Vaxtaşırı sosial şəbəkələr, bu zalda və buradan kənarda müxalifətdəki həmkarlarımız mənim məşhur “Qarabağ Ermənistandır” sözümü təkrar-təkrar dillərinə gətirirlər. Mən bu gün buna toxunmalıyam.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışında söyləyib.
“2018 və ya 2017-ci ilə qədər Qarabağ nə idi? Müstəqil dövlətmi? Müstəqil dövlətin öz atributları olur? O zaman yaxınlarımız, yaxın olmayanlar söyləyirdilər ki, belə olsaydı, tanıyardınız. İndi bizə qarşı “xəyanət”dən danışılır, ona qədər mən deputat idim, bu zalda Qarabağın tanınması ilə bağlı bir neçə dəfə müxalifət tərəfindən təşəbbüslər olub. Onda da söyləmişdik ki, yox, Qarabağ müstəqil dövlət deyil”, - deyə baş nazir bildirib.
Paşinyanın sözlərinə görə, dünyada heç kim “Qarabağ Azərbaycandır” sözünə etiraz eləmir, “Qarabağ Ermənistandır” deyiləndə isə əks təpkilər gəlir:
“Yaxşı, indi Qarabağ Azərbaycan və ya Ermənistan deyil, bəs nədir?
Məsələyə bu məntiqlə baxmaq vacibdir: doqquz ay hamilə qalmaq olar, doqquz aydan sonra nəsə baş verməlidir: ya uşaq təbii yolla doğulmalı, ya da başqa yolla dünyaya gətirilməli, ya diri doğulmalı, ya da ölü, oğlan və ya qız olmalıdır. Bu hamiləliyi daha doqquz aydan çox uzatmalı olduğumuz yanaşma absurddur.
Əgər biz öz siyasətimizi şərti hamiləliyimizi daha doqquz ay uzatmaq məntiqi ilə dəyərləndirsək, o zaman apardığımız siyasət doğru da, səhv də olsa, yanlış hesab oluna bilər, yeganə mümkün variant bu idi və bu, yeganə mümkün variantdır, bu da bizə dövlətə sahib olmaq şansı verir”.