Oktyabrın sonunda İrana məxsus Parçin hərbi kompleksinə İsrailin endirdiyi hava zərbələri Tehranın nüvə bombası yaratmaq səylərinə əhəmiyyətli dərəcədə mane olub.
Teleqraf.com xəbər verir ki, bu barədə “Yerusəlim Post” ABŞ və İsrail rəsmilərinə istinadla yazır.
Nəşr bildirir ki, hücum zamanı məhv edilən mürəkkəb avadanlıq partlayıcı nüvə maddələrinin hazırlanması və sınaqdan keçirilməsi üçün vacib olub. Qurğu 2003-cü ildə hərbi nüvə proqramını dondurmazdan əvvəl İran tərəfindən istifadə edilib.
Rəsmilərin sözlərinə görə, ötən bir il ərzində İran nüvə silahı ilə bağlı araşdırmaları bərpa etsə də, nüvə bombası yaratmaq istiqamətində konkret addımlar atmayıb. İsrail rəsmiləri qeyd edirlər ki, İran nüvə silahı yaratmaq qərarına gələrsə, məhv edilmiş avadanlığı dəyişdirməli olacaq.
“İsrail və ya ABŞ kəşfiyyatı İranın bu cür avadanlıq hazırlamaq və ya əldə etmək cəhdini aşkar edəcək. Bu avadanlıq vacibdir. İranlılar bunsuz ilişib qalacaqlar”, - İsrail rəsmisi bildirib.
Parçin hərbi kompleksinin tərkibindəki “Taleqan 2” obyekti 2003-cü ildən əvvəl nüvə qurğusu üçün zəruri olan partlayıcı maddələrin sınaqdan keçirilməsi üçün istifadə edilib. İran hərbi nüvə proqramını dayandırdıqdan sonra onun fəaliyyəti də dayandırılmışdı. Bundan əlavə, İsrail rəsmiləri söyləyirlər ki, məhv edilmiş avadanlıq ən azı 2003-cü ildən ərazidə saxlanılır.
ABŞ rəsmilərinin fikrincə, İran son bir ildə nüvə silahı hazırlamaq üçün əsas ola biləcək elmi fəaliyyətləri bərpa edib və bunlar Tehran tərəfindən “mülki iş” kimi təqdim olunur: “Nüvə silahı istehsalı üçün zəmin yarada biləcək elmi işlər aparırlar. Bu, çox məxfidir, hətta İran hökumətinin yalnız kiçik bir hissəsinə məlumdur”.
İsrail rəsmisi də vurğulayır ki, “Taleqan 2”-də məhv edilmiş avadanlıq bu tədqiqat fəaliyyətləri üçün istifadə edilmir, amma İran nüvə bombası yaratmağa qərar verərsə, gələcək mərhələlərdə kritik əhəmiyyət kəsb edə bilər: “Bu, iranlıların nüvə bombasına doğru hərəkət etmək istəsələr, ehtiyac duyacaqları avadanlıqdır. İndi bu, onlarda yoxdur və alternativ tapmaq asan olmayacaq. Buna mane olmağa çalışacağıq”.