20:35
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Gürcüstan vətəndaşları 1991-ci ilin aprelində böyük səs çoxluğu ilə Zviad Qamsaxurdiyanı prezident seçdi. Ancaq cəmi 10 ay sonra Qamsaxurdiyanı devirdilər və onu devirən qüvvələr keçmiş tərəfdarları idi. Paytaxt Tbilisidə silahlı toqquşmla oldu və Qamsaxurdiya ölkədən qaçdı. Eyni hadisələr təkrarlanır".

Teleqraf.com xəbər verir ki, bunu siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, Gürcüstanın hazırkı Prezidenti Salome Zurabişvili hakim “Gürcü arzusu” Partiyasının dəstəklədiyi namizəd idi: "Salome Zurabişvili “Gürcü arzusu” Partiyasının namizədi olaraq əsas rəqibi keçmiş xarici işlər naziri və keçmiş Prezident Mixail Saakaşvilinin dəstəklədiyi namizəd Qriqol Vaşadze üzərində qələbə qazandı. Ancaq bu qələbədən zaman keçdikcə Salome Zurabişvili ilə onu dəstəkləyən hakim partiya arasında fikir ayrılığı yarandı. Hazırda fikir ayrılığı o qədər dərinləşib ki, hakim partiya və hökumət insanları sabitliyə və evlərinə dağılışmağa dəvət edir, Prezident isə əksinə hökumətə qarşı mitinq və küçə yürüşlərini davam etdirməyə səslənir. Gürcüstanda 14 dekabrda Prezident seçkisi keçiriləcək. Hakim partiyanın namizədi var. Buna baxmayaraq, Salome Zurabişvili 14 dekabrdan sonra vəzifəsini tərk etməyəcəyini açıqlayıb. Bu Gürcüstanda gərginliyi daha da artıracaq. Qərb ölkələri nə Gürcüstan hökumətinin və parlamentin legitimliyini tanıyır, nə də yeni dövlət başçısını tanıyacaq. Bu vəziyyətdə Gürcüstan hökuməti Qərbə alternativ olaraq Rusiya ilə yaxınlaşmağa çalışa bilər. Mümkündür ki, Gürcüstan indiyənə qədər iştirak etmədiyi 3+3 (Türkiyə, İran, Rusiya + Azərbaycan, Gürcüstan, Ermənistan) formatına da qatılsın".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər