2020-ci il 27 sentyabr tariximizin ən yeni başlandığı bir dövrdür. Azərbaycan üçün ciddi problem olan işğal altında olan torpaqlarımızın azad edilməsinə başladıq. Geri çəkilmədən 44 gün ərzində torpaqlarımızın əhəmiyyətli bir hissəsini işğaldan azad etdik.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, Azərbaycan işğalçı Ermənistanı kapitulyasiya aktı imzalamağa məcbur etdi:
“Üç böyük rayon isə bir güllə belə atılmadan geri qaytarıldı. 27 sentyabr Azərbaycan çox ciddi hazırlıq görmüşdü. Dövlətçiliyimiz möhkəmlənmişdi, cəmiyyətdə milli birlik var idi. Azərbaycan iqtisadiyyatı güclənmiş, hərbi vətənpərvərlik hisləri ümumiyyətlə çox yüksək idi. Bütün bunlar 44 gün ərzində zəfər qazanmağa imkan verdi. 27 sentyabr tariximizdə anım günü olmaqla bərabər, eyni zamanda qürur, zəfərə aparan yolun başlanğıcı günüdür. Bu tarix kimliyimizi bir daha göstərə bildiyimiz gündür. 44 günlük Vətən Müharibəsindən sonra beynəlxalq hüquq Azərbaycanın milli maraqlarına uyğun hərəkət etdi. Bir qismi qısa bir müddət Ermənistanın nəzarəti altında qaldı. Ancaq bununla belə, 2023-cü il 23 sentyabrda bir günlük antiterror tədbiri nəticəsində ərazi bütövlüyümüz tamamilə bərpa edildi".
Deputat bildirib ki, 44 günlük Vətən Müharibəsi olmasaydı, antiterror tədbirini keçirmək mümkün olmayacaqdı:
"Hər birində itkilərimiz oldu. 44 günlük Vətən müharibəsində ümumi üç mindən çox şəhidimiz oldu. 200-ə qədər antiterror tədbirində şəhid verdik. Antiterror tədbirində dayımın qızının nəvəsi şəhid oldu. Bu əslində Azərbaycan xalqının müstəqil dövlət qurmaq bacarığını və öz problemlərini həll etmək qabiliyyətini göstərdi. Şəhid anaları, ailələri qarşısında baş əyirəm. Onlar həmişə qəlbimizdədir. Qazilərimizi bağrıma basıram. Onların qəhrəmanlığı, igidliyi həmişə xalqımız və dövlətimiz tərəfindən qiymətləndiriləcək. Azərbaycan Prezidenti cənab İlham Əliyevin düşünülmüş daxili və xarici siyasəti ölkəmizə tarixi qələbə gətirdi. Azərbaycan kim olduğunu göstərdi. Bundan sonra gedəcəyimiz yol ilk növbədə qələbəyə söykənir. Azərbaycan xalqı həmişə müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qoruyub saxlamaq üçün hər zaman maksimum dərəcədə çalışacaq”.