Türkiyə Azərbaycana yeni səfir təyin edib.
Teleqraf.com “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin xarici işlər naziri Hakan Fidan açıqlayıb.
Belə ki, bu vəzifəyə Türkiyə Maarif Vəqfinin sədri Birol Akgünün təyin edilməsinə qərar verilib.
O bu vəzifədə Cahit Bağçını əvəz edəcək. Bağçı 2021-ci ilin mayından Türkiyənin Bakıdakı səfiri postunu tutub.
Bununla yanaşı, Türkiyənin Almaniya, Hindistan, İtaliya, Sinqapur və bir neçə digər ölkələrə də yeni səfirləri təyin edilib.
Birol Akgün 1968-ci ildə Somada (Manisa) anadan olub. İbtidai, orta və lisey təhsilini yaşadığı şəhərdə başa vurduqdan sonra Ankara Universitetinin Siyasi Elmlər Fakültəsini bitirib (1993). 1994-cü ildə Təhsil Nazirliyinin tapşırığı ilə rəsmi təqaüdlə magistr təhsili almaq üçün ABŞ-a gedib. Orada Keys Vestern Rezerv Universitetində (Klivlend, Ohayo) siyasi elmlər üzrə magistr (1996) və doktorantura (2000) dərəcəsini alıb. Qayıdandan sonra Akgün Səlcuq Universitetinin İqtisadiyyat və İdarəetmə Fakültəsinin Beynəlxalq Əlaqələr Departamentində işləyib. Burada professor elmi adına yiyələnib.
Professor Akgün Azərbaycana səfir təyin edilməzdən əvvəl Yıldırım Beyazıt Universitetinin Siyasi Elmlər Fakültəsinin Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri və Maarif Vəqfi İdarə Heyətinin sədri vəzifəsində olub.
Akgünün müxtəlif elmi məqalələrdə çoxsaylı məqalələri dərc edilib. 2003-cü ildə “11 Sentyabr: Dəyişən dünya balansı və Türkiyə” mövzusundakı araşdırması ilə mükafat qazanıb.