Ermənistanda hakimiyyətə müxalif olan qüvvələrin gücü iqtidarı dəyişmək üçün yetərli deyil. Burada Qarabağ klanı başda olmaqla, bütün müxalif, narazı qüvvələr - kilsə, erməni lobbisi, bütün kriminal ünsürlər daxil - Rusiyanın beşinci kolonu da bu hakimiyyəti devirmək üçün yetərli deyil.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Natiq Miri deyib.
Onun sözlərinə görə, bu etirazın arxasında hansı niyyətlərin və güc mərkəzlərinin dayandığını artıq erməni cəmiyyəti təsbit edib:
“Belə olduğu təqdirdə yenidən köhnəyə qayıtmaq erməni cəmiyyətinin arzusu deyil. Ona görə kimlərsə gözləyirsə ki, bu etirazlar kütləviləşəcək və hakimiyyəti süpürüb atacaq, bu, yanlışdır. İndiki vəziyyətdə yalnız hər hansı bir hərbi çevriliş, Nikol Paşinyana qarşı sui-qəsd, ölüm hadisələri ilə nəticələnəcək süni qarşıdurmalar yaratmaqla cəmiyyətdə bir ajiotaj görüntüsü yaratmaq istəyəcəklər.
Çünki artıq başqa çarələri qalmayıb. Əgər belə olmuş olsaydı, bu qədər tərəddüd ortada olmazdı. Yəni sentyabr ayından başlayacaq etiraz aksiyaları oktyabrın ikisinə kimi hələ də müəyyən məsləhətləşmələrlə davam edir. Bu ərəfədə ortaya çıxır ki, Rusiya özünün müəyyən şəhərlərində, bir sıra təlim mərkəzlərində erməni terrorçularına təlim keçir, onları hazırlaşdırır. Təbii bu hazırlıqdan sonra onlar Ermənistana göndəriləcək və bu təxribatlar imkan yarandığı təqdirdə həyata keçiriləcək. Ancaq bu, ifşa olundu. Bunu Ermənistan hökuməti ifşa etdi və dərhal da məhz etirazlar öncəsi bunu ictimailəşdirdi. Buna ona görə ehtiyac duydu ki, artıq Rusiyanın və onun əlaltılarının planlarından xəbərdardır və bundan sonra hökumət buna qarşı çox sərt oynayacaq. Bu, dolayısı ilə etirazlarda ona rəhbərlik edənlərdən tutmuş hər kəsə çox ciddi bir xəbərdarlıq olaraq qəbul olunmalıdır. Yəni hər hansı bir güzəşt olmayacaq. Ona görə hakimiyyət də sərt oynayacaq. Bu etirazlar fonunda Ermənistanda hakimiyyətin devriləcəyini görmürəm”.