Tiflisdə baş verənləri müxtəlif cür şərh etmək mümkündür. Bütün şərhlərdən asılı olmayaraq, bir fakt göz qabağındadır: cəmiyyət siyasi partiyalarla bağlı mövqeyində qəti olmasa da, Avropa İttifaqı üzvü olmaqda qətidir. Hakimiyyət də etirazçılara qarşı sona qədər mübarizə aparmaqda israrlıdır.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.
Onun sözlərinə görə, Gürcüstandakı siyasi parçalanma iki düşərgənin ölkənin xarici siyasətinə fərqli baxışları ilə bağlıdır:
“Parlament seçkilərindən sonra etirazlar olsa da, müxalifətin tərəfdarları onun istədiyi sayda deyildi. Amma Baş nazir Kobaxidzenin bu günlərdə verdiyi “Gürcüstan 2028-ci ilə qədər Avropa İttifaqına üzvlük məsələsini dondurur” bəyanatı əvvəlki mitinqlərdən fərqli olaraq, daha çox insanı meydanlara yönəltdi. Maraqlısı budur ki, Kobaxidze Ukraynanın eks - prezidenti Viktor Yanukoviçin 2013-cü ilin noyabrında səsləndirdiyi “Avropa İttifaqı ilə assosiativ sazişə hazırlığın dayandırılması” ilə bağlı bəyanatını demək olar ki, sözbəsöz təkrarladı, insanlar bundan sonra küçələrə axışdılar.
Nəticə göz qabağındadır, Gürcüstanın iri şəhərlərində minlərlə insan küçələrdə polislərlə üz-üzə qalıb. Parlament seçkilərindən sonra bu kütlənin yarısı belə küçələrdə yox idi. Deməli, mitinqlərin arxasında kimin olmasından asılı olmayaraq, bir həqiqəti demək lazımdır: bu gün dünyada ən cəlbedici sayılan Avropa İttifaqı tərzində həyat gürcülərin arzusudur. Amma məlumdur ki, Avropa və ya Qərbin cəlbedici dəyərləri Avrasiyanın ortasında yerləşən qeyri-avropalılar üçün bəzən cənnət yox, cəhənnəm gətirir.
İndi hamının sualı budur, küçədəki insanlar kortəbii, ya planlaşdırılmış ssenari üzrə iğtişaşlarda iştirak edir?”.
Zaur Məmmədov hesab edir ki, etirazların rəngli inqilabın ilkin şərtlərinə bənzəməsi ssenarisini nəzərdən qaçırmaq olmaz:
“Qərb QHT-ləri və siyasi təşkilatları tərəfindən dəstəklənən müxalif qüvvələr əhalinin narazılığından fəal şəkildə istifadə edirlər. Müxalifət Ukraynada olduğu kimi siyasi hakimiyyəti “satqınlıq və Rusiyanın maraqlarına xidmət”də günahlandırır. Bəli, hadisələr 10 il öncə Ukraynada baş verənləri xatırladır. Kobaxidze öz bəyanatında vurğulayıb ki, Ukraynadakı “Maydan” ssenarisi Gürcüstanda təkrarlana bilməz.
Gürcüstan hakimiyyəti yaxın 2-3 gündə etirazları yatıra bilsə, vəziyyət sabitləşəcək. Amma görünən budur ki, ocağın altı yanır və onun alovlanması bu gün olmasa da, bir neçə il sonra baş tuta bilər. Deməli, “ocağın” özü ilə haqq-hesabı aparmaq lazımdır.
Bu hadisələr bir daha onu göstərir ki, Prezident İlham Əliyevin hələ 2003-cü ildən başlatdığı ideoloji daxili-xarici siyasət bizi hansı bəlalardan qurtarıb”.