Türkiyə və Azərbaycan Cənubi Qafqazda uzunmüddətli sülhün təmin olunmasının tərəfdarıdır. Əminəm ki, ölkələrimizin qardaşlığı bundan sonra da regional sabitliyə öz töhfəsini verəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə danışıqların yekunlarına dair brifinqdə bildirib.
Onun sözlərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri ilə danışıqlar zamanı ikitərəfli əməkdaşlıq məsələləri, o cümlədən birgə layihələrin icrasının gedişi müzakirə olunub. Bakı ilə İrəvan arasında danışıqlar prosesinin vəziyyəti, regionda və beynəlxalq aləmdə vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. “Biz Azərbaycanla əlaqələrin səviyyəsindən məmnunuq. Ölkələrimiz qarşılıqlı faydalı əməkdaşlığın inkişafı məsələsində ümumi strategiyaya sadiqdirlər”, - deyə türkiyəli nazir qeyd edib.
Hakan Fidan deyib ki, Türkiyə və Azərbaycan liderləri tərəfindən 2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında münasibətləri müttəfiqlik səviyyəsinə gətirib.
Türkiyə diplomatiyasının rəhbəri ölkəsinin Azərbaycanla ikitərəfli əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu bir daha vurğulayıb. “Əminəm ki, ölkələrimizin rifahı naminə sıx əməkdaşlıq edərək dostluq və qardaşlıq bağlarını bundan sonra da möhkəmləndirəcəyik”, - deyə o əlavə edib.
Türkiyənin xarici işlər naziri ilk fürsətdə yenidən qardaş Azərbaycana səfər edəcəyini bildirib