Üzv ölkələri arasında iqtisadi əməkdaşlığı inkişaf etdirməyi hədəfləyən BRİKS yenidən genişlənməyə hazırlaşır. Azərbaycandan sonra Türkiyə də bu birliyə qatılmaq istəyir.
Teleqraf.com-un məlumatına görə, BRİKS-in dönəm sədri, Rusiyanın vitse-prezidenti Yuri Uşakov Türkiyənin üzvlük üçün müraciət etdiyini və bunun qiymətləndirildiyini açıqlayıb. Rusiya Prezidenti Vladimir Putin də iyunda Türkiyənin BRİKS-ə marağını alqışladığını bildirib. Rusiya lideri Azərbaycanın da üzvlüyünə dəstəyini açıqlamışdı. Azərbaycan bu yaxınlarda BRİKS-ə üzvlük üçün rəsmi müraciət edib. Blokun genişləndirilmiş versiyasının adı açıqlanmayıb, amma BRİKS+ olacağı düşünülür.
Trilyonlarla dollarlıq iqtisadiyyat
Son genişlənmə ilə BRİKS dünya əhalisinin təxminən 45 faizini təşkil edir. Bu, qlobal ÜDM-ün 36 və dünya ticarətinin 25 faizi deməkdir. Üzv ölkələrin iqtisadiyyatlarının ümumi dəyəri 28.5 trilyon dolları ötür ki, bu da qlobal iqtisadiyyatın təxminən 28 faizidir.
Üzvlər əsasən enerji və xammal sektorunda, xüsusilə xam neft, maqnezium və qrafit sektorlarında təchizatçılar kimi dominant rola malikdirlər. İran, Səudiyyə Ərəbistanı və BƏƏ-nin üzvü olduğu BRİKS ölkələri dünya xam neftinin təxminən 44 faizini istehsal edir. 2014-cü ildə BRİKS ölkələri infrastrukturun canlandırılması üçün kreditlər vermək üçün Yeni İnkişaf Bankını yaradıblar. Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankına bənzər bir missiya ilə bu bank 2022-ci ilin sonuna qədər yeni yollar, körpülər, dəmir yolları və su təchizatı layihələri üçün inkişaf etməkdə olan ölkələrə təxminən 32 milyard dollar ayırıb.
Qızıl ehtiyatları
BRİKS üzvlərinin ümumi qızıl ehtiyatları 6 min 340 tondur. Bu rəqəm yeni alışlarla daim artır. Bütün ticarət və ödəniş xidmətləri üçün qızıl standartı və çoxqütblü dünyaya qayıtmağı hədəfləyən BRİKS 2022-ci ildən bəri dünyanın ən böyük qızıl alıcısıdır. Blokun qızıl əsaslı valyutası da qızıl ehtiyatlarına diqqət yetirir.
Yekdil qərar qəbul edən birliyin üzvləri həm də dünyanın ən inkişaf etmiş iqtisadiyyatlarından ibarət G20 qrupunda təmsil olunurlar, bu baxımdan istisnalar da var. Qrup geosiyasi məsələlərlə yanaşı, iqtisadi əməkdaşlığın artırılması, çoxtərəfli ticarət və inkişafa diqqət yetirir.
Dünya əhalisinin 45 faizi
BRİKS ölkələri dünya əhalisinin təxminən 45 faizini əhatə edir. BRİKS Qərbin birtərəfli iqtisadi əməkdaşlığına alternativ olaraq ortaya çıxan və həm iqtisadi, həm də üzv ölkələr arasında mədəni əməkdaşlıq hədəfləyən təşkilatdır.
Dollara qarşı mübarizə
BRİKS deyildikdə ağıla gələn suallardan biri də dollarla mübarizədir. Ölkələr bir-birləri ilə ticarətdə əsasən ABŞ dollarından istifadə edirlər. Üzvlər BRİKS valyutasının yaradılması və dollar hökmranlığına son qoymağı təklif edirlər. Xüsusilə Rusiya və Çinə qarşı sanksiyalardan sonra güclərin birləşdirilməsi istiqamətində addımlar sürətlənib. BRİKS ölkələri qızıla əsaslanan vahid valyuta və ödəniş sistemi yaratmağı, eləcə də rəqəmsal valyutanı populyarlaşdırmağı hədəfləyirlər.
BRİKS-ə qoşulmaq istəyən ölkələr
Azərbaycan
Türkiyə
Bəhreyn
Banqladeş
Əlcəzair
İndoneziya
Mərakeş
Honduras
Küveyt
Kuba
Meksika
Nigeriya
Suriya
Tacikistan
Tailand
Tunis
Vyetnam
Yunanıstan
BRİKS-in qurucuları Cənubi Afrika Respublikası, Rusiya, Çin, Braziliya və Hindistandır.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” mövzusu üzrə dərc olunub.