5 Sentyabr 12:10
1 719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, Ermənistan hakimiyyəti məsələlərin həlli üçün Rusiyanın iştirakı olmadan Azərbaycanla birbaşa danışıqlar aparmaq istəyirsə, o zaman buyursun. Lavrovun danışıqların vasitəçilər olmadan keçirilməsi ilə bağlı məsələyə ilk baxışda loyal təsir bağışlayan münasibəti bir neçə amillə bağlıdır.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, Qərblə münasibətlərin indiki format və mahiyyəti ilə münasibətlərə rəsmi Bakının Ermənistan hakimiyyətindən fərqli mövqeyi Rusiya tərəfindən nəzərə alınır: "Azərbaycan nümayəndə heyətinin AŞPA-da mandat hüququndan məhrum edilməsi kontekstində rəsmi Bakının Qərblə münasibətlərində haqlı olan bir narazılıq var. Bakı öz hüquqlarına Qərbdən olan münasibətin dəyişdirilməyəcəyinə qədər Ermənistanla danışıqların Qərb platformasında aparılmasına razılıq verməyəcək. Digər tərəfdən rəsmi Bakı danışıqların Moskvanın vasitəçiliyi ilə aparılmasına Ermənistandan fərqli olaraq etiraz etmir. Bunu bu günlərdə Rusiyanın "İzvestiya" nəşrinə müsahibəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da təsdiq edib. Bu amil, o cümlədən Cənubi Qafqazın təhlükəsizlik problemləri ilə bağlı məsələlərdə Rusiya faktorunun Azərbaycan iqtidarı tərəfindən nəzərə alınması da Kremli məmnun edir.

Qərbin ciddi təzyiq və basqısı altında olan Paşinyan hakimiyyətindən fərqli olaraq Azərbaycan Rusiya ilə münasibətlərini regionun və özünün milli təhlükəsizlik maraqları kontekstində qurur. Rusiyada Azərbaycan iqtidarına etibarlı tərəfdaş və müttəfiq olaraq yanaşır”.

Politoloq bildirib ki, Lavrov açıqlamasında tərəflər arasında 2022-2023-cü illərdə Qərb platformasında gedən danışıqların uğursuzluğuna da eyham edir:

“Rusiyanın iştirakı olmadan regionda dayanıqlı sülh və sabitliyin bərqərar olacağının müşküllüyünə işarə edir. Əslində Prezident İlham Əliyevin Qafqaz evi ideyasının reallaşdırılmasına hesablanmış 3+3 formatında əməkdaşlıq layihəsi də bölgənin təhlükəsizlik problemlərinin həllində region dövlətləri arasında əməkdaşlığa üstünlük verir və regiondan kənar dövlətlərin bölgənin təhlükəsizlik problemlərinin nizamında iştirakını məqbul bilmir.

Rusiya tərəfi gözəl anlayır ki, Azərbaycanın regional maraqları nəzərə alınmadan regionun geosiyasi mənzərəsinə yeni ştrixlər etmək mümkün deyil. Ermənistandan fərqli olaraq Bakı Qərbin Rusiyanın regiondan sıxışdırılıb çıxarılması ilə bağlı geosiyasi oyunlarda yer almır. Hərçənd müasir dövrün qlobal çağırış və təhdidlərindən çıxış edərək təhlükəsizlik problemlərinin maraqlarına rəğmən adekvat addımlar atır”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər