düşünmürəm. Bütün bunlar bu silah daşımaların müxtəlif təxribat və sövdələşmələr manipulyasiyalar fonunda baş verməsi, düşünürəm ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bilavasitə bu prosesi həyata keçirilməsi ilə ərsəyə gəlir. SEPAH bu məsələləri özbaşına etmir. Əlbəttə bütün səlahiyyətləri özündə əlində cəmləşdirən dini ruhani Əli Xamneyi ilə razılaşdırılır.
Ona görə də hələlik bir müddət Qərblə bu məsələlərdə sövdələşmələr aparmaqla münasibətləri tənzimləmək, danışıqları yenidən başlatmağa yol açmaq və hətta nüvə anlaşmasını təzələmək üçün bütün qapıları İran açmağa çalışır. Bu xüsusda bir də ABŞ da müəyyən yaşıl işıq yandırılır. Ancaq bu yaşıl işıq danışıqlara hazır olmaq üçün öncə İranın müəyyən addımlar atmasına ehtiyac var. İranın ABŞ-ın Ermənistanda yerləşməsinə susqunluğu sadəcə kiçik bir cümlə ifadə ilə ortalığa qoyulması əlbəttə Rusiyanı narahat edir. Rusiya istəyərdi ki, regionun güclü ölkələri birgə hərəkət etsinlər ki, bu kontekstdə Ermənistanı geriyə addım atmağa məcbur edə bilsinlər.
Ancaq İrəvan görür ki, İran daha çox Ermənistanın maraqlarına yönəlik addımlar atır. Əlbəttə Rusiya təhlükəsindən sığortalanmaq üçün bir tərəfdə Qərbə o biri tərəfdə İrana sığınmağa başlayır. Rusiyanı qane etməyən məqam budur. Ancaq İranın özünün maraqları, təhlükəsizlik, iqtisadi, geoiqtisadi və geosiyasi maraqları var. Buna görə də İran öz gələcəyini təmin etmək, bu sanksiyalardan və təhlükələrdən sığortalanmaq üçün ABŞ-la danışıqlara gedir. Ona görə bu məsələyə etibarlı, daha susqun yanaşır. Başqa bir tərəfdən ABŞ-ın maraqları kontekstində olan silahları Fransa və digər dövlətlərlə sövdələşməklə müxtəlif manipulyasiyalar təxribatlar vasitəsilə Ermənistana daşınmasına imkan yaradır”.