“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Rusiya sərhədçiləri yanvarın 1-də Ermənistanın Türkiyə və İranla sərhədlərindən çıxacaqlar. İrəvan uzun müddətdir bunda təkid edirdi, bəs Moskva sonda niyə bunu qəbul etməli oldu?
- Rusiya qalmaqda təklid etsəydi, bu, Ermənistanla münasibətlərə mənfi təsir göstərəcəkdi, İrəvan Fransa, ABŞ və NATO-ya daha da yaxınlaşacaqdı. Bu, Rusiyanın maraqlarına uyğun deyil. Ola bilsin, Ermənistanı daha da incik salmamaq üçün bu addımı atırlar. Əslində, Ermənistanın Türkiyə və İranla sərhədində olmaq Rusiya üçün prinsipial məsələ deyil. İran Rusiyanın strateji tərəfdaşıdır, Türkiyə ilə də normal münasibətləri var. İndi bura və “Zvartnots”da qalmaq Rusiya üçün prinsipial deyil.
Rusiya üçün önəmli olan Gümrüdəki hərbi bazasının varlığını davam etdirməsidir. Belə götürsək, heç bu da prinsipial məsələ deyil. Bu baza kimə qarşıdır? Rusiyanın Ermənistanın qonşuları ilə normal münasibətləri var. Amma Rusiya bazanı saxlayacaq. Çünki ABŞ və Fransa Ermənistanda fəallaşıb. Amerika və Fransa hərbçiləri Ermənistana gəlirlər, Avropa Birliyinin monitorinq qrupunda fəaliyyət göstərirlər və sair. Yəni Rusiya sərhəd məsələsində güzəştə getsə də, inanmıram ki, baza məsələsində geri addım atacaq.
- Rusiya hərbçilərinin xüsusən də İranla sərhəddən çıxması Zəngəzurda bir boşluq yarada bilər. Bu boşluğu kimlər dolduracaq, məsələn, artıq Ermənistanda olan ABŞ hərbçiləri və Avropa Birliyinin “mülki missiyası”nın burada yerləşdirilməsi mümkündürmü?
- Onlar bu boşluğu doldursaydılar, Rusiya bu addımı atmazdı. Görünür, bununla bağlı Rusiyaya hansısa təminat verilib. Belə bir təminatı olmasaydı, sərhədləri rahat şəkildə Ermənistana verməzdi. Bəllidir ki, Rusiya sərhədçilərinin əvəzinə orada ABŞ, Fransa və ya NATO hərbçilərinin yerləşməsi Moskvanın maraqlarına ziddir. Bu, Azərbaycanın da maraqlarına uyğun deyil. Əgər dəhliz oradan keçəcəksə, bizim üçün orada Rusiya və ya Fransa hərbçilərinin olmasının heç bir fərqi yoxdur.
Rusiyaya təminat verilə bilər ki, sərhəddə Qərb hərbçiləri olmayacaq. İran da buna etiraz edər. Ermənistan İranla da əlavə gərginlik yaşamaq istəməz. Buna görə də, ola bilsin, qapalı görüşdə təminat alınıb ki, Rusiya sərhədçilərinin yerinə başqa ölkələrin hərbçiləri yerləşdirilməyəcək. Heç bu, Ermənistana da lazım deyil. Ermənistanın özü pis-yaxşı sərhədini qoruya bilər.
- Gözünü Zəngəzurdan çəkməyən İran bu durumda nə edəcək?
- Sadəcə Tehran İrəvana xəbərdarlıq edə bilər ki, İranla sərhəddə ABŞ və ya NATO sərhədçiləri yerləşdirilməsin. Belə bir təminatın alınması üçün Ermənistana təzyiq edə bilərlər. Amma inanmıram ki, Ermənistan hökuməti sərhəddə başqa dövlətlərin sərhədçilərini yerləşdirəcək. Bu, Ermənistanın müstəqilliyinin itirilməsi demək olacaq.
- Baş verənlər Zəngəzur dəhlizinin açılması prosesinə hansı təsiri göstərəcək? Artıq erməni mənbələri iddia edirlər ki, bu, dəhlizin açılması yönündə atılmış konkret addımlardan biridir.
- Qapalı görüşdə belə bir anlaşma ola bilər: Rusiya sərhədçiləri çıxır, Ermənistan Zəngəzur dəhlizini açır və orada 10 noyabr bəyanatına uyğun olaraq, Rusiyanın federal qüvvələri yerləşdirilir. Belə bir şifahi razılaşma barədə mülahizə yürütmək olar, amma bunun nə qədər doğru olduğunu söyləmək çətindir.
Hazırda Zəngəzur dəhlizi mövzusu aktual deyil, əsas olan sülh müqaviləsinin imzalanmasıdır. Ermənistan da tələsir. İstəyirlər ki, noyabrda Bakıda keçiriləcək COP29-a qədər müqavilə imzalansın. Çünki düşünürlər ki, müqavilənin imzalanması üçün ən yaxşı vaxt və şans budur, gələcəkdə vəziyyət gərginləşə bilər. Belə bir gərginlik də nə Azərbaycan, nə də Ermənistanın maraqlarına cavab verir. Ancaq sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiya dəyişikliyinə getməlidir.
Moskvada üçtərəfli görüşün baş tutmaması həm də onunla bağlıdır ki, tərəflərin baxışlarında fərq var. Əslində, üçtərəfli görüşün baş tutmamasını doğru strategiya sayıram. Azərbaycan prezidenti və Ermənistan baş naziri bununla göstərdilər ki, Rusiyanın vasitəçiliyinə ehtiyac yoxdur, məsələləri birbaşa danışıqlarda həll etmək olar.
- ABŞ Prezidenti Co Baydenin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta Bakıdadır. Düzdür, səfərin COP29-la bağlı olduğu bildirilir, amma buna həm də axır vaxtlar ABŞ-la Azərbaycan arasında yaşanan diplomatik gərginliyin yumşaldılması yönündə Vaşinqton tərəfindən atılmış addım kimi də baxmaq olarmı?
- ABŞ Konqresinin anti-Azərbaycan cəhdləri, hansısa sənədi qəbul etdirmək fəaliyyətləri ikitərəfli münasibətlərə mənfi təsir edir. Gərginliyi artıran odur ki, Dövlət Departamenti bu prosesin qarşısını almır. Qarşısını alsaydı, vəziyyət bu qədər gərginləşməzdi. Əlbəttə, belə bir durumda ABŞ-ın yüksək vəzifəli məmurunun Azərbaycana gəlməsi gərginliyin nisbətən yumşalmasına xidmət etməlidir. Amma Amerika tərəfindən bir açıqlama da olmalıdır ki, Konqresin anti-Azərbaycan addımlarının qarşısını alacaqlar.
Gərginlik hökm sürür, artıq ABŞ da Azərbaycana münasibətdə Fransa ilə eyni cərgəyə qoyulub. Ancaq Fransadan fərqli olaraq, son vaxtlara qədər enerji təhlükəsizliyi və digər sahələrdə Amerika ilə dialoqumuz davam edirdi, prezidentlər məktublaşırdı və sair. İndi bütün bunların üstündən xətt çəkilə bilər. Bu, Amerikanın da maraqlarına ziddir. Çünki Cənubi Qafqazın açar dövləti Azərbaycandır. Bizimlə münasibətləri korlayıb bölgədə möhkəmlənmək mümkün deyil. Fransanın etdiyi səhvlər bunu göstərdi.
Belə bir durum Rusiyaya imkan verir ki, bölgədə öz mövqelərini daha yaxşı qoruya bilsin. Bu, ABŞ-ın maraqlarına uyğun olmamalıdır. Yəni indiki gərginlik həm ABŞ, həm də Azərbaycanın maraqlarına ziddir. Bundan çıxış yolları tapılmalıdır. Ola bilsin, Bakı və Vaşinqtonda ikitərəfli görüşlər keçirilsin ki, gərgin vəziyyət ortadan qalxsın.
- Ümumiyyətlə, Amerika Azərbaycandan nə istəyir?
- Amerika dedikdə, Konqres ayrı, Dövlət Departamenti ayrıdır. Düşünmürəm ki, departament Konqreslə birlikdə anti-Azərbaycan siyasəti yürüdür. Konqres bəllidir, Azərbaycan müstəqil olandan bizim əleyhimizədir, orada güclü erməni lobbisi var. Amma məncə, ABŞ Dövlət Departamenti Azərbaycanın əhəmiyyətini anlayır.
Rusiyanın bölgədə təsirinin azalması, sülh müqaviləsinin imzalanması, regional əməkdaşlığın başlaması və sair Azərbaycanın da maraqlarına uyğundur. Əslində, bu yöndəki maraqlarımız üst-üstə düşür. Amma Konqresin anti-Azərbaycan fəaliyyəti münasibətlərə mənfi təsir edir. Bu, Azərbaycanın milli və təhlükəsizlik maraqlarına ziddir. Buna görə də, dialoqu genişləndirmək lazımdır.
Prezident İlham Əliyev bu məsələdə haqlıdır. ABŞ Konqresi 1992-ci ildə Azərbaycana sanksiyaları nəzərdə tutan “907-ci düzəliş”i qəbul etdi. 2001-ci ildə ABŞ-da terror aktı törədildi, Vaşinqtonun da tərəfdaşlığa ehtiyacı oldu ki, İraq və Əfqanıstanda antiterror əməliyyatlarına başlasın. Azərbaycan Əfqanıstan əməliyyatında ABŞ-a dəstək verdi, öz sülhməramlılarını da ora göndərdi. Kabil hava limanını ən son tərk edənlər elə Azərbaycan hərbçiləri oldu. ABŞ hərbi hava qüvvələri bu müddətdə Azərbaycanın hava limanından istifadə edərək, Əfqanıstana yüklər daşımışdılar. Üstəgəl, bu müddətdə ABŞ prezidentləri “907-ci düzəliş”i dondurdular. Elə ki, Əfqanıstan əməliyyatı bitdi, ABŞ oranı tərk elədi, “907-ci düzəliş”in donunu açdılar. İlham Əliyev bu misalı çəkməkdə haqlıdır.
Bunlar ikili standartlardır. O zaman “907-ci düzəlişi”i ləğv etməliydilər, amma dondurdular. Belə çıxır ki, sabah yenə bizə işləri düşsə, düzəlişi yenə donduracaqlar. Bu, yanlış siyasətdir, yəqin ki, ABŞ rəsmilərinin diqqətinə çatdırılıb.
Noyabrda ABŞ-da prezident seçkisi keçiriləcək, hesab edirəm ki, Trampın qələbə qazanması durumu dəyişə bilər. Trampın erməni lobbisi ilə əlaqəsi yoxdur, mənə elə gəlir ki, bundan sonra Cənubi Qafqazın Vaşinqton üçün önəmi artacaq, müəyyən yanlışlardan geridönüş olacaq. Erməni lobbisinə sıx bağlılığı olan Kamala Harris seçilsə, mümkündür ki, indiki məntiqsiz siyasət davam etsin.
- Gündəmin bir mövzusu da Avropa Birliyi missiyasının az qala bütün Ermənistan-Azərbaycan sərhədi boyu, hətta Tovuz istiqamətində müşahidə aparması ilə bağlıdır. Bu müşahidələr nə ilə əlaqəlidir, ümumən bu missiya Azərbaycan üçün nə qədər təhlükəlidir?
- Təxribatları davam etdirirlər. Bölgədə sakitlikdir, sərhəddə atışma və Azərbaycanın Ermənistan ərazisinə hücum planı yoxdur. Belə bir vəziyyətdə bu missiyaya nə ehtiyac var? Ermənistanın bununla bağlı normal izahı yoxdur. Sabah sülh müqaviləsi imzalansa, bu missiyanın nəyə xidmət etdiyi ümumiyyətlə anlaşılmayacaq. Tovuz istiqamətində sərhədlərin bir hissəsi müəyyənləşib, indi orada monitorinq aparmağa nə ehtiyac var? Vaşinqtonun məntiqsiz addımlarının ABŞ-Azərbaycan münasibətlərində problemlər yaratdığı kimi, Brüsselin bu fəaliyyətləri də Avropa Birliyi-Azərbaycan əlaqələrinə kölgə salır. Halbuki dialoq və enerji əməkdaşlığı var.
Belə addımlar münasibətlərə mənfi təsir göstərir. Bəzi Qərb dövlətləri düşünürlər ki, Ermənistana dəstək üzərindən Cənubi Qafqazda möhkəmlənmək olar. Bunun yanlış olduğu sübut edilib. Çünki bölgədə əsas, açar dövlət Azərbaycandır. Yalnız Ermənistan üzərindən bölgədə möhkəmlənmək mümkün olmayacaq.