Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsi cərimlərin artırılması ilə bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər layihəsi hazırlayıb. Layihədə çoxsaylı dəyişikliklər təklif olunur. Məsələn, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği 50 manatdan 300 manata qaldırılır, qatar vaqonlarının pəncərələrindən zibil atanlar üçün cərimələr 16 dəfədən çox artırılır. Vaqon pəncərələrindən və ya qapılarından tullantı, yaxud başqa predmetlər atılmasına görə 500 manat cərimə tətbiq ediləcək. Avtomobildən bayıra hər hansı əşya, tullantı atan insanları isə 200 manatdan 4000 manatadək cərimə gözləyir.
Bu tip çoxsaylı cərimə artırmaları müzakirələrə, narazılıqlara səbəb olub.
Mövzu ilə bağlı Teleqraf.com-a danışan Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü, millət vəkili Bəhruz Məhərrəmov məsələyə fərqli yanaşmanın olduğunu söyləyib.
“Milli Məclisin plenar iclasında ilk oxunuşda qəbul olunan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi ilk növbədə insan sağlamlığına və ətraf mühitə zərərli təsirlərin qarşısının alınması, onların təhlükəli təsirlərinin azaldılması, təbiətdə ekoloji tarazlığın təmin olunması məqsədi ilə tullantıların idarə olunması istiqamətində mövcud normativ hüquq aktların pozulmasına görə inzibati məsuliyyətin sərtləşməsini nəzərdə tutur. Azərbaycan Repsublikasının Konstitusiyası və bütövlükdə qanunverilicik sisteminin ruhu insan yönümlüdür.
Azərbaycan dövləti heç bir halda vətəndaşının məhrumiyyətlərlə üzləşməsini arzulamır. Lakin ictimai münasibətlərin sağlam və effektiv formada tənzimlənməsi üçün, təbii ki, sanksiyaların mövcudluğu bütün dünyada qəbul olunan təcrübədir. Cari qanunvericilikdə sanksiyaların sərtləşməsi, yaxud daha yeni sanksiyaların tətbiqi ilk növbədə mövcud reallığın yaratdığı zərurətdir”, - deyə o bildirib.
Komitə üzvü hesab edir ki, Azərbaycan dövlətinin hədəfi vətəndaşlara münasibətdə hər hansı formada məhrumiyyətlərin tətbiqi yox, elə məhz vətəndaşların mənafelərinin sağlamlığı naminə artıq əvvəlki dövrün normalarının effektiv şəkildə tənzimləyə bilmədiyi situasiyanı nizamlamaqdır:
“Nəzərə alaq ki, cərimələr hər kəsin ödəməli olduğu vergi və yaxud hər hansı kütləvi ödəniş deyil, qanunvericiliklə indiki halda İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməli törətmiş şəxslər müvafiq olaraq tənbehə məruz qalır. Ayrı-ayrı dairələr və bəzi media orqanlarının dövlətin vətəndaşları kütləvi olaraq cərimələyəcəyi kimi ictimai ab-hava yaratmağı qəbuledilməzdir.
Vətəndaş cərimələrin artırılmasından narahat olmamalıdır. Unutmaq olmaz ki, yalnız inzibati xətanı, indiki halda insan sağlamlığı, ekoloji mühiti təhlükəyə atan, bu istiqamətdə təhdid yaradan, bu istiqamətdə inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli törətmiş şəxs məsuliyyətə cəlb olunur”.
Bəhruz Məhərrəmova görə, dəyişikliklərin məqsədi qanunvericiliklə müəyyən olunmuş qaydada insanların və vətəndaşların hüquq və azadlıqlarını onların sağlamlıqlarını qorumaq, həmçinin qanunçuluğu möhkəmləndirmək üçündür: “Sözsüz ki, bu, qanuna, özünə və ətrafına hörmətlə yanaşan heç kəsi narahat etməməlidir. Əksinə bu istiqamətdə mövcud dəyişikliklər vətəndaşları daha intizamlı olmağa, ətraf mühiti çirkləndirməməyə, digər vətəndaşların sağlamlıqlarını təhdid etməməyə təşviq etmiş olacaq”.
Hüquqşünas Əkrəm Həsənov hesab edir ki, cəza ən effektiv təsir vasitələrindən biridir:
“Bu, olmadan insanlar qayda-qanuna riayət etmir. Yol hərəkəti qaydaları, küçəyə zibilin atılması, kütləvi yerlərdə siqarət çəkmək kimi hallar daha çox insanların daxili mədəniyyətinə bağlıdır. Özümüzü mədəni xalq adlandırsaq da son 10 ildə elm, təhsil, mədəniyyət və digər faktorlar üzrə eniş yaşanır. Adi televiziya efirlərindən belə qeyri-əxlaqı proqramlar yayımlanmır. Bunlar bir-birinə bağlı anlayışlardır”.
Əkrəm Həsənovun fikrincə, küçəyə zibil atmağa görə ağır cərimələr tətbiq olunmasa, insanlar buna davam edəcək: “Kimsə deyirsə cərimələr maaşa adekvat deyil, ona cavab verilə bilər ki, qaydaları pozma, cərimələnmə. Küçəyə zibil və ya siqarət kötüyü atmaq birbaşa insan amili və düşüncəsi ilə bağlıdır. Vətəndaşları bu kimə xoşagəlməz əməllərinə görə ağır cərimələrlə tərbiyələndirmək istəyi yaxşı haldır”.
İqtisadçı ekspert Rəşad Həsənova görə, cərimələrin artırılması ilə bağlı məsələyə bir aspektdən baxmaq doğru deyil:
“Dünya təcrübəsində cərimələr və müəyyən qadağalar nəticənin əldə edilməsi üçün tətbiq edilir. İnkişaf etmiş ölkələrin təcrübəsində də sərt cərimələr mövcuddur. Amma cərimələrin həddi müəyyənləşdirilərkən qeyri-iradi məqamlar nəzərə alınmalıdır. Bu halda məbləğ daha optimal olmalıdır. Çünki cərimə insanların sosial rifahının pisləşməsinə səbəb ola bilməz”.
Rəşad Həsənov bildirib ki, Azərbaycanda cərimələrin qaldırılmasından söhbət gedərkən əhalinin gəlirlərinin artırılması istiqamətində də addımlar atılsın:
“İqtisadiyyatın inkişaf etdirilməsi, şaxələnməsi, iş yerlərinin yaradılması, əmək şəraitinin daha yaxşılaşdırılması üçün tədbirlər görülməlidir. Tendensiya o zaman qıcıq yaradır, əks mövqelər ortaya çıxır ki, yanaşmalar bərabər olmur. Hansısa məmur və ya onun övladı, qohumu bu qaydaları pozacaq və cəzasiz qalacaqsa, bu, cəmiyyətdə daha böyük narazılıq yaradacaq. Qanunlar hər kəs üçün keçərli olanda bu tip məsələlər geniş müzakirə edilmir. Heç kəsin bir başqasının həyat səviyyəsini pozmağa ixtiyarı yoxdur. Nə üçün siqaret kötüyünü yerə atmalısan ki, burada da cərimənin məbləği müzakirə edilsin? XXI əsrin insanı öz davranışlarına nəzarət etməlidir”.