Zəngəzur Cənubi Qafqazda nüfuz dairəsi uğrunda güclənməkdə olan mübarizədə xüsusi aktuallıq kəsb edir və qarşı-qarşıya duran tərəflər üçün geosiyasi əhəmiyyət daşıyır. Ermənistan 2020-ci ilin üçtərəfli Moskva razılaşmasının bəlli şərtlərini Qərbin təzyiqi və sifarişi ilə birtərəfli şəkildə yerinə yetirməkdən boyun qaçırır. Həmin şərtlər isə müharibə bitdikdən sonra bölgədə nəqliyyat kommunikasiya xətlərinin açılması və Azərbaycanın quru yol ilə Naxçıvana çıxış imkanlarının realizə olunmasına şərait yaradacaq dəhlizin istifadəyə verilməsini ehtiva edirdi.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Elşən Manafov deyib.
Onun sözlərinə görə, dəhlizə nəzarət isə Rusiyanın sərhəd birləşmələri tərəfindən həyata keçirilməli idi:
“Amma Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmağı qarşısına məqsəd olaraq qoyan Qərb bölgənin geosiyasi konfiqurasiyasını öz maraqları çərçivəsində yenidən cızmaq, burada qüvvələr nisbətini kollektiv Qərbin xeyrinə olaraq dəyişmək, Cənubi Qafqazı Mərkəzi Asiya, habelə Cənub Şərqi Asiya ilə birləşdirə biləcək dəhliz üzərində nəzarətini təmin etmək məqsədilə Moskva razılaşmasının şərtlərinin yerinə yetirilməsinə mane olur. Çin və Rusiyanı məlum dəhlizlərdən kənarda saxlamaq istəyir. Bu məqsədlə dəhlizin Ermənistanın nəzarəti altında fəaliyyəti üçün alternativ layihələr irəli sürür, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını diplomatik kanallar vasitəsilə əngəlləyir, bölgədə eskalasiyanın artırılması məqsədilə Ermənistanı silahlandırır.
Qərbin Rusiya və Çini Orta dəhlizlə bağlı proseslərdən kənarda saxlamaq istəyi adıçəkilən dövlətləri adekvat addımlar atmağa sövq edir. Tərəflər BRİKS təşkilatının genişlənməsi və onun proseslərə təsir imkanlarının artması üçün səylərini koordinasiya edirlər. Putinin Bakıya səfərindən sonra Azərbaycanın üzvlük üçün BRİKS-ə müraciət etməsi bu sahədə həyata keçirilən siyasətin tərkib hissəsidir".
Onun sözlərinə görə, geosiyasi və geoiqtisadi əhəmiyyət kəsb edəcək dəhlizin rentabelliyi ilə bağlı bir sira problemlərin həlli Azərbaycanın da bu proseslərdə iştirakı, təmsilçiliyi baxımından böyük əhəmiyyət kəsb edir: "Regionun təhlükəsizlik problemlərinin həllinə dair rəsmi Bakının baxışları Qərbin basqısı altında olan Ermənistan istisna olmaqla digər region dövlətlərinin maraqları ilə üst-üstə düşür. Üstəlik Bakı Qərbdən fərqli olaraq Çinin “Bir kəmər, bir yol” layihəsini də dəstəkləyir.
BRİKS-in qarşılıqlı faydalı ticari əməkdaşlıq, qarşılıqlı investisiyalar, dəhlizlər, onların təhlükəsizliyi və rentabelliyi ilə bağlı baxışları Azərbaycanın da maraqları ilə üst-üstə düşür. BRİKS-in hərbi, siyasi təşkilat olmadığını, buna görə də Azərbaycanın onunla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu söyləyən ekspertlər haqlı olsalar da, unutmaq lazim deyil ki, BRİKS ümumdünya ortaq valyutasının hazırlanması və qəbulu istiqamətində ciddi layihə üzərində işləyir. Bu, ABŞ-ın dollara söykənən ümumdünya hegemonluğuna son qoya biləcək layihədir. Hazırda BRİKS-ə daxil olan dövlətlər arasında ticari sövdələşmələrin milli valyutalarla aparılması məhz bu məqsədlərdən irəli gəlir. Baxmayaraq ki, BRİKS-in Qərblə ticari sövdələşmələrinin məbləği 3 trilyon dollara yaxındır.
Rusiya Ermənistan hakimiyyəti ilə münasibətləri sakitləşdirmə müstəvisi üzərində aparılmasına önəm verir. Ermənistan bu gün də enerji, ərzaq təhlükəsizliyi, infrastruktur, nəqliyyat, xüsusilə dəmir yolları sahəsində Rusiyadan kəskin şəkildə asılıdır. Yalniz Ermənistana nəql olunan qazın tariflərinin yüksəldilməsi artıq bu ölkədə Paşinyana olan sosial narazılığı gücləndirə bilər. Üstəlik Rusiyanın Ermənistandakı hərbi mövcudluğu qısa zamanda Qərbin xeyrinə həllini tapacaq məsələ deyil.
Sadəcə Ukrayna ilə müharibədə yeni reallıqlar Rusiyanı Cənubi Qafqazda növbəti belə eskalasiyaya cəlb olunmamaq üçün daha ehtiyatlı və təmkinli siyasət sərgiləməyi tələb edir.
"Cənubi Qafqaz uğrunda geosiyasi rəqabətin gedişatına təsir göstərə biləcək amillər isə qarşıdakı oktyabrda Gürcüstanda keçiriləcək parlament seçkiləridir. ABŞ noyabrda keçiriləcək seçkilərə qədər burada növbəti “Qızıl gül” inqilabını həyata keçirməyə çalışacaq. Qərbin Gürcüstandakı uğursuzluğu isə, Paşinyan rejimini düşünməyə və seçim etməyə məcbur edəcək. Dəhlizlərin aqibəti ilə bağlı məsələlərə Ermənistanda hadisələrin hansı axarda gedəcəyi ciddi təsir edəcək”.