Politoloq Ramiyə Məmmədova Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Ermənistan Baş naziri Nikol Paşinyan hələ COP29-da iştirak üçün Bakıya gəlib-gəlməmək barədə qərar vermədiyini, bunun duruma uyğun olacağını bildirdi. Sizcə, noyabrda keçiriləcək COP29-a qədər sülh prosesində ciddi irəliləyiş ola bilərmi ki, Paşinyan Bakıya gəlmək qərarını qətiləşdirsin?
- Belə bir gəlişmə olarsa, Bakıya Paşinyanın özü, yoxsa Mirzoyanın gələcəyi naməlumdur. Qeyri-müəyyənlik də Paşinyanın özündən qaynaqlanır. Paşinyanın 44 günlük savaşdan sonrakı mövqeyi ilə indiki arasında fərq var. Müharibədən sonrakı ilk günlərdə “sülhsevər və loyal” görünürdü, amma bu gün Qərbdən silah-sursat aldıqdan sonra “ürəklənib”. Düzdür, Paşinyan müəyyən mesajlar verir, amma sülh müqaviləsini imzalamağa gələndə əməli addımlar atmır. Sülh müqaviləsinin imzalanması üçün onun görməli olduğu işlər var. Məsələn, Azərbaycana qarşı ərazi iddiasının yer aldığı Ermənistan Konstitusiyasını dəyişdirmək. Paşinyan hələlik bundan yayınmağa çalışır. Zənnimcə, o, bu oyunu Qərbin diktəsi ilə oynayır.
Hesab etmirəm ki, Paşinyan Bakıya gəlsə belə, sülh prosesində yekuna doğru irəliləyiş olacaq. Paşinyan prosesdə özü üçün əlverişli bir mövqe qazanmağa çalışır, yerdəki durum isə Azərbaycanın xeyrinədir. Buna görə də vəziyyəti dəyişmək üçün kənardan Azərbaycana təzyiq mexanizmləri əldə etmək istəyir. Ancaq heç kim Ermənistana görə Azərbaycana təzyiq etmək istəmir. Azərbaycanla əməkdaşlıq indi hamı üçün maraqlıdır – Çinə də, Rusiyaya da, ABŞ-a da, Avropa Birliyinə də.
İndi Paşinyan Bakıya gəlmək məsələsini də sülh prosesində bir vasitə kimi istifadə etməyə çalışır, amma alınmayacaq. Paşinyanın bura gəlib-gəlməməsinin Azərbaycan üçün heç bir önəmi yoxdur. Sadəcə Azərbaycan sülhdə maraqlı olduğunu, ədavətə birdəfəlik son qoymağa hazır olduğunu göstərir. Paşinyanın özü bilər, Azərbaycanın əli güclüdür, hər kəs də durduğu mövqe ilə hesablaşır. Ermənistanın oynamaq istədiyi oyun boyunu aşır, belə oyunlar üçün çox kiçikdirlər.
Başqa sözlə, COP29-a qədər prosesin yekunlaşacağını düşünmürəm. Həm də Paşinyanı tərəddüdə salan bir məsələ də, Bakıya gələcəyi təqdirdə bunun Ermənistan daxilində hansı təpkilərə yol açacağını ölçə bilməməsidir. Bu da Paşinyanı ehtiyatlandırır.
- Paşinyan son mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putinin vasitəçilik təklifindən imtina elədi. Ermənistan rəhbəri dedi ki, Bakı ilə danışıqlar ikitərəfli qaydada gedir. Ona cavab verən Rusiya xarici işlər naziri Sergey Lavrov söylədi ki, İrəvan ikitərəfli qaydada danışıqlara üstünlük verirsə, buyurub danışsınlar. Lavrovun bir qədər qəribə görünən bu açıqlamasının izahı nədir?
- Gürcüstan da vaxtilə indi Ermənistanın getdiyi yolla getmişdi. Söhbət Rusiyadan uzaqlaşıb Qərbə üz tutmaqla bağlıdır. Tiflisin Rusiyaya qarşı kəskin mövqeyi ağır nəticələrə səbəb oldu, üstəgəl, Qərbdən istədiyini ala bilmədi. İndi Gürcüstan xarici siyasətini dəyişməyə başlayıb, bu da Qərbdə narazılıq yaradıb. Hazırda Ermənistan Gürcüstanın siyasətini təkrarlayır, o da Qərbdən silah alır, qərbli hərbçilərə ərazisində yer verir və sair.
Putinə gəlincə, o, regiona səfərini Azərbaycanla yekunlaşdırdı, buradan Ermənistana getmədi. Bu, Rusiya liderinin Ermənistana münasibəti idi. Yəni onlara güvənmədiyini göstərdi. Putin bununla həm də onu göstərdi ki, Ermənistan Rusiya üçün Azərbaycan qədər önəmli deyil.
Paşinyanın Putinin təklifini rədd etməsi isə onun öz qərarı deyil, Qərbin diktəsi ilə edir. Lavrov da buna eyham vurur. Maraqlıdır ki, Rusiyanın vasitəçiliyindən imtina edən Ermənistan Qərbin vasitəçiliyinə həvəs göstərir. Bu təklif Qərbdən gəlsəydi, Paşinyanın təpkisi ayrı olacaqdı, buna əminəm. Moskva bunu bilir, buna görə o mesajı verirlər ki, bundan sonra başqalarının vasitəçiliyini qəbul etsən, problem yarana bilər.
Vasitəçilik məsələsinə gəlincə, bizim buna ehtiyacımız yoxdur - nə Rusiya, nə də Qərbin. Vasitəçi üçüncü maraq deməkdir. Hələlik ikitərəfli format öz nəticəsini verir.
- Uzunmüddətli müzakirələrdən sonra Bakı və İrəvan sərhədin delimitasiyası üzrə əsasnaməni imzaladı. Bundan sonra prezidentin köməkçisi Hikmət Hacıyev dedi ki, Ermənistanın sərhəd ərazilərindəki Avropa Birliyinin missiyasının fəaliyyətinə xitam verilməlidir. Avropa missiyası bu anlaşmadan sonra geri çəkiləcəkmi?
- Qərb Cənubi Qafqaza diqqətini xeyli artırıb. Qərbdəkilər yaxşı görürlər ki, beynəlxalq nəqliyyətin özəyini təşkil edən xətlər bu regiondan keçir. Şərqlə Qərb arasında hər cür yüklər bu yollarla daşınır. Bu nəqliyyat dəhlizləri həm də Avropa Birliyinin gələcəyi məsələsidir. Üstəgəl, AB Rusiya asılılığından qurtulmaq üçün ondan yan keçən yollara üz tutmağa başlayıb. Qərb, xüsusən də Avropa Birliyi 44 günlük müharibədən sonra Cənubi Qafqazda gedən proseslərdən kənarda qalmaq istəmir, getdikcə daha dərindən iştirak etmək istəyir. Buna görə də, sərhəd anlaşmasına baxmayaraq Qərb sərhəddəki missiyasını geri çəkmək istəməyəcək, Ermənistan da buna getməyəcək.
Ermənistan delimitasiya prosesinin irəli getməsini istəyirsə, bu məsələni də həll etməlidir. Artıq Bakı mesajını verib, qalanı İrəvanın üzərinə düşür.
- ABŞ və Rusiya Zəngəzur dəhlizi ilə bağlı fəallığı artırıb. ABŞ dövlət katibinin köməkçisi Ceyms Obrayen dəhlizlə bağlı maraqlarını açıq ifadə etdikdən sonra Lavrov İrəvandan bu məsələ ilə əlaqədar üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini tələb etdi. Qərb və Rusiya arasında geosiyasi rəqabət amilinə çevrilən Zəngəzur məsələsi necə həll olacaq, ümumiyyətlə, belə bir rəqabət Cənubi Qafqaza nə vəd edir?
- Həm ABŞ, həm də Rusiya dəhlizə özünün nəzarət etməsini istəyir. Azərbaycana gəlincə, Azərbaycan bununla bağlı təhlükəsizlik zəmanəti istəyir, yüklər və sərnişinlər maneəsiz və təhlükəsiz formada daşınmalıdır. Bu zəmanətlər də Azərbaycanı razı salacaq formada olmalıdır.
Zəngəzur dəhlizini mübahisə predmetinə çevirən amilə də nəzarətlə bağlıdır. ABŞ buna həm Rusiyadan yan keçən yol, həm də Cənubi Qafqazda öz varlığını təmin etmək amili kimi baxır. Rusiya isə bölgədəki varlığını qorumaq üçün bunu istəyir. Bu amillər də məsələni geosiyasi rəqabət faktoruna çevirir. Azərbaycan bu rəqabətdən kənar dayanır, Ermənistan öz yanlış hesabları ilə özünü bu qarşıdurmanın mərkəzinə itələyib.
Ermənistan bu yanlışla Rusiya-ABŞ gərginliyini öz ərazisinə, Cənubi Qafqaza daşıdı. Bu durum Ermənistanı ya suriyalaşdıracaq, ya da onu Ukraynanın taleyi gözləyir. Xüsusən də onun Rusiyaya qarşı demarşları baxımından.