8 Oktyabr 14:34
1 576
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk dövlətlərinin ortaq əlifbasının qəbulu qərarından sonra inteqrasiya yolunda başqa addımlar planlaşdırılıb. Oktyabrın 9-10-da Qırğızıstanın paytaxtı Bişkəkdə türk dövlətlərinin süni intellekt üzrə ilk sammitinin keçirilməsi bu addımlardan biridir.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, sammitin təşəbbüskarı Qırğızıstan Prezidenti Sadır Japarovdur:

“Sammitdə türk dövlətlərinin bu sahədə aparıcı ekspertləri bir araya gələcək. Tədbirdə süni intellekt sahəsində ən son nailiyyətlərin müzakirəsi, təcrübə mübadiləsi olacaq, bu sahədə ortaq strategiyanın konturları müəyyənləşəcək. Toplantının məqsədləri kimi türk dünyasında süni intellektin inkişaf strategiyalarının hazırlanması, innovasiya və texnoloji tərəqqinin təşviqi, elmi-texniki əməkdaşlığın gücləndirilməsi, startaplara investisiyaların cəlb edilməsi göstərilib.

Türk dövlətlərinin inteqrasiyası yolunda daha bir addım atılıb. Ankarada sentyabr ayında keçirilən toplantıda türk dünyasının vahid xəritəsinin yaradılması barədə qərar qəbul edilib. Toplantıda təşkilata üzv və müşahidəçi ölkələrin kartoqrafiya qurumlarının rəhbərləri və üzv ölkələrin hərbi attaşeləri iştirak ediblər.

Beləliklə, türk dövlətləri bütün sahələrdə əməkdaşlığı genişləndirməyə çalışırlar. Türk dövlətlərinin inteqrasiyası heç bir ölkəyə qarşı yönəlməyib və bu haqda dəfələrlə müxtəlif açıqlamalar verilib. Buna baxmayaraq, Rusiya mətbuatında bu inteqrasiya əleyhinə yazılar yayımlanır. Türk xalqlarının qədim vətəninin Altay olduğu bildirilərək, türk dünyasının gələcəkdə Rusiya ərazisinə iddiasının olacağına eyham vurulur.

Məqalələrdə türk dünyasının inteqrasiyasının arxasında Türkiyə-Böyük Britaniya cütlüyü göstərilib. Guya bu tandem Rusiyanın nə vaxtsa zəifləməsindən istifadə edərək, bölgədə Turan ideyasını reallaşdıracaq. Rusiya mətbuatında türk dünyasının vahid xəritəsiylə bağlı toplantıda üzv ölkələrin hərbi attaşelərin iştirakından yanlış nəticə çıxarılıb. Guya vahid xəritə vasitəsilə bölgənin yolları, infrastukturları, hərbi məntəqələri, körpüləri və hava limanlarının dəqiq koordinatları müəyyənləşdirilərək, hərbi planlaşmaya dəstək mahiyyəti daşıyacaq.

Türkiyə ilə Mərkəzi Asiya ölkələri arasında artan hərbi əməkdaşlıq da, Rusiya üçün “təhlükə” kimi qiymətləndirilib”.

Elxan Şahinoğlu xatırladıb ki, Rusiyanın Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hər biri ilə tərəfdaşlıq münasibətləri var:

“Buna baxmayaraq, Rusiyadakı bəzi dairələr türk dövlətləri arasındakı inteqrasiyanı özləri üçün “təhlükə” kimi qiymətləndirməkdə davam edirlər. Rusiya türk dünyasından çəkinməkdənsə, Ukrayna müharibəsini necə bitirəcəyini, o cümlədən ABŞ və Fransa hərbçilərini Ermənistanda yerləşdirilməsinin qarşısının necə alacağı barədə düşünsün”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər