Ümid Partiyasının sədri, sabiq millət vəkili İqbal Ağazadə Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- ABŞ Konqresinin erməni məsələsi üzərindən Azərbaycana qarşı hücumları nəyə hesablanıb? Vaxtilə hüquqları pozulmuş bir milyon azərbaycanlıya görə səsini çıxarmayan Ağ Evin indiki davranışını necə izah etmək olar?
- Azərbaycana qarşı olan indiki yanaşma Amerika dövlətinin rəsmi siyasəti səviyyəsində deyil. Belə olsaydı, ABŞ Administrasiyası bu siyasəti davam etdirərdi. Sonuncu dəfə Amerika dövlət katibinin Azərbaycan Prezidenti ilə telefon danışığı zamanı bu məsələlər müzakirə predmeti olmayıb. Konqresmenlər isə bu sahədə lobbiçilik fəaliyyəti ilə məşğul olur. Amerikada lobbiçilik qanunla qadağan olunmadığına görə onlar erməni seçicilərin və digər maraqların müdafiəçisi kimi çıxış ediblər. Bu da sıradan bir hadisədir. Amma bu ilin yanvar ayına, yəni Amerikada yeni seçilən prezidentin andiçmə mərasiminə qədər Azərbaycanla bağlı bu cür mövqe müşahidə ediləcək.
- İndiki halda belə bir mövqenin ortaya çıxmasında kənar faktorlar nə dərəcədə təsirli görünür?
- Ümumiyyətlə, Rusiya-Ukrayna müharibəsi ortada olduğu dönəmdə postsovet ölkələrinə qarşı münasibətdə ABŞ yumşaq siyasət həyata keçirəcək. Məqsəd postsovet ölkələrinin yenidən Rusiyanın ətrafında toparlanmasına mane olmaqdır.
- Bu halda milli və daxili məsələləri eyniləşdirərək təşkil edilən “hücumlar” nə dərəcədə məntiqlidir?
- Milli məsələlərlə daxili məsələləri eyniləşdirmək doğru deyil. Azərbaycan BMT-nin qəbul etdiyi sərhədlər içərisində ərazisini bərpa edib. İşğaldan azad edilmiş torpaqlarla bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri var. Faktiki olaraq həmin qətnamələr icra edilib. Azərbaycan dünya qanunlarını və prosesləri pozan hər hansı addım atmayıb. Ona görə də, Azərbaycanı bu şəkildə ittiham etmək doğru deyil.
- Ermənistan tərəfi bir aya qədər Azərbaycanla sülh sazişi imzalamağın mümkünlüyündən danışır. Konstitusiya dəyişikliyinə getmədən yekun sülh sənədinin imzalanması nə dərəcədə real görünür? Bu halda imzalanacaq sənədin Türkiyə ilə 2010-cu ildə əldə edilmiş məlum protokolların aqibətini yaşaması ehtimalı varmı?
- 2010-cu illə 2024-cü il Ermənistan parlamenti arasında böyük fərq var. 2010-cu ildə Ermənistan parlamenti keçmiş prezident, hərbi cani Serj Sərkisyanın nəzarətində idi. Eyni zamanda Robert Köçəryan komandası və Rusiyaya meyilli qüvvələr parlamentdə çoxluq təşkil edirdi. İndiki halda isə Nikol Paşinyanın hakim partiyanın təmsilçisi kimi parlamentdə imkanları daha çoxdur.
- Rus ordusu Ermənistanın Türkiyə və İran sərhədlərini tərk edir. Bölgəyə yeni qüvvələrin gəlməsi ehtimal edilir...
- Əslində burada boşluq yaranmır. Hər bir dövlət öz sərhədlərini qoruyur. Bölgəyə kənar, xüsusən də Qərb ölkələrinin hərbi güclərinin gəlməsi ehtimalı yoxdur. Qərb hərbi qüvvələrinin Cənubi Qafqazda bu tipli eskalasiyasının nəticələrinin ağır olacağını hər kəs bilir. Rusiya bu halda aqressiv davrana bilər. Moskvanın aqressivliyinə əsas verməmək üçün Qərb belə bir addım atmayacaq. İndiki halda buna zərurət də yoxdur.